Jurnalist Baş Prokurorluğun qarşısında aksiya keçirdi

Jurnalist Baş Prokurorluğun qarşısında aksiya keçirdi

24-10-2023 18:24 / Bu xəbər 817 dəfə oxundu

Oktyabrın 24-də reportyor Nurlan Qəhrəmanlı Baş Prokurorluğun binası qarşısında etiraz aksiyası keçirib. 

O, sentyabrın 21-də saxlanılmasına, 30 sutka həbs olunmasına və fiziki təzyiqə məruz qalmasına etiraz edib.

Onun sözlərinə görə, sentyabrın 21-də prokurorluq əməkdaşları onu paltarını dəyişməyə imkan vermədən birbaşa ev geyimində aparıblar.

Sosial şəbəkələrdəki yazılarına görə Baş Prokurorluğun İstintaq İdarəsində döyülüb, sonra inzibati qaydada həbs edilib.

Qəhrəmanlı bunu ifadə azadlığının pozulması hesab edir və bu gün baş prokuror Kamran Əliyevlə görüş tələb edib. 

Bundan sonra polis Baş Prokurorluğun binası qarşısında onu saxlayıb.

Daxili İşlər Nazirliyindən Turan-a bildiriblər ki, məsələ ilə bağlı daha sonra məlumat veriləcək.

Baş Prokurorluqdan şərh almaq mümkün olmayıb.

Bir neçə saat sonra isə Nurlan Qəhrəmanlı heç bir cəza tətbiq edilmədən polisdən buraxılıb.