Jurnalist keçmiş polis rəisinin zülmündən yazdı
18-03-2020 14:40 / Bu xəbər 2282 dəfə oxundu
"Demokrat.az” saytının baş redaktoru Vasif Həsənli Salyanın keçmiş polis rəisi Cəbrayıl Vəliyevin işdən çıxarılmasına və rayonda yaratdığı vəziyyətə münasibət bildirib.
Jurnalist Cəbrayıl Vəliyevi işdən çıxardığı üçün Daxili işlər naziri Vilayət Eyvazova təşəkkür etdiyini bildirib.
O qeyd edib ki, Vəliyev Əli Həsənovun vəzifədə olduğundan istifadə edib rayonda dözülməz vəziyyət yaradıb: "Bu gün Salyan rayonunda əsl bayramdır, təkcə ona görə yox ki, Torpaq çərşənbəsidir və baharın gözəl ətri hər yeri bürüyüb, həm də bütün rayon camaatı böyük bəladan xilas olduqları üçün sevinir. Bəli, Salyan camaatı üçün bu gün ikiqat bayramdır. Çünki uzun müddətdir rayon camaatının bəlasına çevrilən polis bölməsinin rəisi Cəbrayıl Vəliyev daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə işdən çıxarıldı. Salyan rayon camaatının bu xəbəri eşitmək üçün çox dözdüyünü yaxşı bilirəm. Cəbrayıl Vəliyev rayon polis bölməsinin rəisi vəzifəsində işlədiyi müddətdə insanlara çox zülm edirdi, sahibkarları "tasa otuzdurmuşdu". İstədiyi şəxsi küçədən tutaraq, polis bölməsinə aparır, boynuna istədiyi işi qoyur, ən yaxşı halda "haqq” alaraq sərbəst buraxır, tələb etdiyi pulu verməyəndə isə həbsə atırdı".
Vasif Həsənli qeyd edib ki, Cəbrayıl Vəliyevə görə rayonda insanlar sözün həqiqi mənasında həbsxanada olduğu kimi yaşayırdı: "Misal üçün, bazarın qarşısında avtomobilinizi saxlayıb, bir dəqiqəliyə aşağı düşsəniz, Cəbrayıl Vəliyevin göstərişi ilə bölməyə aparıla və "qatı cani” münasibəti ilə üzləşə bilərdiniz. Yaxud küçədə getdiyiniz vaxt heç nə etmədiyiniz halda Cəbrayıl Vəliyev sizi həbs edə bilərdi. Obrazlı şəkildə desək insanlar hər gün evdən çıxanda axşama qayıtmamaq ehtimalına görə ailələri ilə halallaşır, evə qayıda biləndə isə Allaha şükür edirdilər".
O bildirib ki, Cəbrayıl Vəliyev Salyanda əsl "gestapo" rejimi yaratmışdı: "Onun ən çox "ilişdiyi” şəxslər isə iş adamları, kiçik və orta sahibkarlar idi. Kiçik, yaxud böyük olmasından asılı olmayaraq, bizneslə məşğul olan (el arasında alver deyilir) şəxs Cəbrayıl Vəliyevə "haqq” ödəməli, əks təqdirdə, ya biznesi əlindən çıxa, ya da həbsə gedə bilərdi. Prezident İlham Əliyev ölkədə sahibkarlığın inkişafı üçün ciddi addımlar atdığı vaxt Cəbrayıl Vəliyev Salyanı öz "respublikası” elan etmiş, xoşuna gəlməyənlərin başını sorğusuz-sualsız "kəsirdi”. Sual yaranır, bir polis rəisi niyə bu qədər harınlaya, dövlət rəhbərliyinin siyasətinin əksinə olaraq, insanlara zülm edə bilərdi. Cəbrayıl Vəliyev Prezidentin sabiq köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın qardaşıdır. Onun Salyanda "başkəsənlik” edə bilməsi və cəzasız qalmasının səbəbi də məhz bu qohumluq əlaqəsi idi".
"Cəbrayıl Vəliyev qohumu Əli Həsənovun hesabına polis rəisi olduğu rayonlarda "at oynadır”, "haqq” toplayır, insanları incidir və cəzasız qalırdı. Şəxsən mən və ailəm Cəbrayıl Vəliyevin özbaşınalığı ilə üz-üzə qalmışam. Belə ki, rəhbəri olduğum saytda Əli Həsənov və onun de-fakto rəhbərlik etdiyi TV-lər, media orqanları, yaxud şirkətlər haqqında istənilən neqativ informasiya Cəbrayıl Vəliyevin Salyan rayonunda yaşayan valideynlərimi narahat etməsi ilə nəticələnirdi. Hətta, Xəzər TV-yə Əli Həsənovun oğlu Şamxal Həsənov rəhbərlik etdiyi vaxt Tolikin verilişini tənqid etdiyim üçün Cəbrayıl Vəliyevin təzyiqi ilə üzləşdim. Hadisə belə oldu: "Demokrat.az” saytında Xəzər TV-nin səviyyəsiz verilişləri tənqid ediləndə Əli Həsənovun oğlu Şamxal Vəliyev dayısı Cəbrayıl Vəliyevə "bu şəxsi cəzalandırmaq lazımdır” göstərişi vermişdi, Cəbrayıl Vəliyev də qohumlarım vasitəsilə validenylərimə təzyiq göstərirdi, onları narahat edirdi", - deyə jurnalist polis rəisinin ailəsinə etdiyi təzyiqlərə də toxunub.
"Cəbrayıl Vəliyevin özbaşınalığı ilə Salyan rayonunun hər bir sakini bu və ya digər formada üzləşib. Məhz buna görə rayon camaatının bu günü ikiqat bayram etməyə haqqı var. Bizi belə bir bəladan xilas etdiyi üçün hörmətli Daxili işlər naziri Vilayət Eyvazova təşəkkür edirik!", - o bildirib.
Qeyd edək ki, martın 17-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Cəbrayıl Vəliyev tutduğu vəzifədən azad edilərək Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.












