İşsiz “professorlar”
21-12-2020 17:35 / Bu xəbər 1119 dəfə oxundu
Azərbaycan çempionu olmaq nə vaxtdan böyük futbolçu olmağın meyarı sayılıb?
Turan Muxtar
İdmanın müxtəlif növlərində məşqçi kimi çalışan azərbaycanlıların əcnəbi mütəxəssislərin ölkəmizdə işləməsindən, pul qazanmasından şikayətlənməsi həmişdə dəbdə, gündəmdə olub. Xüsusilə də, vay o günə ki, hansısa azərbaycanlı məşqçi işsiz ola, dərhal şikayətlənməyə, Azərbaycanda çalışan əcnəbiləri tənqid, hətta təhqir etməyə başlayır.
Son günlərdə mətbuatda, sosial şəbəkədə keçmiş futbolçuların şikayətləri, əcnəbi məşqçilərə hücumları "göz oxşayır”. Məsələn, Azərbaycan millisinin keçmiş futbolçusu Mahmud Qurbanov "Futbol+” qəzetinə müsahibədə yığma komandalarda xarici mütəxəssislərin yox, elə özünün işləməli olduğunu deyib:
"Neçə illərdir yığmaya ancaq əcnəbi mütəxəssislər rəhbərlik edir. Nə qədər əcnəbilərə güvənmək, onlara şans vermək olar? Mən Mahmud Qurbanov da işləmək, özümü təsdiq etmək istəyirəm. Bunun üçün savadım da var, təcrübəm də. Futbolçu kimi ölkə futbolunun tarixində qoyduğum izi məşqçi kimi də təkrarlamaq istəyirəm... Əcnəbinin rəhbərliyi altında görün neçə tsikl boşa verilib, ancaq yenə onlara etibar edirlər. Özümüzkünü isə bir dəfə uğursuzluğa düçar olan kimi postundan uzaqlaşdırırlar. Azərbaycan futbolunu qaldıran, yeni səviyyəyə yüksəldən məhz azərbaycanlı məşqçi olacaq".
Mahmud Qurbanov
Mənbə: Meydan TV
Mahmud Qurbanov milli komandalarda baş məşqçilik edən əcnəbi mütəxəssislərdən danışarkən, əsas yığmanın italiyalı çalışdırıcısı Canni De Byazi ilə 21 yaşlılardan ibarət millinin "sükanı arxasında” olan serbiyalı Milan Obradoviçi nəzərdə tutur. Bu, aydındır. Aydın olmayan odur ki, Qurbanov futbolçu olaraq Azərbaycan futbolunun tarixində hansı izi qoyub? Azərbaycan milli komandası ilə dünya çempionatının final mərhələsinə çıxıb? Yox! Milli komandanı darta-darta Avropa çempionatının final mərhələsinə çıxarıb? Yenə də yox! Bəlkə, formasını geyindiyi yerli klublarla daim avrokubokların qrup mərhələlərində iştirak edib? Vallah da, yox, billah da, yox! İndi olduğu kimi, Mahmud Qurbanovun formasını geyindiyi vaxtlarda da milli komanda çıxış etdiyi bütün yarışlardan suyu süzülə-süzülə, biabırçı nəticələrlə ayrılırdı, qrup sonuncusu olurdu. Bəs yerli idman mediasının "Professor” ləqəbi verdiyi Qurbanov "futbolçu kimi ölkə futbolunun tarixində qoyduğum izi” deyərkən nəyi nəzərdə tutur? "Kəpəz”, "Şəmkir”, "Neftçi” kimi klublarla Azərbaycan çempionu olmasını.
Mahmud Qurbanov "mən belə etmişəm, elə etmişəm, tarix yazmışam, mənə qiymət verilməlidir, mənə iş verilməlidir” deyərək, hay-küy salan nə ilk, nə də son azərbaycanlı keçmiş futbolçudur. Axı siz heç nə etməmisiz, heç nə qazanmamısız, hörmətli sabiq futbolçular. Azərbaycan çempionu olmusuz, hər dəfə gedib Çempionlar Liqasında, UEFA Kubokunda uduzub, geri dönmüsüz. Azərbaycan çempionu olmaq nə vaxtdan böyük futbolçu olmağın meyarı sayılıb? Hələ demirik ki, o çempionluqların çoxu necə əldə edilib, nə qədər hakimlər satın alınıb, nə qədər pullar xərclənib. Biz hamımız bu ölkədə yaşayırıq, nəyin necə olduğunu bilirik. Heç kim demir ki, Mahmud Qurbanov, ya da başqa azərbaycanlı mütəxəssis işləməsin. İşləsinlər. Ancaq siz birinci divizionda çıxış edən komandalarda işləməyi özünüzə sığışdırmırsızsa, heç bir ciddi uğur, təcrübə qazanmadan birbaşa milli komandalardan, Premyer Liqa klublarından yapışırsızsa, günahı özünüzdə axtarın. O başqa mövzudur ki, AFFA rəhbərliyinin milli komandalara gətirdiyi məşqçilər də üzümüzü qara edir. Amma bunun günahı əcnəbi məşqçilərdə deyil axı, AFFA-ya rəhbərlik edənlərdə, milli komandaların formasını geyinib, hər oyunda uduzmağı ənənəyə çevirən azərbaycanlı futbolçulardadır.
