Kənd təsərrüfatı ciddi təhlükədə: iqlim dəyişikliyi ilbəil fəsadları artırır

Kənd təsərrüfatı ciddi təhlükədə: iqlim dəyişikliyi ilbəil fəsadları artırır

22-11-2023 16:43 / Bu xəbər 1518 dəfə oxundu

Mütəxəssislər: İqlim dəyişikliyinə uyğunlaşma üzrə Dövlət proqramı hazırlanmalı, fermerlər maarifləndirməlidir

"Bu il qışda, yazda yağıntı olmadığından  müxtəlif cür həşəratlar, parazitlər, gəmircilər və xəstəliklər artdı.  Vaxtsız yağan yağıntı da nar bağlarında məhsuldarlığı  30-40 % azaltdı. Çünki yağıntı çürüdür, qurdlar məhv edir. Susuzluğa görə əkin sahələrini iki dəfə  azaldıb bağçılığa yönəlmişik, taxılçılıqdan hektarına 1 sentner məhsul götürmədik. Torpaqlarda  şoranlaşma, şorakətləşmə 20-25% artıb". 

"Hektarlarla meyvə bağlarımıza, əkin sahələrimizə, yüzlərlə istixanalarımıza ziyan dəydi" 

Göyçayın Bığır kənd sakini, ixtissasca aqronom Rəşad Məmmədov həyəcan təbili çalır. İldən-ilə artan iqlim dəyişikliyi zəhmətkeşlərin kənd təsərrüfatına ciddi ziyan vurur. 

Qlobal iqlim dəyişikliyi kənd təsərüfatında quraqlıq, sel, intensiv yağıntılar və daşqınlarla  xarakterizə olunur. 

Nəticədə son illər kəndlilər susuzluq, məhsuldarlıqda azalma və torpaqların şoranlaşması ilə mücadilə etməli olur. 

"Bu ilin may və yay aylarında  4 dəfə güclü külək, güclü yağıntı sel, daşqın oldu ki,rayonda hektarlarla meyvə bağlarımıza, əkin sahələrimizə, yüzlərlə istixanalarımıza ziyan dəydi, su altında qaldı, külək dağıtdı. Meyvələr, məhsul yerə töküldü. Bir hektardan 20 ton məhsul gözləyirdik, 6 ton  nar məhsulu güclə götürdüm. Yayda isə quraqlıq çox oldu deyə əkinlər, bağlar qurudu", - deyə kəndli Müşfiq İftarzadə durumu anladır. 

"Su resursu 32 milyard kub metrdən 25 milyard kub metrə düşüb" 

Mütəxəsislər bildirir ki, son bir əsrdə  ölkədə orta illik temperatur 1.1-1.3° dərəcəyə çatıb. 

Nəticədə suya olan tələbat, şoranlaşma, səhralaşma artıb. 

Su çatışmazlığı səbəbindən məhsuldarlığın aşağı düşməsi, kimyəvi və biokimyəvi səbəblər üzündən bitki örtüyü və çaylarda suyun səviyyəsi azalıb. 

"Son on ildə ölkənin su resursu 32 milyard kub metrdən 25 milyard kub metrə düşüb. Nəticədə sel əmələ gəlməsi 14 dəfə, regionlarda dolu düşməsi faktı iki dəfə artıb. İntensiv yağıntılar və sel suları kəndlilərin əkininə ciddi ziyan vurub", - deyə kənd təsərüfatı mütəxəssisi Vahid Məhərrəmli vəziyyətin çətin olduğunu faktlarla əsaslandırır. 

Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata əsasən, ölkə üzrə 4, 78 mln hektar kənd təsərrüfatı təyinatlı torpaq  sahəsindən 1.48 mln sahəsi suvarılır.   

Mövcud 1.88 mln hektar  əkin sahəsindən isə ancaq 1.15 mln hektarın  suvarılması həyata keçirilir. Nəzərə alsaq ki, ölkədə ümumi torpaq fondu 8.641 mln hektardan artıqdır, demək kənd təsərrüfatına yararlı torpaq ehtiyyatı daha çox ola bilər. Ancaq mövcud torpaq fondunun 3.240 mln hektarı təxminən  38%-i   şoranlaşmış, güclü eroziyaya uğramış, bataqlıq, qayalıq kimi istifadəyə yararsız  torpaqlardır. 

