Jurnalistləri Müdafiə Komitəsi: “Kanal 13”ün direktoru dərhal azad edilməldir
29-11-2023 22:17 / Bu xəbər 998 dəfə oxundu
"Azərbaycan hakimiyyəti qanunsuz tikinti ittihamı ilə həbs etdiyi məşhur "Kanal 13”ün direktoru Əziz Orucovu azad etməli və müstəqil mediaya qarşı təqiblərə son qoymalıdır”.
Bu barədə noyabrın 29-da mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi bildirib.
Məlumatda deyilir ki, Bakının Səbail Rayon Məhkəməsi polisin evində, ofisində və avtomobilində axtarış aparmasından sonra Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçib.
Günahı sübuta yetirilərsə, onu Azərbaycan Cinayət Məcəlləsinin 288.2-ci maddəsi ilə üç ilədək həbs cəzası gözləyir.
Vəkil Bəhruz Bayramov CPJ-yə bildirib ki, Orucov aldığı torpaq sahəsində özünə ev tikib.
Torpaq rəsmi qeydiyyata alınmasa da, Bayramov bildirib ki, Bakıda minlərlə sənədsiz ev var, amma buna görə başqa kimsə həbs olunmayıb.
Vəkilin sözlərinə görə, ittiham Orucovun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəlib.
"Müstəqil onlayn yayım kanalı "Kanal 13” nümayişlər və insan haqlarının pozulması kimi həssas mövzuları müntəzəm işıqlandırır və müxalifətin fikirlərinə yer verir”, - Media Hüquqları Qrupunun təsisçisi Ələsgər Məmmədli CPJ bildirib.
"Keçən həftə korrupsiya araşdırmaları aparan "Abzas Media” nəşrinin üç jurnalist və media işçisinin həbsindən sonra Azərbaycan hakimiyyəti Əziz Orucovun həbsi ilə daha bir kritik onlayn xəbər platformasını hədəfə götürüb”, - CPJ-nin Avropa üzrə nümayəndəsi Gülnoza Səid bildirib.
"Azərbaycan hakimiyyəti Orucovu azad etməli, ona qarşı ittihamları götürməli və müstəqil mətbuata qarşı təzyiqlərə son qoymalıdır”, - Gülnoza Səid əlavə edib.
Orucovun həyat yoldaşı Lamiyə Orucova CPJ-yə bildirib ki, əri "terrorçu kimi” səkkiz polis əməkdaşı tərəfindən həbs edilib, onlardan yeddisi maska taxıb.
Polis "Kanal 13”ün ofisindən sənədləri və USB disklərini müsadirə edib, həmçinin evlərindən iki noutbuk, mobil telefon, sənədlər və bank kartlarını götürüb.
CPJ şərh üçün Bakı Şəhər Baş Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə e-poçt göndərsə də, heç bir cavab almayıb.