Əfqan Talıbov
Mənbə: Meydan TV
Azərbaycan futbolunun, azərbaycanlı futbolçunun "xarakter”ini ortaya qoyan iki açıqlamanı oxuyacaqsız az sonra. Azərbaycan milli komandalarında çıxış etmiş keçmiş futbolçular – Əfqan Talıbovla Zaur Hidayətovun "Futbol+” qəzetinə verdikləri bu açıqlamaları oxuyanda heyrət etməmək mümkün deyil. Əxlaqi dəyərləri təbliğ edən idman prinsipləri bir yana, ümumiyyətlə, insan adına ayıbdır. Baxaq:
Zaur Hidayətov: "1994-cü ildə U-19-la Trabzona getmişdik. Şəhərdə gəzəndə qab-qacaq dükanına girdik. Görmədiyimiz mallara ağzıaçıq baxarkən satıcı qayıtdı ki, bahalı servislərdən biri yoxdur, yəqin siz götürmüsüz. Nə qədər and-aman eləsək də, xeyri olmadı. Mənim yekə alverçi çantam var idi, içi paltarla dolu. Satıcı hamını yoxlayıb mənə çatanda "çantanı aç" dedi. Arxayınlıqla çantanı açanda içindən həmin oğurlanan servis çıxdı. Sonradan bildik ki, bizim uşaqlardan biri qoyub, çox uğursuz zarafat idi. Özümü itirdim, dilim söz tutmadı. Bu biabırçılığın altından necə çıxacağımı, ailəmi, qohumları fikirləşirəm. Satıcı da qışqırıb-bağırır, bərk qorxuram. Birdən indi "Neftçi"də məşqçi işləyən Seymur Rəhimov qulağımın dibindən tərs sillə vurdu. Seymur satıcıya "abi, sən narahat olma, dərsini özüm verəcəm" deyib, dükanın içində dayanmadan məni vurub-söydü. İndi satıcı məni Seymurun əlindən ala bilmir. Nə isə, birtəhər dükandan çıxıb otelə qayıtdıq. Seymur rola girib o hoqqanı çıxarmasa, məni polisə verəcəkdilər".
Zaur Hidayətov
Mənbə: Meydan TV
Əfqan Talıbov: ''1988-ci ildə "Kəpəz"lə Taqanroqa yollanmışdıq. Gəncədəki ilk oyunda hər vasitədən istifadə edib başlarına oyun açmışdıq. Gedəndə demişdilər ki, Taqanroqda beş qat əvəzini çıxacağıq. Taqanroqda oyundan bir gün əvvəl bəzi futbolçularımız təklif etdilər ki, kabeli kəsib stadionu işıqsız qoyaq, rəqibə texniki məğlubiyyət verilsin. Ruslan Hüseynovla Arzu Mirzəyev gecə ilə kabelləri kəsib-doğradılar. Meydana arxayın çıxıb fikirləşdik ki, qaranlıq düşəcəyindən, son 15 dəqiqədə projektor işə düşməlidi. O isə işə düşməyəcək, oyun təxirə salınacaq və rəqibə texniki məğlubiyyət veriləcək. 20-ci dəqiqədə artıq üç top geridəydik. İkinci hissədə dördüncü topu buraxanda hakimdən vaxtı soruşdum. Qayıtdı ki, 16 dəqiqə qalıb, artıq nəsə edə bilməzsiz. Hakimdən aralanıb komanda yoldaşlarıma "uşaqlar, oyunun dayanmasına bir dəqiqə qalıb" söylədim. İndi oyun davam edir, amma işıq sönmür. Final fitindən sonra elə qaçış zolağıma çıxmışdıq ki, inzibatçımız Cavanşir "Allah evinizi yıxsın, neynəmisiz? Bütün şəhər sizi axtarır. Stadiona gedən kabel əvəzinə şəhərin bütün telefon kabelini doğramısız. Tez yığışın, burdan qaçaq" dedi. Özümüzü itirdik, heç duşa girmədən, tərli-tərli Taqanroqdan çıxdıq".
Buyurun, bu da Azərbaycanı xaricdə "layiqli” şəkildə təmsil edən futbolçular. Beynəlxalq yarışlarda meydana çıxdıqları hər oyunda uduzmaları bir yana, bu adamlar ölkənin adını meydandan kənarda da batırmaqla məşğul olublar, olurlar da.
Hə, nə deyirsən, "Professor”, Azərbaycan milli komandasının baş məşqçi postunu sənə tapşırsınlar? Əfqan Talıbovu da özünə köməkçi götürərsən. Bəlkə, bu dəfə milli komandanın hansısa oyunundan əvvəl lazım olan kabeli kəsib-doğrayar.
Mənbə: Meydan TV