İsrail səfiri: “İran təkcə İsrailin və ya Azərbaycanın problemi deyil”
18-01-2023 12:29 / Bu xəbər 3517 dəfə oxundu
Azərbaycanda əczaçılıq şirkəti yaradılacaq, həftədə 8 dəfə İsrailə birbaşa uçuş təşkil olunacaq…
"İsrail əhalisinin 20%-i yəhudi deyil, mənim kimi ərəblər, xristianlar, müsəlmanlar, druzlar (Islam dininə aid təriqət. Livan və Suriyada, az bir hissəsi isə İsraildə yaşayır- red.) və digər dinlərin nümayəndələridir. Biz bu müxtəlifliklə və müxtəlif dini və etnik azlıqların İsrail cəmiyyətinə inteqrasiyası imkanları ilə qürur duyuruq”.
Bu sözləri "Turan” İnformasiya Agentliyinə müsahibəsində İsrailin Azərbaycandakı ərəb əsilli səfiri Corc Dik deyib.
"Müxtəlifliyin və demokratiyanın dəlili”
"Məsələn, bizdə ərəb hakim, Ali Məhkəmənin üzvü var. Ərəblər yüksək texnologiyalar və innovasiyalar sektorunun rəhbərliyində təmsil olunublar. Onlardan biri "Apple” şirkətinin baş vitse-prezidenti Coni Srucidir (Johny Srouji).
Dünya şöhrətinə malik bir sıra İsrail həkimləri də ərəbdir. İsrail əczaçılarının 40%-dən çoxu da ərəbdir. Veytsman İnstitutunun bəzi aparıcı mütəxəssisləri də ərəblərdir. Buna görə biz hökumətdə, hüquq sahəsində və diplomatlar arasında təmsil olunduğumuz üçün qürur duyuruq. Yeri gəlmişkən, mən İsrailin ilk ərəb səfiri deyiləm. Hazırda Finlandiyadakı səfirimiz müsəlman ərəbdir, Türkmənistandakı gələcək səfirimiz bədəvi ərəbdir”, – səfir vurğulayıb.
Onun sözlərinə görə, bütün bunlar İsraildə müxtəlifliyin və demokratiyanın dəlilidir: "Bu mənada Azərbaycanın etnos müxtəlifliyi, tolerantlıq və müxtəlif dinlərin bir arada mövcudluğu ənənələrini bölüşürük. Münaqişə zonasında yaşadığımıza baxmayaraq, bütün bu müxtəlifliyi qoruyub saxlaya bilirik. Xristian ərəb olaraq İsrailin səfiriyəm. Bakıda Sinaqoqa daxil olduqda Azərbaycan dilində danışan yəhudilərlə söhbət edirəm. Bu müxtəliflik ölkələrimizi birləşdirir”.
Repatriasiya qaydaları dəyişə bilər
Agentliyin "İsrailin yeni hökumətinin repatriasiya qaydalarını sərtləşdirdiyi və indi İsrailin yalnız nənəsi və ya babası yəhudi olanları qəbul etmədiyi haqqında məlumat nə dərəcədə doğrudur?” sualına Corc Dik belə cavab verib:
"Yeni hökumət bu qaydaları dəyişdirməyib, amma bu məsələ ilə bağlı debatlar gedir. Koalisiya hökumətinin bəzi üzvləri bu ideya ilə razıdır, bəziləri isə razı deyil. Əvvəlki hökumətin şəxsində müxalifət razı deyil. Hazırki qaydalara görə, yəhudilik ana xətti ilə keçir. Hazırda şəxsin babası və ya nənəsi yəhudi olubsa, o, İsrailə repatriasiya olunmaq hüququna malikdir. Bu qaydaları dəyişdirmək təkliflərinin müzakirəsi davam edir. Son sözü Knesset (Parlament-red.) deyəcək, o, bu təklifləri ya təsdiq edəcək, ya da etməyəcək”.
