“İsveçrə Azərbaycandan nümunə götürə bilərdi”
21-09-2018 10:50 / Bu xəbər 4798 dəfə oxundu
"Dəyişikliyə Cəsarəti Çatan Cümhuriyyət Qadınları” filminin sponsoru ilə müsahibə
"Biz onların siyasi fikirlərinin necə formalaşdığını gördük. Misal üçün onların Müsavat Partiyasının qələbəsinə necə töhfə verdiklərini, həmçinin sonradan dövr pisləşdikdə, Sovet hökuməti qurulan ilk illərdə mübarizələrini necə davam etdirdiklərini, öz etiraz səslərini şeirlərlə necə ifadə etdiklərini və çətin müharibə vaxtlarında döyüşlər gedən ərazilərdə iştiraklarını gördük”.
İsveçrənin Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən hazırlanmış "Dəyişikliklərə Cəsarəti Çatan Cümhuriyyət Qadınları” adlı sənədli filmi geniş auditoriyanın marağına səbəb olub.
Filmin ərsəyə gətirilməsində müstəsna xidməti Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinın üzvləri, filmin yaradıcı heyyəti və filmə sponsorluq etmiş İsveçrənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Xanım Simone Haeberli ilə görüşüb, film barədə söhbətləşdik. Simone Haeberli ilə müsahibəni təqdim edirik.
- Xanım Simone, "Dəyişikliklərə Cəsarəti çatan Cümhuriyyət Qadınları” sənədli filminin ideyası və məhz bu işi RİQC-ə həvalə etmək qərarına necə gəldiniz?
– Sualınız üçün çox təşəkkür edirəm. Biz Azərbaycanda İsveçrə səfirliyinin tərkibində fəaliyyət göstərən İsveçrə Əməkdaşlıq Ofisi olaraq, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti ilə artıq bir neçə ildir əməkdaşlıq edirik. Biz birlikdə artıq bir neçə layihə keçirmişik və belə layihələrə nümunə olaraq "İşgüzar xanım üçün 101 qayda” kitabını göstərmək olar. Bu kitab peşəkar xanımlara biznes həyatında necə davranmaları ilə bağlı tövsiyələr verir. Biz RİQC-in heyəti ilə tez-tez görüşlər keçiririk və belə görüşlərdən birində bizdə Azərbaycanda qadınlarla bağlı bir sənədli film hazırlamaq ideyası yarandı. Bu, Azərbaycan Respublikasının yaranmasının 100-cü ildönümü ərəfəsi idi və qadınların respublikanın yaranmasında oynadığı rol barədə məlumatın az olması diqqətimizi çəkdi.
Əlbəttə, qadınların seçki hüququ məsələsi ilə bağlı müzakirələr çox idi, çünki bu hüquq qadınlara respublikanın qurulması ilə birgə verilmişdi. Ancaq bir çox tarixi hadisələrdə olduğu kimi, qadınların bu məsələdəki rolları da yetərincə işıqlandırılmamışdı. Bu filmlə biz həm ilk Azərbaycan dövlətçiliyinin yaradılmasında, həm də sonrakı 100 il ərzində Azərbaycan qadınının töhfələrini anlamaq istədik.
Biz həmçinin bilirdik ki, RİQC-də Azərbaycanın həyatında xüsusi rola malik olan qadınların portretləri var. Ona görə də, biz düşündük ki, bu təşkilat, təbii ki, produser və ssenari müəllifi ilə birgə, filmi hazırlamaq üçün kifayət qədər əsaslı resurslara malikdir. Nəticədə, biz qadınlar barədə və qadınlar tərəfindən hazırlanan bir film ərsəyə gətirdik və bu işin keyfiyyəti ilə fəxr edirik.
- Filmdə 1970-ci ildən bu günümüzə qədər Azərbaycan qadınlarının mühüm fəaliyyətləri barədə tarixi faktlar xronoloji ardıcıllıqla təqdim olunub. Müxtəlif tarixi dövrlərə səyahəti təsvir edən bu filmdə diqqət ölkənin ən vacib tarixi məqamlarında qadınların verdiyi siyasi töhfələrə yönəldilir. Azərbaycan qadınlarının filmdə əks olunmuş fəaliyyətləri, keçdikləri inkişaf yolu barədə nə düşünürsünüz?
