Jurnalistikada gecə və gündüzün hekayəsi

Jurnalistikada gecə və gündüzün hekayəsi

22-01-2021 18:18 / Bu xəbər 2415 dəfə oxundu

"Azərbaycan jurnalistikasındakı boşluqlardan biri azad cəmiyyətin, azad fikirli və azad ruhlu insanların olmamasıdır”.

Jurnalist, multimedia təlimçisi Vüsalə Əlibəyli "Toplum TV”yə müsahibə verib.

Müsahibəni təqdim edirik: 

- "Media və jurnalistika” təliminin qarşısına qoyduğu məqsədlər nələrdir və hansı yeniliklər əhatə olunub?

- Əkinçinin bir çox layihələri kimi bu da çox unikaldır. Layihədə yer alan epizodların hər birinin ssenarisi yazılır, xüsusi olaraq seçilir və səsləndirilir. Ssenarilərin yazılması və səsləndirilməsi isə mənə aiddir. Layihə rəhbəri Vüqar Salamlı mənə bu barədə bəhs edəndə çox sevindim, çünki bu, jurnalist olaraq bizim hər zaman yaralı yerimiz olub. Düşünürəm ki, həm jurnalistlərin, həm də cəmiyyətin media savadlılığı baxımından Azərbaycan cəmiyyətinin də yaralı yeridir. Saxta xəbərlərin tüğyan etdiyi bir zamanda jurnalistlərin peşəkarlığı ilə yanaşı, oxucuların da jurnalistika savadlarının olması onların asanlıqla doğru və yalan xəbəri ayırd etməsində önəmli rol oynayacaq. Digər tərəfdən media savadlılığı həm də sorğulamaq deməkdir. Mənim düşüncəmə görə, sual verən insan azad insandır. Qapalı cəmiyyətlərdə isə heç nə sorğulanmır. Bu cür layihələr isə insanları baş verən hadisələrə şübhəcil yanaşmağa, onları sorğulamağa sürükləyir. Yenə də yer aldığım bu layihə Azərbaycan jurnalistikasındakı boşluğun sadəcə bir hissəsini doldura bilər. Bu baxımdan belə layihələr davamlı və sayca çox olmalıdır ki, hətta rəqabət yaransın.

- Azərbaycan jurnalistikasında müşahidə etdiyiniz və mübarizə aparmaq istədiyiniz hansı boşluqlar var?

- İlk növbədə var olan boşluq jurnalistika təhsili ilə bağlıdır. Azərbaycanda tədris olunan jurnalistika təhsilinin axsayan yönləri həddən artıq çoxdur və eyni zamanda azad deyil. Əgər təhsil azadlığı yoxdursa, burada yaradıcılıqdan və peşəkarlıqdan söhbət gedə bilməz. Mənim tələbəlik illərimdən davam edən problemlər hələ də qalmaqdadır. İkinci problem tədris materiallarının olmamasıdır. Mən ssenariləri yazmaq üçün xeyli xarici mənbə araşdırıb oxumuşam. Digər tərəfdən bir neçə il öncə mənim həmmüəllifi olduğum bir kitab nəşr edildi, amma universitetlərdə onun tədrisinə imkan verilmədi. Bu da onun göstəricisidir ki, qaynaqlara çatımlılıq rahat deyil. Bu baxımdan həmin animasiyalar jurnalistlər üçün həm də mənbə rolunu oynayacaq. Ən bariz boşluqlardan digəri isə azad cəmiyyətin, azad fikirli və azad ruhlu insanların olmamasıdır. Azərbaycan kimi azad və peşəkar medianın basqılara məruz qaldığı ölkələrdə bu resurs çox faydalıdır.

- Animasiyalar neçə bölümdən ibarət olacaq və nə zamana qədər davam etdirilməsi düşünülür?

- İlk mərhələdə animasiyalar 10 epizod olacaq. Bu videoların bölüm əvəzinə epizod adlandırılmağının da səbəbi var. Bunlar jurnalistlərin qarşılaşacaqları epizodlardır. Animasiyalarda yer alan çətinlikləri jurnalist olaraq hər birimiz yaşayırıq. Bunların öhdəsindən gəlməkdə isə bu epizodlar bir növ mayak rolunu oynayacaq. İlk 10 epizodda biz əsas anlayışlar haqqında məlumatlar çatdırmağa çalışacaq və maraq doğurarsa davam etdirəcəyik. Eyni zamanda biz izləyicilərin şərhlərini oxuyub, onların maraqlı fikirlərini dəyərləndirə bilərik. Bəlkə də, onlardan hansısa maraqlı təklif gələcək.

- Təlimlərin təqdimatı üçün nəyə görə məhz animasiya üsulunu seçmisiniz?

- Təlimlərin animasiya vasitəsilə çatdırılması mənim qərarım olmasa da, ürəyimcə oldu. Çünki jurnalistika insanların informasiya almaq ehtiyacından yaranıb. Zamanla isə bu ehtiyac trendlərə uymağa çalışır. Hazırkı dövrün trendi isə multimediadır, yəni insanlar oxumadan izləyərək öyrənmək istəyirlər. Bu animasiyalarda da rənglərin seçimi insanın gözünü yormayacaq və marağına səbəb olacaq şəkildə seçilib. İnformasiyanın bu cür çatdırılması dinamiklik yaradır və onun daha asan qavranmasına kömək olur. Animasiyalardakı qəhrəmanlar - Leyla və Gündüz isə simvolik olaraq seçilib. "Leyla”nın mənası gecə deməkdir, yəni istənilən bir həqiqətin digər üzü də var. Bu iki qəhrəman fəaliyyətə yeni başlayan jurnalistlərdir və onlar səhv edib çətinliyə düşsə də, sonda bu səhvlərin öhdəsindən gələ bilirlər. Yəni animasiyalar jurnalistlərin yaşadıqları həyatın və ümimiyyətlə, Azərbaycan cəmiyyətinin güzgüsüdür.

- Epizodların məzmunları jurnalistikanın daha çox hansı sahələrini əhatə edir?

- Videoların məzmunları ilə bağlı danışsaq, əslində A-dan Z-yə hər şeyi əhatə etmək mümkün deyil. Jurnalistikada müzakirə ediləcək, incələnəcək xeyli məqamlar var. Hətta bəzən elə kiçik situasiyalar ola bilər ki, jurnalist həmin an hansı qərarı verəcəyini bilmir və veriləcək səhv qərar həm reportajda yer alan şəxsə, həm də jurnalistin özünə zərər vura bilər. Bu epizodlarda məhz bu cür detallara diqqət yetirməyə çalışmışıq. Eyni zamanda özümün 15 illik təcrübəm müddətində qarşılaşdığım dilemmaları xatırlamağa çalışıb yazdığım ssenarilərdə bunlardan bəhs etmişəm.

Nigar Səmədli