Jurnalistin qanunsuz olaraq işdən çıxarıldığı bir daha təsdiqlənib

Jurnalistin qanunsuz olaraq işdən çıxarıldığı bir daha təsdiqlənib

21-02-2023 11:50 / Bu xəbər 1060 dəfə oxundu

Bakı Apellyasiya Məhkəməsi "Yeni Azərbaycan” qəzetinin apellyasiya şikayətini təmin etməyib 

Jurnalist Qaşqay Ziyəddin oğlu Ramazanov qanunsuz olaraq işdən çıxarıldığı iddiası ilə "Yeni Azərbaycan” qəzetini  məhkəməyə vermişdi. 

30 noyabr 2022-ci il tarixində jurnalistin iddiası əsasında Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə keçirilən iclasda Qaşqay Ziyəddinoğlunun işdən azad edilməsi haqqında əmrin ləğvi,  işə bərpa olunması və isburaxma dövrü üçün əməkhaqqının ödənilməsi barədə qətnamə çıxarılmışdı. 

Bununla razılaşmayan "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev vəkili vasitəsilə Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdi. 

Q.Ziyəddinoğlunun verdiyi məlumata görə, "Yeni Azərbaycan” qəzetinin Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayətinə 20 fevral 2023-cü ildə baxılıb. 

Jurnalistin sözlərinə görə, hakim Məhəmməd Rüstəmlinin sədrliyi ilə keçirilən baxış iclasında Bakı Apellyasiya Məhkəməsi "Yeni Azərbaycan” qəzetinin şikayətini təmin etməyib və Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsini qüvvədə saxlayıb.     
 
Jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Qaşqay Ziyəddin oğlu Ramazanov 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif edilib.