"Bu isə Azərbaycan üçün kiçik rəqəm deyil, torpaqların münbitləşdirilməsi istiqamətində real işlər görülməlidir", - deyə mütəxəsislər bildirir. 

Aqrar Sığorta Fondundan  təbii fəlakətlərlə bağlı  sorğuya cavabda: "Təbii fəlakətlərlə bağlı aqrar sığorta üzrə 2021-2022-ci və 2022-2023-cü əkin  illəri üzrə müəyyən edilən quraqlıq riskinə azalma dinamikası müşahidə edilmir və bu hal ciddi  narahatlıq doğurur", - deyə vəziyyətin kritik olduğunu təsdiqləyirlər. 

Təbii fəlakətlər nəticəsində 1148  sığortalı fermərə ümumilikdə 104 min hektara yaxın sahəyə ziyan dəyib.  

48 min hektardan çox sahəyə  quraqlıq, 502 fermerə isə  atmosfer yağıntıları ciddi  ziyan vurub. Nəzərə alsaq ki, bunlar sahibkarlıqla məşğul olan iri  fermerlərdir, az pay torpağa sahib  kəndlilərə dəyən ziyan dəfələrlə çoxdur. 
 


"Şoranlaşan ərazilərdə kollektor drenaj sistemi qurulmalıdır" 

Şoranlaşma, səhralaşma daha çox Mərkəzi Aran regionunda artıb ki, bu da torpaq sahiblərini narahat edir. Onlar iqlim dəyişikliyi ilə bağlı maariflənmənin getmədiyini, onları qarşıda hansı fəlakətlər gözlədiyindən xəbərsizdir. 

Kürdəmirli fermer Allahverən Allahverənov artan şoranlaşmanı quraqlıq, kollektor drenaj şəbəkəsinin yoxluğu  və bəzi işbazların mövcud su ehtiyyatını israf etməsi ilə  əlaqələndirir.

"5-6 ildir quraqlıq rayonun əkininə, heyvandarlığa təsir edərək azaldır. Əvvəl bir fermerdə 100 baş xırdabuynuzlu, 20-30 baş iribuynuzlu vardısa, indi bu say 30-40  və 5-6 başa salınıb. Çünki yağıntı yoxdur, təbii ot da yoxdur. Yonca sahələrində də su çatışmır, təkrar suvanmır deyə bir hektardan əvvəl 300-400 bağ ot alırdıq indi 100-150 bağ, sonrakı biçimlərdə 30-40 bağ güclə aldıq. Qışlaq torpaqlarımız vardı ki, heyvandarlıq üçün idi, satıldı şirkətlərə. Onlar da 6 min hektarlıq əkin əkib, tək Şilyan kanalında özlərinə kanal çəkdirib suvarır. Bu da yuyub  duzu çıxarır üst qata, 30-40% şoranlaşdırıb torpaqları. O Şilyan kanalı kəndin əhalisinin sayına hesablanıb. Yağıntı da yoxdur, su həcmi yayda çox azalır. Məhsuldarlıq taxılda bu il hektarına 40 - 50 sentnerdən  15-17  sentnerə düşdü. Nazirlikdən bizlərə deyirlər ki, müasir suvarma sistemi ilə sahələri suvarın, ona 5-6 illik gəlirindən əl çəkəsən, 40-50 min manat xərc qoyasan. Şoranlaşan ərazilərdə kollektor drenaj sistemi qurulmalıdır təcili.  Su yoxdur deyə mən 110 hektarlıq taxıl və bostan əkinimi 25 hektara saldım. Məhsul əmələ gəlmədi, bitki sahədəcə yandı", - deyə fermer indiki  vəziyyəti anladır.