– İlk növbədə deməliyəm ki, layihəyə cəlb olunan bütün tarixçilər və digər hər kəs Azərbaycan Demokrtik Respublikasının yaradılmasında qadınların rolunun əhəmiyyətinə təəccübləndilər.
Onlardan bəziləri deyirdi ki, "Mən bu filmdə əks olunanların maksimum 25 faizindən məlumatlı idim”.
Mənə görə bu film iki məsələyə görə əhəmiyyətlidir. Birincisi, bu film tarixin kişilər tərəfindən kişilər haqqında yazıldığı barədə mifləri dağıtdı. Biz qadınların əhəmiyyətli roluna dair nə qədər çox izlər tapsaq da, tarixdə qadınların töhfəsinin kifayət qədər işıqlandırılmadığını gördük. İkincisi, biz gördük ki, filmdə əhatə etdiyimiz tarixi dövrlər boyu qadınların həqiqətən böyük rolu olub, həmçinin mən deyərdim ki, onların vəkilliklə bağlı çox əhəmiyyətli rolu olub.
Filmdə barəsində söhbət açılan qadınlar təkcə qızların təhsil almağı üçün deyil, həmin dövrdə ölkədə mövcud olan hakim qüvvələr üçün aşağı dəyərli hesab olunan Azərbaycan dilində təhsil alması üçün ciddi ictimai vəkillik ediblər.
Həmçinin biz onların siyasi fikirlərinin necə formalaşdığını gördük. Misal üçün onların Müsavat Partiyasının qələbəsinə necə töhfə verdiklərini, həmçinin sonradan dövr pisləşdikdə, Sovet hökuməti qurulan ilk illərdə mübarizələrini necə davam etdirdiklərini, öz etiraz səslərini şeirlərlə necə ifadə etdiklərini və çətin müharibə vaxtlarında döyüşlər gedən ərazilərdə iştiraklarını gördük.
Ədətən insanların kişilərlə əlaqələndirdiyi bütün bu qeyd olunanları Azərbaycanlı qadınları edib. Məsələn bayaq qeyd etdiyim şairə (Ümmügülsüm) həbsdə olan vaxt Sovet rejimini ittiham edən şeirlər yazan yeganə Azərbaycanlı olub və buna görə cəzalandırılıb.
- Filmin çəkilib ərsəyə gətirilməsində RİQC-in böyük əməyi olub və yaradıcı heyət texniki cəhətdən bir çox çətinliklərlə üzləşib. Təşkilatın ortaya qoyduğu işi bəyəndinizmi?
– Bəli, əlbəttə. Filmin istehsalı onun işində iştirak edən hər bir şəxs üçün sanki bir səyahət idi. Hələ başlanğıcdan biz bilirdik ki, filmi ərsəyə gətirmək üçün çox az vaxtımız var. Buna görə də, başlanğıcdan etibarən hamının sıx iş rejimi var idi. Maraq doğuran məsələlərdən biri o idi ki, RİQC-in nümayəndələri peşəkar və bu sektorda çoxdan fəaliyyət göstərən produserlərlə əməkdaşlığa cəhd etdilər, ancaq onlara filmin məqsədini və çatdırmaq istədikləri mesajları ötürə bilmədilər.
Bir və ya iki uğursuz cəhddən sonra, nəhayət ki, üçüncü və özü də qadın olan bir produserlə eyni baxışda qərarlaşa bildilər. Bununla da, filmin məqsədinin tarixə müxtəlif bir bucaqdan baxmaq olduğunu başa düşə biləcək produserin tapılması olduqca çox vaxt apardı.
