Jurnalist Avropa Məhkəməsindən ədalətli qərar gözləyir

Jurnalist Avropa Məhkəməsindən ədalətli qərar gözləyir

09-06-2024 12:23 / Bu xəbər 693 dəfə oxundu

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 13-də Azərbaycanda yayımı  bloklanmış saytı ilə bağlı qərardad elan edəcək. 

Bu iş üzrə ərizəçi xəbər portalının təsisçisi və baş redaktoru Azər Talıbovdur. 

A.Talıbov yerli məhkəmələrin qərarından şikayət edərək Avropa Məhkəməsində obyektiv və ədalətli qərar çıxarılacağına inandığı üçün sözügedən instansiyaya müraciət edib. 

Yerli məhkəmələrin əsaslandırması məntiqsiz və uğursuz olub. Belə ki, 2017-18-ci illərdə Azərbaycanda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə informasiyaların yayılması ilə bağlı tənzimləmələri dəyişdirən dəyişikliklər edilib və guya Anaxeber.az yayım qanunlarını pozub, məhkəmələr də dəyişikliklərə istinad ediblər. 

Halbuki saytın fəaliyyətdə olduğu dövrdə hər hansı ictimai təhlükə yaradan, dövlət sirri olan informasiyalar yayımlanmayıb, o cümlədən iğtişaşlara, terrora, ictimai-siyasi sabitliyi pozmağa yönəlik çağırış xarakterli məlumatlar işıqlandırılmayıb, həmçinin saxta, cəmiyyətdə çaşqınlıq yaradan məlumatlar tirajlanmayıb. 

Əksinə, xəbər portalında insan hüquqlarının pozulması, sifarişli məhkəmə qərarlarının verilməsi, məmur aparatının qanunsuzluqları haqda geniş materiallar dərc olunub. 

Eyni zamanda, o dövrdə siyasi hakimiyyətdə güc sahibi olan keçmiş PA rəhbəri Ramiz Mehdiyev, Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov, eləcə də ayrı-ayrı nazirlər barəsində sərt tənqidlər, real sübutlarla dolu araşdırma məqalələr dərc olunub. Eyni zamanda, sosial-iqtisadi siyasət, media, vətəndaş cəmiyyətinin müstəqilliyi və digər səpkili mövzularda tənqidi yazılar yayımlanıb. 

Həmin yazılar ciddi narahatlıq doğurduğu üçün o dövrdə "Anaxeber.az"ın baş redaktoru Azər Talıbov dəfələrlə Baş Prokurorluğa çağırılıb, təzyiqlərə məruz qalıb, həbs olunacağı ilə hədələnib. Xüsusən də odönəmki Baş Prokurorun I müavini Rüstəm Usubov dərc edilən yazılara görə onu həbslə təhdid edib. Amma bunun nəticəsi olmadığı üçün "Anaxeber.az"ın bloklanması çıxış yolu kimi görülüb. Halbuki çox keçmədən həmin qüvvələrin çirkaba bulaşdığı sübuta yetirildi və vəzifələrdən uzaqlaşdırıldılar. 

Hazırda isə saytın fəaliyyətinin bloklanması ilə əlaqədar Avropa Məhkəməsinə verilmiş şikayətə iyunun 14-də baxılaraq qərardad elan olunacaq.  

Azər Talıbov Avropa Məhkəməsindən ədalətli qərar olacağını gözləyir.