"Vaxtında köməyimizə çatmalıdırlar"
 
Digər fermer Bayram Həsənov bildirir ki, iqlim dəyişikliyi mövsümlərin yerdəyişməsinə və bitkilərin, meyvələrin vaxtında yetişə bilməməsinə, yararlı  torpaqların isə sıradan çıxmasına səbəb olur. Ancaq birgə mübarizədə dövlətin köməyini gözləyirlər: 

"Əvvəl dörd fəsli hiss edirdik, indi iki fəsildir. Noyabr ayında  Kürdəmirdə 15-20 sm qar yağırdı. İndi isə maydakı kimi günəş çıxıb. Əvvəl taxıl sahələrdə 10 sm ölçüdə idi. Qar altında bitki yaxşı inkişaf edir, gəmiricilər, parazitlər, xəstəliklər məhv olurdu. İndi isə  gəmiricilər o qədər artıb ki, ağacda meyvəni belə sağ dərmək  olmur. Yağıntı yoxdur, torpaq qurudur, su çatdırmaq olmur deyə taxıl cücərmir. İllərdir Sığırlı kəndində üç min hektarın 80%-i əkilir, ancaq son illər faydasını görə bilmirik. Şirvan kanalında su olmalı, su üçün də yağıntı olmalı. Əksinə quraqlıqdır deyə bizim kəndə artıq  20 faiz torpaq yararsızdır. Vaxtında köməyimizə çatmalıdırlar". 

"Suvarılan sahələrdə suyun 40%-i itkiyə gedir" 

 Müasir suvarma sistemləri ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, hazırda 109. 819 min hektar sahədə  müasir suvarma sistemi  tətbiq olunur. 

Bu da suvarılan sahələrin cəmi 7.4 %-ni təşkil edir. 

Təkcə ötən il 8.2 min  hektar sahədə suvarma sisteminin tətbiqi üçün 161 müraciət olub. 

"Azərkosmos"un məlumatına əsasən cəmi pivot sahələrin sayı 59. 839 min hektar sahədir. 

Suvarılan torpaqların isə yalnız  610 min hektarında, yəni 43 faizində kompleks meliorasiya işləri aparılıb.  

Nazirlik də bunu yetərli hesab etmir, bu istiqamətdə işlərin davamlı görülməsini vacib sayır. 

"Mövcud suvarılan sahələrin böyük əksəriyyəti torpaq kanallardır ki, nəticədə suyun 40%-ı filtrasiya və texniki itkilərə səbəb olur. Şırımla sahələrə verilən  suyun da  yerin relyefi və torpaq şəraitindən asılı  olaraq 20-30%-ı itkiyə gedir. İtki və buxarlanma əleyhinə əkin sahələri yağışyağdırma və damcı üsulu ilə  suvarılmalıdır. Bu üsul həm suyun 50% itkisinin qarşısını alır, həm də bitkiyə mikroiqlim yaradır", - deyə sorğuya cavabda bildirilir. 

"Susuzluq ərzaq qıtlığını, qıtlıq bahalığı doğurur" 

İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, ölkədə içməli və suvarma suyu ciddi problem olduğundan  yaxın illərdə  su ölkədə ciddi problem kimi ilk üçlikdə  olacaq. 

Mütəxəssis problemin həllini  daxili su ehtiyatı itkisinin qarşısın  alınması məqsədilə  dövlətin həyata keçirəcəyi uğurlu təşviq siyasətində görür. Hansı ki illərdir bu siyasət  öz həllini tapmır, laqeyd münasibət göstərilir:

"Cənubi Qafqazda ən az su mənbələri olan ölkəyik. Əhali çox, su ehtiyatı azdır. Həm də mövcud su mənbələrinin  sonuncu istifadəçisiyik. Kür və Araz çayları digər ölkələrdən keçərkən kifayət qədər istifadə olunur. Bizə daha az istifadə imkanı yaranır.  Daxili problemlər də var. Ölkədaxili 40-45 % suyu itkiyə verən torpaq  suvarma kanalları beton və dəmir borulardan təşkil olunmalıdır. İkinci ciddi problem fermerlər, kəndlilər müasir suvarma sistemlərinə malik deyil. Bu da su itkisidir. İri holdinqlər, sahibkarlar istifadə edir, kəndlilər  qalır.  Səbəbi  suvarma sistemlərinin baha olmasıdır ki, əlçatan deyil.  Fermerlərə uzun müddətli faizsiz kreditlər şəklində müasir suvarma sistemlərinin qurulması üçün dövlət proqramına ehtiyac var. Damcılı yaxud qənaətli suvarma sistemi qurularsa kəndlilər üçün həm məhsuldarlığa, həm su itkisinin qarşısını alınmasına effektiv təsir göstərər. Susuzluq Ərzaq qıtlığını, qıtlıq bahalığı doğurur".

Dünyada imzalanan və Azərbaycanın qoşulduğu saziş və protokollar nə vəd verir? 