Bəzən bu filmin bu qədər çox stressə səbəb olmağına görə təəssüflənirdim. Biz ilkin nümayişin vaxtını da dəyişməli olduq. Çünki, əslində onu "8 Mart”da göstərməyi planlaşdırmışdıq. Bu isə mümkün olmadı. Biz yüksək keyfiyyətli məhsul ərsəyə gətirməyə çalışırdıq. Onu da qeyd etməliyəm ki, sonda bütün bu layihəyə cəlb olunan bacarıqlı qadınlarla birlikdə RİQC-in ərsəyə gətirdiyi işdən olduqca məmnunam. Mən ümumiyyətlə təşkilatın vəziyyətə asanlıqla uyğunlaşa bilməsinə, bilik və bacarıqlarına, bir sözlə bu filmə qoyduqları əməklərinə heyran qaldım.
- Məlumata görə "Dəyişikliklərə Cəsarəti Çatan Cümhuriyyət Qadınları” filmi İMAGİNE Avro Tolerantlıq Festivalının ən maraqlı filmlərindən biri olub. Həm də filmi Festivala İsveçrə səfirliyi göndərib. Bu barədə nə deyə bilərsiniz? Bu ideya hardan ağlınıza gəldi?
–Bəli, siz haqlısınız. Film Bakıda keçirilən İMAGİNE Tolerantlıq Film Festivalında nümayiş olundu. Onu deməliyəm ki, ən əvvəldən cənab səfirin özü bu layihənin böyük dəstəkçisi idi və bu filmin Festivala göndərilməsi ideyası da ona məxsusdur. Film Festivala İsveçrənin töhfəsi kimi qəbul olundu və onu da qeyd etməliyəm ki, o, festival ərzində nümayiş olunan Azərbaycanda çəkilmiş və Azərbaycan dilində olan yeganə film idi və sonradan təşkilatçılar tərəfindən də təsdiq olundu ki, o, festivalın ən çox izləyicisi olan filmi olub. Düşünürük ki, ilkin nümayiş zamanı zalda ən azı 200 insan vardı, oturmaq üçün yerlərin sayı kifayət etmədiyindən insanlar arxada ayaq üstə dayanaraq bayaq da qeyd etdiyim kimi -Azərbaycan qadınları haqqında olan və qadınlar tərəfindən hazırlanmış bu cür unikal bir işə tamaşa edirdi.
- Görünüşə görə ölkəmizdə İsveçrə dövlətinin diplomatik missiyasını həyata keçirən diplomatik korpusunuz ölkəmizin tarixi, inkişafına təsir göstərmiş mühüm hadisələrlə yaxından maraqlanır. Əsrin əvvəllərində yaradılmış Cümhuriyyətimizin Azərbaycan qadınlarına Şərqdə ilk olaraq səsvermə, seçib-seçilmək hüququ verdiyini bilirsiniz. Sizcə Azərbaycan qadınlarının əsrin əvvəllərində əldə etdikləri nailiyyətlərə görə bu gün siyasi və ictimai həyatda, gender bərabərliyi baxımından tutduqları yeri qənaətbəxş hesab etmək olarmı?
– Bəli, əlbəttə, biz qadınlara seçki hüququnun verilməsinin 100 illiyindən xəbərdar idik və bu, filmin bir hissəsi idi. Daha doğrusu, bu, filmin hazırlanmasının tətikləyici məqamı oldu. Çünki ilk Azərbaycan Respublikasının 100 illiyi və qadınlara seçki hüququnun verilməsinin 100 illiyi birgə dəyərləndirilməli olan məsələlərdir. Sanki bu iki məsələ eyni şeydir, çünki qadınların səsvermə hüququ ilk konstitusiyada öz əksini tapıb.
Mən onu da qeyd etməliyəm ki, bu məsələdə İsveçrə Azərbaycandan nümunə götürə bilərdi, o dövrlərdə biz bu qədər müsir deyildik. Qadınlara səsvermə hüququ ilə mənim ölkəm 1971 kimi gec bir tarixdə tanış olub, bu isə o deməkdir ki, mənim öz anam səsvermə yaşına çatanda səs verə bilməyib.
Azərbaycan konstitusiyası ilə əlaqədar onu da deməliyəm ki, burada gender bərabərliyi məsələləri ilə bağlı problem yoxdur. Konstitusiyada sadəcə qadınların deyil, azlıqların da bərabər hüquqları düzgün şəkildə tanınır. Bundan əlavə, sizdə Ailə, Qadın və Uşaq məsələləri ilə məşğul olan Dövlət Komitəsi də fəaliyyət göstərir ki, heç də hər bir ölkənin belə məsələlərlə məşğul olmaq üçün bu cür xüsusi, hədəfləri müəyyən olunmuş hökumət orqanı yoxdur.
