Jurnalistin telefonunu qaçıran məmur kimin kadrıdır?
13-06-2022 12:59 / Bu xəbər 1053 dəfə oxundu
Bir neçə gün öncə "Toplum TV”nin əməkdaşları Vüsalə Mikayıl və Nuray Kamal Elmlər Akademiyası ərazisində çəkiliş apararkən təzyiqlə üzləşdiyi barədə məlumat vermişdik.
Mağazası sökülən sahibkarın şikayətini işıqlandırarkən özünü Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən Vüsal adlı şəxs müxbirlərin video çəkilişə mane olaraq jurnalistləri 21 saylı Mənzil Kommunal İstismar İdarəsinə müsahibə üçün dəvət edərək onlara şikayəti işıqlandırmamaları üçün rüşvət təklif etdiyi bildirilirdi.
Jurnalistlər məmurun bu təklifindən imtina etdikdə, Vüsal adlı şəxs jurnalistin telefonunu alaraq ərazidən uzaqlaşıb.
Qlobal.az müxbirlərin fəaliyyətinə maneçilik törədən məmur barədə məlumat əldə edib. Belə ki, Vüsal Hüseynovun Yasamal rayon İcra Hakimiyyəti başçısının 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışır.
Onu bu vəzifəyə Yasamal rayon İcra Hakimiyyəti başçısının 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Azər Babayevin təyin etdiyi bildirilir.
Azər Babayev əvvəllər "Naxçıvanqaz" İstehsalat Birliyinin direktor müavini vəzifəsində çalışıb.
Azər Babayevin Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun qohumu olduğu deyilir.
Azər Babayev "Naxçıvanqaz" İstehsalat Birliyinin direktor müavini vəzifəsindən 2011-ci ildə azad edilib.












