Keçmiş direktorla dövlət qurumları arasındakı məhkəmə çəkişməsi
29-08-2023 17:57 / Bu xəbər 776 dəfə oxundu
Bakıda fəaliyyət göstərən 169 nömrəli tam orta məktəbin keçmiş direktoru Pərvanə Əzimova ilə Bakı Təhsil İdarəsi və Elm və Təhsil Nazirliyi arasındakı məhkəmə çəkişməsinin təfərrüatları məlum olub.
Qaynarinfo yazır ki, apelyasiya şikayətini Pərvanə Əzimova verib. Lakin araşdırmalarımız zamanı məlum olub ki, şikayətçi qarşı tərəf - yəni, Bakı Təhsil İdarəsi ilə Elm və Təhsil Nazirliyidir. Bu şikayət əslində birinci instansiya məhkəməsinin qərarı ilə bağlı deyil.
Yeni məlumatlardan aydın olur ki, 2019-cu ildə 169 nömrəli tam orta məktəbin direktoru təyin edilən Pərvanə Əzimova 2022-ci ildə işdən çıxarıldıqdan sonra işə bərpa və əmək haqqının ödənilməsi tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib.
İşə hakim Mehriban Əfəndizadənin sədrliyi ilə baxılıb.
Hakim keçmiş direktorun iddiasını təmin edib.
Qarşı tərəf, xüsusilə, Bakı Təhsil İdarəsi hakimin qərarından narazı qalıb. Lakin maraqlıdır ki, idarə apellyasiya şikayətini gecikdirib. Qurum şikayətvermə müddəti bitdikdən sonra Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Şikayətvermə müddətinin ötürülməsi isə vahid elektron məhkəmə portalının guya işləməməsi ilə əlaqələndirilib. Lakin idarənin arqumenti əsassız sayılıb və şikayət qəbul edilməyib.
Bu halda Bakı Təhsil İdarəsi Nəriman Rayon Məhkəməsinə müraciət edərək şikayətvermə müddətinin bərpa olunmasını istəyib.
İşə hakim Nərgiz Tağıyevanın sədrliyi ilə baxılıb. Hakim idarənin iddiasını təmin etməyib.
Bakı Təhsil İdarəsi bu dəfə Nərgiz Tağıyevin qərarından apelyasiya şikayəti verib. Beləliklə, aydın olur ki, hazırki apellyasiya məhkəməsi əslində şikayətvermə müddətinin bərpası ilə bağlıdır.
İşin maraqlı tərəflərindən biri də budur ki, Bakı Təhsil İdarəsi apellyasiya şikayətini yubatsa da, Elm və Təhsil Nazirliyi Mehriban Əfəndizadənin qərarı ilə bağlı şikayəti təqdim edə bilib. Bu iş üzrə hələ ki, proses keçirilməyib.
Araşdırmalarımız zamanı o da aydın olub ki, əslində problem Bakı Təhsil İdarəsi ilə bağlıdır. Yəni Pərvanə Əzimovanın işdən çıxarılmasında əsas rol Bakı Təhsil İdarəsinin üzərinə düşüb. İşdən çıxarılması ilə bağlı Pərvanə Əzimovaya heç bir səbəb göstərilməməsi keçmiş direktorun qərarı qanunsuz saymasını şərtləndirib.
Pərvanə Əzimova direktor olmazdan əvvəl də 169 saylı məktəbdə müxtəlif vəzifələrdə çalışıb. Hətta onun sözügedən məktəbin məzunu olduğu deyilir.
Məlumatlarda o da qeyd edilir ki, Pərvanə Əzimovanın həyat yoldaşı Birinci Qarabağ savaşının iştirakçısıdır. Ölkə başçısı tərəfindən ona mənzil də hədiyyə edilib.