"Media dövlətsizləşdirilməlidir" - (MÜSAHİBƏ)

10-08-2018 10:29 / Bu xəbər 6925 dəfə oxundu

APA Holdinqin bağlanmasından sonra bəzi media orqanlarının məhkəmə qərarı ilə bloklanmasına start verilib. Görəsən, media siyasətində nə baş verir? 

Müstəqil media qurumları qapadıldıqdan və bloklandıqdan sonra indi hakimiyyətin əlində olan böyük media qurumlarının qapadılması nə ilə bağlıdır? Iri müstəqil media qurumlarından sonra kiçik media qurumlarının bloklanması ölkədə tamamilə alternativ fikri yox etmək cəhdləridirmi? 

Bütün bu suallarla bağlı media eksperti, hüquqşünas Xalid Ağəliyev "Turan"ın suallarını cavablandırıb:

***

– Xalid bəy, son vaxtlar hakimiyyətin əlində olan və elə hakimiyyət tərəfindən maliyyələşən böyük bir media holdinqin bağlanması diqqət mərkəzindədir. Qeyd edək ki, hələ açılıb-açılmayacağı da naməlumdur. Sizcə, illərdir hakimiyyətin alternativ medianı boğmaq üçün yaratdığı həmin media qurumları indi niyə bağlanır?

– Hələ xeyli əvvəllər, devalvasiya zamanında hökumətin bəzi xərclərə, eləcə də mediaya ayırdığı vəsaitlərə korrektələr edəcəyi deyilirdi. Bu, ola bilsin, xərclərdə daha ölçü-biçili olmaq siyasətinin nəticəsidir. Başqa səbəblər də ola bilər. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hökumət 2000-ci illərdən istədiyi medianı formalaşdırmaq, ictimai rəyi özünün istədiyi kimi idarə edə biləcək media yaratmaq siyasəti yürüdür. Bu siyasətin ugurlu olması üçün hökumət hər şeyi edib – kifayət qədər vəsaitlər xərcləyib, "filan tənqidçi media bizə əngəl yaradır” deyildiyində onu qapadıb, "filan jurnalistlər maneçilik edir” deyildiyində onları həbs edib, başqa yollarla sıradan çıxarıb. Reallıq budur ki, ondan istənilən hər şeyi etməsinə rəğmən, hökumət görmək istədiyi medianı əldə edə bilməyib. İctimai rəyi hökumətin maraqlarına uygun olaraq yönləndirən media istənilirdi, ortada olan isə başqadır. Hökumətin nəzarətində olan bu medialar toplumun etimadına sahiblənə bilməyiblər – qəzetlər sıradan çıxıb, onları oxuyan yoxdur, tirajları ən yaxşı halda bir neçə minə çatır, onları da alan yoxdur. Teleradio mediası izlənilmir, insanlar Türkiyə-Rusiya-İran mediasını izləyir-dinləyirlər. Qısası, bu mediaların ictimai rəyə təsiri olduqca aşağıdır. Toplumun etimadı ölkədən didərgin salınmış bir neçə jurnalistə, qorxu altında yaşayıb işləməyə çalışan yerli kiçik qruplara, sosial mediada fəal olanlaradır. Bütün bunların fonunda ola bilsin ki, indi həm də hesabat zamanıdır. Bəlkə də hökumət dayanıb, ötən 10 ildən çox zamana baxır, çək-çevir edir, bu sahənin xəritəsini cızanları sorgulayır ki, mən hər şeyi etdim, bəs, niyə nəticə yoxdur? Niyə insanlar, yerli, beynəlxalq toplum 10 ildən artıqdır hər cür dəstək verdiyimiz mediaya deyil, heç bir maliyyə dayağı olmayan bir ovuc sosial şəbəkə fəalına, jurnalistə etimad edir?… Amma, əlbəttə, bunlar fərziyyədir, mümkündür ki, həssas mövzuda məzmun yanlışlığına yol verilib və hökumət də həmişə olduğu kimi ifadə, media azadlığı ilə qaba davranıb.

– Versiyalara görə, hazırda medianın hakimiyyətin bir şəxsinin əlində cəmləşməsi prosesi gedir. Bu versiyalar nə dərəcədə məntiqlidir?

-Ümumiyyətlə, düşünmürəm ki, Azərbaycanda hökumət medianı nəzarət altına aldıqdan bu yana bu sahədə nəsə pərakəndəlik olub. Ola bilsin, görüntü olub, ancaq yanıldıcı olub. Siyasət eynidir, sistem eynidir, odur ki, adların fərqi olmamalıdır. Sadəcə, onu vurğulamaq lazımdır ki, medianın nəzarətdə tutulması, bir əldə cəmlənməsi, bir əldən o biri ələ verilməsi çox zərərli şeydir. Media sərbəst buraxılmalıdır. Bütün alternativ yolların sonu gedib dalana dirənəcək.

– Başqa bir versiya isə budur ki, hakimiyyət daxilindəki çəkişmələr indi bu çəkişmələrin qəhrəmanı olan şəxslərin əlində olan media qurumlarının vurulması ilə nəticələnir. Bu versiya haqqında nə deyə bilərsiniz?

