İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Konfrans keçirdi
25-11-2023 20:56 / Bu xəbər 1302 dəfə oxundu
Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi və İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi tərəfindən "Məişət zorakılığı hallarında mühafizə orderinin tətbiqi və praktiki icrası" konfransı keçirilib.
Hər il 25 noyabr – 10 dekabr tarixlərində "Gender əsaslı zorakılığa qarşı 16 günlük” qlobal kampaniya dünyada Qadınlara qarşı Zorakılıqla Beynəlxaq Mübarizə Günü kimi qeyd edilir.
Məişət zorakılığına qarşı mübarizə çərçivəsində Azərbaycanda Vətəndaş Cəmiyyəti institutları və dövlət qurumları müxtəlif marifləndirici tədbirlər, dəyirmi masa və konfranslar təşkil edirlər.
Bu Konfransın keçirilməsində məqsəd dünyada qeyd edilən "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına dəstək vermək və həsr olunduğu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.
Konfransda nümayəndə qismində bir sıra dövlət qurumları – Azərbaycan Respublikasının Ali Məhkəməsi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Ağır Cinayətlər Məhkəməsi, Gənclər və İdman Nazirliyi, Dövlət Miqrasiya Xidməti, həmçinin Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Probilemləri üzrə Dövlət Komitəsi, Hüquq və İnsan Haqları İnstitutu və Vəkillər Kollegiyası iştirak ediblər.
Konfransda nümayəndə qismində Səfirliklər və beynəlxaq təşkilatlar da - Böyük Britaniyanın Azərbaycandakı səfirliyi (dəstəkçi), Belçika Krallığının Azərbaycan, Gürcüstan və Türkmənistan respublikalarındakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Niderland Krallığının səfirliyi, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyi, Avropa Şurasının Bakı Ofisi - təmsil olunublar.
Konfransda ölkədə fəaliyyət göstərən QHT-lər, jurnalistlər, elm xadimləri, vəkillər və gender məsələləri üzrə mütəxəssislərdən ibarət olmaqla, ümumilikdə 140 nəfər iştirak edib.
Konfransda məruzəçilər:
Elza Mollayeva – Bakı Dövlət Universiteti, elmlər doktoru, professor, gender bərabərliyi məsələləri üzrə mütəxəssis;
Rövşanə Rəhimli - AR Vəkillər Kollegiyasının üzvü, məişət zorakılığı üzrə ixtisaslaşmış hüquqşunas.
Məruzədən sonra müzakirələr, diskussiyalar aparılıb, problemlər, həlli yolları və təkliflər səsləndirilib.
Konfrans öz işini saat 10:00-14:00- qədər davam etdirib.
Sonda Fikrət Cəfərov İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi adından Konfrans iştirakçılarına minnətdarlığını bildirib.