İstibdadın vicdansız ətaləti...

İstibdadın vicdansız ətaləti...

25-05-2024 01:54 / Bu xəbər 1372 dəfə oxundu

 
Şəmşad Ağa

"Mənə zindan kəsildi öz Vətənim", - Sabirin bu mirasında hər bir vicdanlı adamın iliyinə qədər hiss etdiyi 100 illik bir ağrı var. 

Azadlıq və xoşbəxtlik olmayan cəmiyyətlərdə öz iztirablarını "torpaq sevgisi" ilə ovutmağa çalışanların insan azadlığına biganəliyi də yadlaşmış yaddaşın və zəncirlənmiş hüququn çöküşüdür. 

Yəni çölü də, içi də zindan olan bir məmləkətdə xoşbəxtlər yalnız öz bədbəxtliyini anlamayanlar ola bilir... 

Hardasa oxumuşdum: belə cəmiyyətlərdə vicdansızlıq həm də kütləvi xəstəliyə çevrilir. Ona görə də "bu boyda sistemdə bir vicdanlı adam yoxdurmu?" sualı belə artıq və absurddur. 

Ötən məhkəmədə hakimin "emosional" davranışları, ətalətə "hayqırı"sı da mənə gülməli gəlmişdi. Bilirdim ki, bu məzhəkənin əsas və gülünc personajlarından olan bir hakimin belə çağırışları mənasız olduğu qədər də şoudan başqa bir şey deyil... 

Bu gün Ələsgərin ad günüdür, həbsxanada keçirir, həm də ağır xəstəliklə mücadilədədir... 

İndi onun üçün fiziki ağırlar, bəlkə də, bu ətalətin yaratdığı mənəvi ağrılardan da adidir. 

Zatı seyqəl götürməyən "dəmir" ürəklilərdən ədalət və vicdan ummaq da çarəsizlikdən başqa bir şey deyil, artıq bunu sən də gözləmirsən…

Bunu ağdamlı Əhməd müəllimin oğlunun susqunluğunda da, hüquqşünas Əhmədoğlunun oğlu Əhmədin narahat baxışlarında da, nə baş verdiyini anlayaraq hər şeyə sanki etinasız yanaşan Məltəmin iri ağ kağızlara çəkdiyi məsum çizgilərdə də görmək olur, bu həm də ətalətə etirazın səsidir…

Doğum günün mübarək, qardaşım!

Bacara bildiyin qədər özünü qoru, bizdən də nigaran qalma, onsuz da sən içəridə, biz çöldə istibdadın vicdansız ətaləti ilə üz-üzəyik...