Ötən il İsrailin yəhudilərin repatriasiyası məntəqələrini Rusiyadan Azərbaycana köçürdüyü elan olunub. Bu sistemin artıq işə salınmasına, fəaliyyətinə gəlincə, səfir deyib ki, əslində söhbət yeni sistemdən və ya repatriasiya məntəqələrinin köçürülməsindən getmir: "İdeya ondan ibarətdir ki, Rusiyadakı yəhudilərə tranzit üçün Azərbaycandan istifadə etmək imkanı veriləcək. Bu, artıq kifayət qədər yaxşı işləyir: insanlar təyyarə ilə Bakıya gəlirlər, buradan isə İsrailə uçurlar. Burada insanların qaldığı hər hansı düşərgə və baza yoxdur. Bu, insanların daha rahat köçməsini təmin etmək üçün edilib”.
"İran təkcə nüvə təhlükəsi təşkil etmir…”
Müxbir xatırladıb ki, Benyamin Netanyahunun rəhbərlik etdiyi yeni İsrail hökuməti İran rejiminə qarşı mübarizəni xarici siyasətin prioritetlərindən biri elan edib. Tehran isə Azərbaycan və İsrail arasında əməkdaşlığa həddindən artıq ağrılı reaksiya verir.
"İsrail Azərbaycandakı maraqlarını müdafiə etməyə və Tehranın Azərbaycan-İsrail münasibətlərinə zərər vermək cəhdlərinə qarşı mübarizə aparmağa hazırdır?” sualına Corc Dik düzəliş edib: "Netanyahu bunun prioritetlərdən biri olacağını deməyib. O deyib ki, İran İsrailin təkcə xarici siyasətinin deyil, bütünlükdə milli təhlükəsizlik siyasətinin ən böyük və ən vacib prioriteti olacaq.
İran İsrail üçün ən böyük təhlükə olaraq qalır. Bu təhlükənin ölçüsünü İranın nüvə silahı yaratması mümkünlüyü müəyyən edir. Bu, təkcə İsrail üçün deyil, İranla qonşu ölkələr üçün və bütünlükdə region üçün, həmçinin ABŞ, Avropa və Rusiyanın maraqları üçün də təhdiddir. Şimali Koreyanın nüvə proqramı da dünya üçün belə bir təhlükə təşkil edir”.
"Biz buna yol verə bilmərik və İsrail İranın nüvə silahına malik olmasına imkan verməmək üçün təklikdə və ya digər ölkələrin dəstəyi ilə əlindən gələni edəcək”, – səfir qeyd edib.
O hesab edib ki, İran təkcə İsrailin və ya Azərbaycanın problemi deyil, bu, qlobal problemdir və bütün dünya nəinki nüvə bombasının yaradılmasına, həm də İranın Livan, Suriya, İraq, Yəmən, Cənubi Qafqaz və digər yerlər də daxil olmaqla, qonşu ölkələrə hərbi müdaxiləsinə yol verməməyə çalışmalıdır:
"İran təkcə nüvə təhlükəsi təşkil etmir, həm də hazırda Rusiyaya tədarük etdiyi kamikadze dronlar kimi silahların tədarükçüsü olaraq da təhlükə təşkil edir. Bundan başqa, İran Livanda "Hizbullah”, Qəzzə bölgəsində "İslam Cihadı” təşkilatının terrorçu döyüşçülərinə, Suriyadakı döyüşçülərə, "Hüseyniyyə” döyüşçü qrupuna təlimlər keçir.
Tehranın məqsədi ətrafda qeyri-sabitlik zonası yaratmaqdır və o, islam ölkələrinin İsraillə əməkdaşlığına var gücü ilə mane olur. İran Azərbaycanın da İsraillə əməkdaşlığına kəskin şəkildə qarşı çıxır, amma heç kim bizim münasibətlərimizə mane ola bilməz”.
Səfir təhlükəsizliklə bağlı sualları şərh etmək istəməyib. Agentlik əməkdaşının "Tehran Bakını İsrailin Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat əməliyyatları həyata keçirməsində ittiham edir. Bunu şərh edə bilərsiniz?” sualına "Onlardan soruşun. Yalnız onu əlavə edə bilərəm ki, biz doğru və ya yalan olmasından asılı olmayaraq, təhlükəsizliklə bağlı məsələləri şərh etmirik” cavabını verib.
