İşgəncələr Əleyhinə Komitə Azərbaycandakı həbslərdən narahatdır
15-07-2024 17:55 / Bu xəbər 605 dəfə oxundu
Qurum yekun rəyində həbs olunanlara qarşı işgəncə faktlarından yazıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələr Əleyhinə Komitəsi Azərbaycanın növbəti beşinci dövrü hesabatı ilə bağlı yekun rəyini təqdim edib.
Komitə rəydə Gədəbəydəki Söyüdlü hadisələri, "AbzasMedia” və "Toplum TV” əməkdaşlarının qanunsuz həbsindən narahat olduğunu bildirib.
Əlavə edib ki, Konvensiyada nəzərdə tutulduğu kimi işgəncəyə məruz qalmamaq hüququ önəmlidir. Bu hüquq heç bir halda pozula bilməz, işgəncə ilə bağlı cinayətlər yolverilməzdir.
Rəy işgəncə ilə bağlı müvafiq qanunvericiliyin, Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı mövcud hesabatların hərtərəfli təhlili, işgəncə hadisələri ilə bağlı mediada gedən yazıların davamlı monitorinqi və hüquq ekspertləri, insan hüquqları müdafiəçiləri ilə geniş məsləhətləşmələr əsasında hazırlanıb.
Sənəddə qeyd edilir ki, Azərbaycanda insanlara həbs zamanı həbs olunmalarının səbəbləri barədə məlumat verilmir. Onlara vəkil tutmaq hüququnun olması izah edilmir.
Komitə vəkilin müştəriyə çatımlılığı üçün zəruri olan sənədləri qəbul etməkdən imtinasını, saxlanılan şəxsin vəkillə təcridxana əməkdaşının nəzarəti altında görüşməsini, müstəqil həkimə, pulsuz tibbi yardıma şərait yaradılmamasını və s. pozuntu hesab edib.
Alternativ hesabat "İnsan Hüquqlarının Hüquqi Müdafiəsi” İctimai Birliyi tərəfindən hazırlanıb.
İctimai Birliyin sədri Fariz Namazlı bildirir ki, həbs yerlərində saxlanılan şəxslərə qarşı pis rəftar edilir. Bununla bağlı da alternativ hesabat təqdim ediblər: "Komitə yekun rəyində həmin alternativ hesabata da istinad edərək Azərbaycanda qapalı yerlərdə işgəncə, pis rəftarın tətbiq edilməsi ilə bağlı narahatlığını bölüşüb”.
Komitə narahatdır ki, Məcəllə ilə müəyyən edilmiş əməllərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı öhdəliklər daxili qanunvericiliyə tam şəkildə aid edilmir.
Komitə tövsiyə edir ki, Konvensiyanın bütün müvafiq müddəalarına riayət olunmasını təmin etmək üçün Azərbaycan öz qanunvericiliyinə düzəlişlər etsin: "Konvensiyada müəyyən edildiyi kimi, işgəncənin qadağan edilməsi milli qanunvericilikdə mütləq olmalıdır. Heç bir müstəsna hal, o cümlədən fövqəladə vəziyyət və ya müharibə təhlükəsi işgəncənin tətbiqinə haqq qazandırmaq üçün istifadə edilə bilməz”.