Jurnalist Kürdəxanıda intihara cəhd edib

Jurnalist Kürdəxanıda intihara cəhd edib

31-03-2024 00:14 / Bu xəbər 1154 dəfə oxundu

O, dəfələrlə təzyiqə məruz qaldığını, təhdid olunduğunu deyib

"Kanal 13” internet televiziyasının həbsdə olan əməkdaşı Şamo Eminovun özünə qəsd etdiyi bildirilir.

Vəkili Elçin Sadıqovun sözlərinə görə, Şamo Eminov özü martın 29-da məhkəmədə bu barədə məlumat verib.

Şamo Eminov Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır.

O bildirib ki, təcridxanada dəfələrlə hədələnib, təhqir olunub.

"Dediyinə görə, təhqirlərə dözməyərək intihara cəhd edib”, – vəkil Elçin Sadıqov bildirib.

Şamo Eminov eyni zamanda, səhhətindəki problemlərdən də danışıb.

Deyib ki, kəskin böyrək ağrılarından əziyyət çəkir. Həmçinin mədəsində qanaxmalar var.

Jurnalistin həyat yoldaşı Dürdanə Eminova da martın 27-də istintaq təcridxanasında onunla görüşdən sonra Şamo Eminovun sağlıq durumunun pisləşdiyi haqda məlumat vermişdi.

Onun sözlərinə görə, Şamo Eminovun mədəsi və qaraciyərində ciddi problemlər var: "Bir neçə gün əvvəl ağzından qan gəlib”.

Dürdanə Eminova həyat yoldaşının Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi üçün müvafiq strukturlara müraciət edib.

Dekabrdan həbsdə olan Şamo Eminov haqqında istintaq dövrü üçün seçilmiş həbs qətimkan tədbirinin müddəti martın 19-da daha 2 ay uzadıldı.

Onun vəkili Səbail rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti vermişdi.

Martın 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Anar Tanrıverdiyevin sədrliyilə sözügedən şikayətə baxılıb və qərar qüvvədə saxlanılıb.

Şamo Eminov "Kanal 13” internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucovla birlikdə eyni cinayət işi üzrə qaçaqmalçılıqda ittiham olunur.

Əziz Orucov noyabrdan həbsdədir. Şamo Eminovla eyni gündə onun haqqında da həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.

Həm Əziz Orucov, həm də Şamo Eminov onlara Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə verilən ittihamı qəbul etmir.

Onlar təqsirsiz olduğunu vurğulayaraq, "Kanal 13”ün fəaliyyətinə görə cəzalandırıldıqlarını deyirlər.

Son 4 ay ərzində Azərbaycanda müxtəlif media qurumlarını təmsil edən 15-ə yaxın jurnalist qaçaqmalçılıq ittihamıyla həbs olunub.

"Abzas Media”, "Toplum TV” və s. media orqanlarının ofislərində axtarış aparılıb.

İddia olunur ki, adları çəkilən media orqanlarının əməkdaşları xaricdən qaçaqmalçılıq yolu ilə pul gətiriblər.

Lakin jurnalistlər bu ittihamları rədd edir, hakimiyyətdə təmsil olunanların korrupsiya əməllərini ifşa etdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.