– Mediaların gücü onların ictimai rəyə nə qədər təsir etməsindədir. Hökumətin nəzarətindəki mediaların ictimai rəyə təsir gücü ciddi deyil. Hökumət özü də bunu hamıdan yaxşı bilir. Ona görə də düşünmək ki, o medialardan hər hansı birinin bağlanması və ya fəaliyyətinə bir müddətə ara verilməsi hökumətdaxili qruplar, onların savaşı kontekstində dəyərləndirilməyə layiqdir, doğru olmazdı. Ümumiyyətlə, belə savaş, ziddiyyətlərin olması fikri haradan yaranır belə? Görüntü ola bilər. Aldanmaq lazım deyil. Ola bilsin, media idarəçiliyi ilə bağlı iki və ya bir neçə təklif var, veriblər, gözləyirlər, gec-tez qərar verəcəklər. Ziddiyət, qruplaşma söhbətləri toplumu rahatlatmaq üçündür.

– Ümumiyyətlə, son vaxtlar yeni bir tendensiya yaranıb. Əvvəllər media qurumlarına hüquq-mühafizə, təhlükəsizlik, müdafiə orqanlarının basqısı ilə qapadıb, xəbərdarlıq edib, bloklayırdılarsa, indi daha bir nazirliyin birbaşa şikayəti ilə məhkəmə saytları bloklayır. Söhbət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən gedir. Özü də şikayətlərdə təqdim olunan əsas kimi hakimiyyətdə medianın kuratoru olan şəxsin adı hallandırılan məqalələr göstərilir. Nə baş verir, sizcə?

- Hələ Azərbaycanda İnternet yeni yayğınlaşmağa başladığı dövrlərdə, 2000-ci illərin sonlarında bu sahəni tənzimləyən qanunvericiliyin də islahat edilməsi çağırışları səslənirdi. Hökumət xeyli düşündü, zamanını gözlədi və bir neçə il əvvəldən başlayaraq, mərhələlərlə qanunvericiliyə İnternet mediasının tənzimlənməsi ilə bağlı dəyişikliklər etdi. Bu sahədəki yeni qanunlar birmənalı olaraq, Avropa məhkəməsinin təcrübəsi ilə, Azərbaycanın qoşulduğu beynəlxalq razılaşmalarla uzlaşmır. Milli qanunvericilik çox asanca bir media quruluşunu qapatmağa, sıradan çıxarmağa imkan verir. Bu dəyişiklik konkret olaraq hökumətdəki hansısa şəxslər, fərdlər üçün deyil, bütünlüklə hakimiyyətdəkilərin maraqları üçün qəbul edilib. Ola bilsin ki, bu gün bir şəxsin istəyi ilə işə salınıb, sabah başqa bir məmurun, o biri gün başqa birinin mənafeyi üçün işləyəcək. Həm də bu metod zahirən daha çağdaş görünür, işin içində məhkəmə var, zahiri çəkişmə var, pozuntuların təsbit olunması daha uzun zaman alır və s. Məncə, bu təcrübənin çox pis təcrübə olmasının, bizi çagdaş dünyadan uzaqlaşdırmasının təkrar-təkrar vurğulanması daha faydalıdır.

– Nə düşünürsünüz? Bundan sonra media sahəsində nələr baş verəcək? Medianın vəziyyəti necə olacaq?

- İllərdir gördüklərimiz, yaşadıqlarımız təəssüflər olsun ki, pozitiv danışmağa əsas vermir. Geridə buraxdığımız dövrdən çıxarıla biləcək nəticə o ola bilər ki, basqı, məhdudiyyətlər mühiti davam edəcək. Başqa cür düşünməyə əsas ola biləcək gəlişmələrin aydın müşahidə olunduğunu deyə bilmərəm. Hökumətin medianı öz nəzarətindən buraxacağının işartıları belə yoxdur. Ola bilsin, hansısa medianı qapadacaqlar, yaxud idarəçiliyini alıb başqa bir menecerə verəcəklər və ya məzmunu eyni olan başqa bir modelə keçəcəklər. Ancaq belə gəlişmələrin ümumi media mühitinə təsiri yoxdur.

- Medianın bu durumdan qurtulması üçün nə etmək olar?

-Əgər 10 il bundan əvvəlki zaman olsa idi, çıxış yolları da fərqli ola bilərdi. Vətəndaş cəmiyyəti, fəal, təsiri olan siyasi partiyalar, ayaq üstə olan tənqidçi media vardı. İndi bunlar yoxdur. Media mühitinə isə asan sağalmayacaq yaralar vurulub. Media, jurnalistika sahəsi qanunların, dövlətin sərt mühafizə etdiyi bir ortam olmalıdır, jurnalistlər qorxu-hürkü olmadan bu ortamda yazmalı, xəbərləməlidir. Belə mühit yoxdur, əvəzində kiçicik bir tənqidin, ehtiyatsız bir məqalənin, vicdanlı bir yanılmanın belə ən sərt cəzalandırıla biləcəyi ortam mövcuddur. Bu duruma dövlət əl qoymalıdır. Belə durumların bir neçə çıxış yolu da yoxdur, çagdaş, tərəqqiyə nail olmuş ölkələrin uğurlu təcrübəsi var. Media dövlətsizləşdirilməlidir, hökumət mediaya maliyyə qaynağı olmaqdan çəkilməli, azad media üçün əlverişli ortamın formalaşması üçün çəkinmədən addımlar atmalıdır. Bunlar azad reklam bazarının formalaşmasından tutmuş jurnalistləri qoruyan qanunların işləməsinin təmin edilməsinədək müxtəlif addımlar ola bilər.