Elman Fəttah: "Azərbaycanın Minsk Qrupunu iqnor etməsi ağlabatan görünmür"

Elman Fəttah:

24-09-2021 22:59 / Bu xəbər 7301 dəfə oxundu

Sərhçi Elman Fəttah Toplum TV-yə son zamanlar Azərbaycanın Qarabağ münaqişəsi və qonşu ölkələrlə bağlı yürütdüyü xarici siyasəti şərh edib.

Müsahibəni təqdim edirik:

- Rusiyanın XİN başçısını müavini Andrey Rudenko deyib ki, Minsk qrupu həmsədrləriylə birgə Nyu-Yorkda Azərbaycan, Ermənistan XİN başçılarının görüşü gözlənilir. Minsk qrupu ölkələri təkidlə danışıqların bərpa olunmasına dair çağırışlar səsləndirirlər. ABŞ-ın Ermənistandakı səfiri də dəfələrlə Qarabağın statusunun müəyyənləşdirilməsi barədə fikirlər səsləndirib. Azərbaycan Minsk Qrupu vasitəçiliyi ilə danışıqları bərpa etməlidirmi? Bu danışıqların tematikası nə ola bilər? Minsk Qrupunu təklif edəcəyi yeni nələrsə varmı? Burada Dağlıq Qarabağın statusu da müzakirə mövzusu ola bilərmi?

- ATƏT-in Minsk Qrupu (əvvəlki adı ATƏM-in Minsk qrupu) Ermənistanla Azərbaycan arasındakı Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur.

Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunmuş, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.

1994-cü ildə Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilib. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edib. 

1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. Qısası, ATƏT-in Minsk Qrupu məhz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradılmış Beynəlxalq konfransdır. 

Tarixi xronologiyaya detallı qayıtmış olsaq, Azərbaycan 2 mart 1992-ci ildə BMT-yə üzv qəbul olduqdan dərhal sonra münaqişənin həlli ilə bağlı BMT-yə müraciət edir. BMT münaqişənin nizamlanması ilə bağlı ATƏT-i (ATƏM)mandatla təmin edir. Yəni münaqişənin nizamlanması ilə bağlı beynəlxalq mandat ATƏT-in Minsk qrupundadır və Minsk qrupu həmsədrlik institunun fəallaşma cəhdi yeni situasiya deyil. Bu baxımdan Azərbaycanın Minsk qrupunu iqnor etməsi ağlabatan görünmür. 

Danışıqların tematikasına gəldikdə, 30 ilə yaxındır davam edən bu vasitəçilikdə iki ana başlıq var: Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılması və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi.1992-ci ildən davam edən prosesdə Minsk qrupu işğal edilmiş ərazilərin qaytarılmasına nail ola bilmədi və ya nail olmaq üçün yetərli əzmkarlıq göstərmədi. Nəzərə alsaq ki, həmsədrlik institutu vasitəçilik mandatını BMT-dən alır, BMT işğal faktı ilə bağlı Azərbaycanın xeyrinə 4 qətnamə qəbul edib. Ancaq onların icrası 25-30 ilə reallaşmadı. Hansı ki bu, həmsədrlərin missiyasının iki əsas funksiyasından biri idi. 44 günlük savaş sonrası Azərbaycan hərbi gücü ilə bu qətnamələri reallaşdırdıqdan sonra əslində həmsədrlik institunun fəaliyyətinə ehtiyac duymur. Həmsədrlərin yeni situasiyadakı günədliyində cəmi bir əsas məsələ olacaq: Dağlıq Qarabağa status verilməsi. Bu isə Azərbaycanın heç nə ala bilmədən çox şey verməsi olardı. İndiki halda vasitəşilik missiyanın bərpası Azərbaycanın maraqları baxımından uğurlu heç nə vəd etmir.

- Sentyabrın 21-də Ermənistanın müstəqillik günüylə bağlı təntənəli tədbirdə Nikol Paşinyan iki erməni dövlətinin mövcudluğundan danışdı. Biz görürük ki, Ermənistan sülh sazişi imzalamaq və Azərbaycanın ərazi bütövlüyünü tanımaq istiqamətində heç bir güzəştə getməyə hazırlaşmır. Bu ritorikanın davamı regionda yeni eskalasiyaya səbəb ola bilərmi? Azərbaycan necə davranmalıdır?

- Paşinyanın münaqişə ilə bağlı yanaşmaları ardıcıl deyil. Bir gün aşırı ekspansionist, o biri gün qarşılıqlı əməkdaşlıq fonunda açıqlamalar verir. Şəxsən mən Paşinyanın ikinci yanaşmasının üstünlük qazanacağını güman edirəm.Nəzərə alaq ki, o, qondarma qurumun "müstəqillik” günündə iştirakdan imtina etdi. Türkiyə ilə münasibətlər qurmağa cəhd edir. Bu baxımdan Qarabağda yeni eskalasiya gözlənilən deyil. Sadəcə olaraq, nizamlama və normallaşma prosesi çox ağrılı və ləng gedəcək.