İsraillə yeni əməkdaşlıq
Corc Dik İsraildə Azərbaycan səfirliyinin açılması ilə bağlı sualı cavablandırarkən deyib ki, bu, Bakının İsrail hökuməti və işgüzar dairələri ilə birbaşa dialoq aparmasına imkan verəcək:
"Bu yaxınlarda xarici işlər nazirinin müavini Fariz Rzayev İsrailə səfər edib və ümid edirik ki, gələn aylarda səfirlik açılacaq. Amma diplomatik missiyanın açılması prosesin sonu deyil, əksinə, münasibətlərin dərinləşdirilməsi üçün bir imkandır.
Bu günə qədər bizim münasibətlərimiz üç sütuna əsaslanırdı: 1) təhlükəsizlik sahəsində strateji əməkdaşlıq, 2) energetika, çünki İsrail Azərbaycan neftinin ən böyük alıcılarından biridir, 3) yəhudilər və azərbaycanlılar arasında hazırda da davam edən tarixi dostluq.
Səfirlik əməkdaşlığı elm, təhsil, turizm sahələrinə də daşımağa imkan verəcək.
İsrailin yeni XİN başçısı Eli Koen Azərbaycanla İkitərəfli Hökumətlərarası Əməkdaşlıq Komissiyasının həmsədri təyin edilib və nazir Mikayıl Cabbarovla birlikdə əlaqələrimizin möhkəmləndirilməsi strategiyası üzərində işləyəcək”.
Səfir deyib ki, 2022-ci ildə 50 nəfər azərbaycanlı mütəxəssisi Arava İnstititunda – kənd təsərrüfatının müasir nəzəri və təcrübi metodları məsələlərində İsrailin qabaqcıl institutunda bir illik treninqə dəvət ediblər. Bu il də eyni sayda mütəxəssisi treninqə göndərməyi planlaşdırırlar:
"2022-ci ildə İsraildən 50 mindən çox turist Azərbaycana səfər edib, bu, rekorddur. Səfirliyin açılması Azərbaycandan da İsrailə turistlərin sayının artmasına və əlavə birbaşa aviareyslərin açılmasına şərait yaradacaq. Məndə olan məlumata görə, AZAL bu il İsrailə həftədə səkkiz birbaşa reys açmağı planlaşdırır. İsrail şirkətləri də Bakıya birbaşa reyslər açmağı planlaşdırır”.
"Daha bir sahə elmi mübadilədir. Azərbaycan vətəndaşları bu il ilk dəfə olaraq İsraildə doktorantura (PHD) və magistraturada təhsil almaq imkanı əldə edəcəklər. Təhsil haqqı Azərbaycan Təhsil Nazirliyi tərəfindən ödənilir.
Bizim bəzi universitetlərimiz azərbaycanlı tələbələri qəbul etməyə hazır olduqlarını bildiriblər. Sizə deyə bilərəm ki, İsrailin Texnologiya İnstitutu – dünyanın qabaqcıl texnologiya və tətbiqi araşdırmalar mərkəzlərindən biri bu il Bakıda filialını açmağa hazırlaşır”, – səfir deyib.
Onun sözlərinə görə, İsrailin böyük şirkətlərindən biri yaxın gələcəkdə Azərbaycanda yaponiyalı investorlarla birlikdə suyun duzsuzlaşdırılması müəssisəsinin tikintisi haqqında müqavilə imzalamağı planlaşdırır.
Həmçinin kənd təsərrüfatı, yüksək texnologiyalar, su resurslarının idarə olunması və meliorasiya sahəsində layihələr hazırlanır.
