"Jurnalistlərin azadlığa buraxılmasını tələb edirik"

26-02-2024 18:18 / Bu xəbər 783 dəfə oxundu

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" jurnalist Əvəz Zeynallı və Elnur Şükürovun həbsini pisləyib. 

Təşkilat bununla bağlı bəyanat yayıb.

Bu barədə Arqument.az"a təşkilatın sədri Fikrət Cəfərli məlumat verib. 

Fevralın 26-da "Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və onunla birlikdə mühakimə olunan "Səda TV” adlı "Youtube” kanalının idarəedicisi Elnur Şükürova Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədirliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Zeynallı 9, Şükürov 4 il müddətinə azadlıqdan məhrum edilib.

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatı deyir ki, hər iki jurnalistin həm ibtidai istintaq dövrünü, həm də məhkəmə proseslərini diqqətlə izləyıb.

Məhkəmə proseslərində iş üzrə şahidlərin ifadələrinə əsasən Mərkəz o qənaətə gəlib ki, jurnalistlər - Zeynallı və Şükürovun cinayət törətmələri sübuta yetiriləyib. 

"Mərkəz olaraq Əvəz Zeynallı və Şükürova qarşı çıxarılmış hökmü qanunsuz, sifarişli, siyasi sayır və onların azadlığa buraxılmasını tələb edirik", - deyə təşkilat bildirib. 

Elnur Şükürov isə 2022-ci il sentyabrın 13-dən həbsdədir.

O da təqsirsiz olduğunu və Əvəz Zeynallının əleyhinə ifadə vermədiyinə görə cəzalandırıldığını deyir.

"Elnur ilk insandır ki, mənim üzümə durmadı. Ona hamının qarşısında minnətdarlıq eləmək istəyirəm. Mən siyasi məhbus deyiləm, mən vicdan məhbusuyam. Bu cinayət işi də sözün davasıdır…”, – Əvəz Zeynallı bildirib.

Prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il azadlıqdan məhrum edilməsini istəmişdi.