Bütün bunlar olduqca müsbət addımlardır ki, sizin xüsusi dövlət proqramlarınız var, həmçinin son dövrləri əhatə edən və fikrimizcə, dövlətin iqtisadi qurumları tərəfindən də güclü şəkildə hədəflənən qadınların biznes fəaliyyətinin artırılması sahəsində maraqlarınız var.
Nəticədə, bütün bunlar müsbət xarakterli olsa da, belə bir sual yaranır – həqiqətən bunların faydası varmı? Qadınlar öz hüquqlarına sahib çıxmalıdırlar, dövlətin onlara verdiyi bərabərlik hüququndan və digər bütün imkanlardan faydalana bilməlidirlər. Bu məsələ yəqin ki, ən çox üzərində çalışmağa ehtiyac olan məsələdir, ancaq bu hal təkcə Azərbaycan qadınları üçün deyil, demək olar, dünyanın bütün iqtisadiyyatları üçün keçərlidir, çünki biz hələ də müşahidə edirik ki, qadınlar yüksək iqtisadi qərarverici vəzifələrdə, dövlət vəzifələrində az sayda təmsil olunurlar. Hələ də dünyada qadınların və kişilərin bərabər əmək haqqı alması məsələsində boşluqlar var. Ona görə də, hər birimizin etməli olduğu hələ çox şey var.
Azərbaycanda son zamanlarda çox bəyəndiyim tendensiyalardan biri də qadınların özünəməşğulluğunun və qadın sahibkarlığının artırılmasına olan diqqətdir. Qadınlarla həyata keçirdiyimiz layihələrdən və görüşlərdən də görürük ki, qadınlar ölkəyə çox böyük iqtisadi və sosial töhfə verməyə qadirdir. Görürəm ki, Azərbaycanda qadınların siyasi töhfəsi də getdikcə artmaqdadır. Sizdə belə bir kvota var ki, bütün icra hakimiyyəti başçılarının müavinlərindən biri mütləq qadın olmalıdır. Əlbəttə kvota çox yaxşı başlanğıcdır, lakin kvota ilə bərabər keyfiyyəti təmin etmək daha vacibdir.
Ümumiyyətlə desəm sizdə qadın hüquqları ilə bağlı vəziyyət normaldır. Ancaq bir böyük maneə var ki, gördüyüm qədərilə biraz daha çox diqqət çəkir, ancaq bu mövzu ilə bağlı məlumatlandırma kampaniyaları azdır və bu da qız uşaqlarının dünyaya gəlməməsi faktıdır. Bir çox qız uşaqları dünyaya gəlmədən tələf edilir. Bizdə belə bir rəqəm var ki, doğulanlar arasında hər 100 qıza düşən oğlanların sayı 114 nəfərdir. Bu çox kəskin göstəricidir və mən Azərbaycan hökumətini bütün səviyyələrdə bu böyük problemin həlli üçün diqqət ayırmağa dəvət edərdim, çünki biz beynəlxalq təcrübədən də bilirik ki, bu tendensiyanın nəticələri çox ağır ola bilər. Mənə elə gəlir ki, biz çatışmayan qızların fərqinə varanda, artıq balansı pozulmuş əhali ilə bağlı yaranan problemlər qapımızda olacaq.
Qeyd edək ki, bu ilin may ayında Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Cümhuriyyətinin 100 illiyinə ithaf etdiyi "Dəyişikliklərə Cəsarəti Çatan Cümhuriyyət Qadınları”filmini təqdim edib. Son 100 ilin böyük yol keçmiş Azərbaycan qadınlarının ən fədakarlarının yaşamlarını Cümhuriyyət bayramının işığında təqdim edən Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və onun fədakar kollektivi bu filmlə böyük uğura imza atıblar.