Səfir onu da deyib ki, Aralıq dənizinin İsrail sektorunda dəniz qaz yataqlarının kəşfiyyatında və işlənməsində azərbaycanlı mütəxəssislərin və şirkətlərin iştirakı nəzərdə tutulur: "Bəli, İsrail Aralıq dənizində böyük qaz yataqlarını işlədir, təəssüf ki, hələlik bunda azərbaycanlı mütəxəssislər iştirak etmir. Amma biz SOCAR-ı və sizin mütəxəssislərinizi bu layihələrdə iştiraka dəvət edirik. Bu baxımdan Azərbaycandan öyrənəcəyimiz bir şey var – qazın dünya bazarlarına nəqli yolları. Biz Avropaya qaz nəql etməyi planlaşdırırıq və bunu necə edəcəyimizə qərar verməliyik – maye qaz şəklində göndərək, ya Misirə, Kiprdən keçməklə Yunanıstana, İtaliyaya və ya Türkiyəyə qaz kəmərləri çəkək və TANAP-a qoşulaq”.
Corc Dik müxbirin "İsrail Azərbaycan Ordusunun ən böyük silah təchizatçılarından biridir. Hərbi-sənaye kompleksi sahəsində birgə layihələr planlaşdırılır? Silah təchizatı ilə bağlı yeni müqavilələr haqqında məlumat var?” suallarına da geniş cavab verməyib: "Artıq dediyim kimi, hərbi əməkdaşlıq və təhlükəsizlik sahəsi ilə bağlı məsələləri şərh etmirik. Öz işimizi görməyə üstünlük veririk”.
İsrail şirkətləri azad olunmuş ərazilərin bərpası layihələrində iştirak edib-etməyəcəyinə gəlincə, səfir deyib ki, bütün azad olunmuş ərazilərdə olub, onların bərpası çox vaxt alacaq: "Bu ərazilər İsrailin yarısına bərabərdir. Azərbaycanın bərpa və dinc əhalinin oraya qaytarılması ilə bağlı iddialı planları var. İsrail kömək etməyə hazırdır və biz artıq Zəngilanda Ağalı ağıllı kəndinin salınmasında iştirak etmişik. Həmçinin, Ağdamda kənd təsərrüfatı sahəsində layihələr, habelə bərpa olunan enerji mənbələri, su resurslarının idarə olunması ilə bağlı layihələr var. Qarabağda su çoxdur və onun səmərəli istifadəsini təmin etmək çox vacibdir. Bu, xüsusilə Kəlbəcərdə özünü büruzə verir, burada hər döngədə çay və ya bulaq axır. Biz hakimiyyətlə bu məsələlərlə bağlı, həmçinin azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələləri ilə bağlı məsləhətləşmələr aparırıq”.
"İsrail tibbi dünya şöhrətinə malikdir. Azərbaycanda İsrail klinikalarının açılması gözlənilir?” sualına səfri belə cavab verib: "Sizə şad xəbərim var. İsrailin "Biofarmaks” əczaçılıq şirkəti "Ələt” Azad Ticarət Zonası ilə əczaçılıq müəssisəsinin tikintisi haqqında saziş imzalayıb. Onlar diabet xəstələri üçün insulin, onkoloji xəstələr üçün preparatlar və bir çox digər müxtəlif preparatlar istehsal etmək niyyətindədirlər. Bu, tibbi əməkdaşlıq sahəsində böyük addımdır”.
"Son iki ildə bir çox İsrail həkimi Azərbaycana səfər edib, əməkdaşlığa maraq göstərib və müəyyən planlar var. Ümid edirəm ki, tezliklə konkret nəticələr görəcəyik. Bu, xüsusən Azərbaycanın bütün səhiyyə sistemində islahatlara aiddir. Səhiyyə təkcə həkimlər deyil, həm də insanların müalicəsinin, dərmanlarla təminatının, konsultasiyaların uçotu və onlara nəzarət sistemidir. İsrail sistemi tamamilə kompüterləşdirilib, hamı üçün bərabər çıxış təmin edilib, korrupsiya yoxdur, səhv diaqnoz qoyulması istisna edilib.
Əlbəttə, həkimlərin səviyyəsi və avadanlıq da öz rolunu oynayır. Ümid edirəm ki, bizim bu və digər sahələrdə danışıqlarımız və məsləhətləşmələrimiz konkret nəticələr verəcək”, – səfir fikirlərini yekunlaşdırıb.