Keçmiş nazir prezidentliyə namizədliyini irəli sürəcək

Keçmiş nazir prezidentliyə namizədliyini irəli sürəcək

22-12-2023 14:02 / Bu xəbər 1015 dəfə oxundu

Fikrət Yusifov öz təşəbbüsü ilə namizəd olacağını deyir 

Keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun prezidentliyə namizədliyini irəli sürdüyü bildirilir.

Bu barədə "Musavat.com”a Fikrət  Yusifov özü məlumat verib.

Fikrət Yusifov deyib ki, Qarabağ münaqişəsi bitdikdən sonra ölkədə iqtisadi islahatlar reallığa çevrilib.

"Ölkə iqtisadiyyatının yüksəlişini təmin edə biləcək iqtisadi islahatlar proqramımızın məhz seçki tribunasından səsləndirilməsinin daha məsuliyyətli bir addım olacağına inanaraq, 2024-cü ilin fevral ayının 7-də keçiriləcək Prezident seçkilərində iştirak etmək qərarına gəldim. Bu məqsədlə öz təşəbbüsümlə prezidentliyə namizədliyimi irəli sürürəm”, – deyə o qeyd edib.

Keçmiş nazir seçkini boykot edənləri də tənqid edib: "Qoy bu seçkini boykot edənlər, iştirakdan imtina edənlər bilsinlər ki, biz bu cəmiyyətdə qarşıdurma deyil, vətəndaş həmrəyliyi yaratmaq üçün varıq. Biz bu seçkilərə daha güclü Azərbaycanın yaradılmasına töhfə verə bilmək üçün gedirik. Biz bu seçkilərə yüksək vətəndaş həmrəyliyi yaratmaq  üçün gedirik”.

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkisinə namizədlərin sayı 8 nəfərə çatıb.

Digər namizədlər kimlərdir?

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Bu günə qədər ölkə başçısı İlham Əliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev və Fuad Əliyev namizədliklərini irəli sürüblər.

AXCP və Müsavat isə seçkiləri boykot edəcəklərini açıqlayıblar.

Ümid və Haqq Ədalət partiyaları seçkidə İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.