- Ermənistanın güzəştsiz mövqeyi fonunda Türkiyə Ermənistanla sərhədləri aça bilərmi? Necə düşünürsünüz Türkiyənin Ermənistanla inteqrasiyaya başlaması Azərbaycanın xeyrinədir, yoxsa?

Ermənistanın güzəştli mövqeyə keçid prosesi çox ağrılı məsələdir. Düşünün ki, bu ölkə müstəqillik bəyannaməsində Azərbaycana və Türkiyəyə torpaq iddialarını əsas prioriteti elan edib. Türkiyəyə münasibətdə 1915 hadisələri kontekstində ağlasığmaz həcmdə "Üç T” iddiası irəli sürür-Tanıma, Torpaq, Təzminat. Müstəqillik sonrası erməni siyasi elitası da bu axmaq iddianın formalaşdırdığı psixopolitik siyasi təfəkkürün əsiridir. Ancaq 44 günlük müharibə sonrası erməni siyasi təfəkküründə ortaya müəyyən təbəddülatlar çıxıb. Bu təbəddülatlar az da olsa ümid yaradıb ki, Paşinyanın timsalında formalaşan yeni siyasi elita Ermənistanın xilası üçün yeni siyasi təfəkkür təqdim edə bilərlər. Bu baxımdan Ermənistan Türkiyə yaxınlaşması mümkündür və Azərbaycanın maraqlarına zidd deyil.
 
- Avqustun 5-də Ermənistan Müdafiə Nazirliyi Rusiya hərbçilərinin Qazaxla sərhəddə yerləşdirilməsi barədə məlumat yayıb. Bəzi mütəxəssislər bunu Qazaxın 7 kəndinin qaytarılacağı ilə, bəziləri isə əksinə, kəndlərin qaytarılmayacağı ilə əsaslandırırdı. Artıq bu hadisənin üstündən 2 aya yaxın vaxt keçir və hələ də kəndlər qaytarılmayıb. Rus hərbçilərinin kəndlərin qaytarılmaması üçün yerləşdirildiyini deyənləri haqlı hesab etmək olarmı?

- Ümumiyyətlə, harada rus əsgəri varsa və olacaqsa, bu prosesin Azərbaycanın ziyanına olacağı şübhəsizdir. Ancaq Ermənistan sərhədlərində rus hərbiçilərinin yerləşdirilməsi yeni hadisə deyil. SSRİ dağıldıqdan sonra Rusiya- Ermənistan arasında sərhədlərin birgə mühafizəsi haqqında saziş var və Azərbaycan Ermənistan sərhədlərinə də rus hərbiçilələrinin yerləşdirilməsi bu sazişə əsasən baş verir. Nəticəsinin nə olacağını isə gələcək göstərəcək. Qazax rayonunun işğal olunmuş kəndlərinin qaytarılması məsələsi isə 10 noyabr bəyanatında əvvəl qeyd edilsə də yekun mətndə yoxa çıxdı. Yəni həmin kəndlər Ağdam, Kəlbəgər kimi döyüşsüz geri qaytarılma prosesindən onsuzda kənarda qaldı.
 
- Azərbaycanla Rusiya arasında ritorik gərginlik müşahidə edilir. İki ölkə münasibətlərindəki gərginlik ritorikadan o tərəfə keçə bilərmi? Yəni açıq siyasi böhrana?

- Rusiya və Azərbaycan arasında son zamanlar ardıcıl olmadan davam edən gərginlik ritorikasının həddini Türkiyənin Azərbaycanın arxasında möhkəm dayanmasının həcmi müəyyən edir. Türkiyə-Rusiya münasibətləri bu gərginliyinin siyasi böhrana çevrilməsini şərtləndirmir. Gərginliyin qaynağı isə Rusiyanın Azərbaycan-Ermənistan münaqişəsinə birbaşa müdaxil olmasıdır. Rusiya müttəfiqi Ermənistanın xeyrinə davranışlarını biruzə verdikcə, epizodik gərginlik də artıb azalır.

- Necə düşünürsünüz,İranla da bunun baş verəcəyini gözləmək olarmı? Tehranda Azərbaycan, Türkiyə və iran XİN başçılarının görüşü gözlənilir. Bu görüşdən nə gözləmək olar?

- Çox şey gözləmək olar. İran dünyanın ən təcrübəli diplomatiya tarixinə malik ölkədir. Real politikanın şərtlərinə yaxşı oxuya bilir. İndiki situasiyada Azərbaycanı və Türkiyəni eyni anda qarşısına alacaq yanlışa yol verməz. Danışıqlar gərginliyi xeyli yumşaldacaq.

- Siz Azərbaycanın Rusiya və İranla münasibətlərdəki mövqeyini necə dəyərləndirirsiniz? Azərbaycanın prinsipiallığı onun zərərinə işləyə bilərmi, yoxsa bu düzgün siyasətdir?

- Hər iki ölkəyə münasibətdə qeyri adi mövqe sərgilənmir. Ölkənin maraqlarının müdafiəsində prinsipial davranış diplomatiyanın əlifbasıdır ki, rəsmi Bakı bu mövqedə tərəddüd etməməlidir.