İsveçrənin Azərbaycandakı səfirliyinin əməkdaşı Simone Haeberli əlavə olaraq bildirib ki, "Azərbaycanda İsveçrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının fəaliyyətlərini icra etmək üçün bizim öz layihələrimiz vasitəsilə gender bərabərliyini və səmərəli idarəetməni təşviq etmək üçün aydın mandatımız var və bunlar bizim işimizin bir-biri ilə kəsişən iki mövzusudur. Bizim bu sahədə Azərbaycanda artıq bir qədər təcrübəmiz var. Həyata keçirdiyimiz bir sıra layihələr çərçivəsində qadınları maliyyə sektorunda peşəkar karyera qurmağa cəsarətləndirmişik, həmçinin sahibkar olmağa çalışan və ya artıq sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlarla birgə işlədiyimiz layihələrimiz var. Biz onlara maliyyə savadlılığı, həmçinin biznesin planlaşdırılması, biznesə başlamaqla bağlı təməl bilikləri aşılamışıq. Bu layihələrdə biz çoxlu cəsarətli sahibkarlar görmüşük, həmçinin Füzuli, Tərtər, Bərdə kimi müharibə vəziyyətində olan və həyatın heç də asan olmadığı həssas ərazilərdə də layihələr həyata keçirmişik. Biz investisiya qoymağa və öz bisnesini qurmağa cəsarət edən qadınlar görmüşük.
Həmçinin həm peşəkar qadınlar, həm də cavan qızlar üçün ruhlandırıcı materiallar hazırlamağa çalışmışıq. RİQC-lə birgə nəşr etdiyimiz "İşgüzar xanım üçün 101 qayda” kitabı peşəkar həyatda necə davranmaq, fiziki, sosial və psixoloji imic, dəvətlərdə və ziyafətlərdə iştirak, işgüzar münasibətlər və bunun kimi digər məsələlərdə qadınlar üçün bələdçi rolunu oynayan Azərbaycan dilində mövcud olan ilk və yeganə resursdur.”
"Biz, həmçinin bu yaxınlarda uşaqlar üçün olan "Cəsur qızlar” adlı kitabın hazırlanması üçün başqa bir təşkilata töhfəmizi vermişik. Kitab pilot, taekvondo idmançısı kimi ənənəvi olmayan peşələrə yiyələnmiş 12 qadının hekayəsindən ibarətdir. Əsas ideya həm azyaşlı qızları, həm də oğlanları karyera seçimlərində limitlərin olmadığına və qeyri-adi karyera seçə biləcəklərinə dair ruhlandırmaqdır. Kitabın son səhifəsi onların, xüsusən də qeyri-adi həyat yolu arzusunda olan qızların yazması üçün boş buraxılıb və "Mənim hekayəm” adlanır.
Biz sistemli şəkildə qadınların özəl sektora girişinin qarşısını alan səbəbləri, onların iqtisadi fəallıqlarına və ya özəl sektordakı işlər üçün mübarizə aparmalarına mane olan amilləri daha yaxşı anlamaq üçün gender qiymətləndirməsi həyata keçirmişik. Qiymətləndirmə çərçivəsində əldə etdiyimiz məlumatlar bizə göstərdi ki, ölkədəki özəl sektor şirkətlərinin qadınları işə cəlb etməyin və iş yerində müxtəliflik yaratmağın əhəmiyyətini daha yaxşı anlamalarına ehtiyac vardır. Özəl sektor ilk baxışda qadınlara qarşı qərəzli kimi görünür, amma qadınların da özəl sektorla bağlı mənfi düşüncələri var. Biz bu layihə ilə Azərbaycanda özəl sektor vasitəsilə qadınların iqtisadi salahiyyətlərinin artırılması məsələsinə baxırıq. Biz həmçinin maliyyə ilə bağlı işlərimizi davam etdirməyi ümid edirik, çünki müşahidələrimiz göstərir ki, qadınların öz büdcələrinə, maliyyələrinə yaxşı bələd olmaları onların həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına imkan verəcək ev büdcələrini idarə etməyə imkan verir.” -Simone Haeberli əlavə edib.
Jurnalist: Könül Alı
Tərcümə: Leyla İsgəndərova
Bastainfo.com