Dünyada iqlim dəyişikliyi istiqamətində 1979-cu ildən ilk Dünya İqlim Konfransından tutmuş 2015-ci ildə imzalanan Paris Sazişinə qədər  bir sıra konfranslar keçirilib, saziş və protokollar tərtib edilib.

1995-ci ildə isə  Azərbaycan 31 il öncə 154 ölkə tərəfindən imzalanan BMT-nin İqlim Dəyişmələri üzrə (UNFCCC) Çərçivə Konvensiyasına qoşulub.

1997-ci ildə qəbul olunan Kioto protokolunu ölkəmiz  üç il sonra, Paris Sazişini isə 2016-cı ildə ratifikasiya edib. 

Ən son BMT-nin İqlim Zirvəsində 66 ölkə 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq üçün saziş bağlayıb. Bu sazişə əsasən, dünya ölkələri  həmin dövrə qədər istixana qazlarının tullantılarını 0-a qədər azaltmalıdır.

30 illik vəd və sözdə qalan imzalı protokollar 

"Azərbaycan da bu qatqıdan kənarda qalmalı deyil", - deyə iqlim mütəxəssisi, ekoloq İsa Əliyev bildirir.

Onun sözlərinə görə, bütün bu saziş və protokollara rəğmən iqlim dəyişikliyi geriyədönməz bir xarakter almaqdadır. İstər dünyada, istər ölkədə problemin həllinə sözlə deyil, əməllə riaət edilməlidir. Əks təqdirdə iqlim dəyişikliyindən kənd təsərrüfatı daha çox zərbə alacaq: 

"İmzalanan  konvensiya və sazişlərdən 30- ildən artıq vaxt keçir, ancaq dünya hələ bu ciddi problemin qarşısını ala bilmir. İqlim dəyişikliyi kənd təsərüfatına, insanların sağlamlığına, təbiətə, su ehtiyatına, buzlaqların əriməsinə, okeanların, dənizlərin qabarıb çəkilməsinə torpaq, hətta insan itkisinə səbəb olur. Qarşısı alınmasa getdikcə itkilər artacaq. Ərzaq təhlükəsizliyi ilə üz-üzəyik. Müharibələr də bir tərəfdən dünya amansızlaşır. Atmosferdə istilik effekti yaradan qaz kontensenteriyası artmaqda  davam edir, dünya fəaləktə yaxınlaşır. Kənd təsərrüfatı istiqamətində iki iş aparılmalıdır mitiqasiya-tullantılar azalmalı, adaptasiya-uyğunlaşma  işləri aparılmalıdır. Çünki kənd təsərüfatı iqlimin üzərində qurulur. İqlim dəyişilirsə kənd təsərrüfatında dəyişikliklər qaçılmazdır. Su qıtlığına görə istiyə davamlı bitkilər əkilməli, pambıq  kimi suya çox tələbatlı  bitkilər digərləri ilə əvəzlənməlidir. Kəndlilər maariflənməlidir. Dünyada alver və möhtəkərliyə son verilib  gələcək təhlükənin qarşısının alınması üçün real addımlar atılmalıdır, protokol  və sazişlər sözlə bitməməlidir". 

Mütəxəssis işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tədqiqata əsaslanmış  yaşıl kənd təsərrüfatının qurulmasını vacib sayır. 

"Azərbaycanda  xüsusilə işğaldan azad olunmuş   ərazilərdə hər yamac, hər dərə kəskin fərqlənir. Regionlara özünəməxsus yanaşılmalı, təbiəti, torpağı, relyefi, iqlim şəraiti öyrənilməli alternativ qərar verilib iqlim dəyişikliyinə adaptasiya olunacaq ağıllı kənd təsərrüfatı salınmalıdır", - deyə İsa Əliyev əlavə edir. 
  
Ölkədə kənd təsərüfatı istiqamətində dövlət nə etməyi düşünür? 

İqlim dəyişikliyi, ekoloji tarazlığın pozulması fonunda  dünyada kənd təsərrüfatı istiqamətində  qabaqlayıcı işlərin görülməsi fonunda ölkədə nə işlər görülür? 

Yaxud görülməsi sual yaradır. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi həm heyvandarlıq, həm bitkiçilik istiqamətində bir sıra adaptasiya və mitiqasiya işlərinin görülməsini nəzərdə tutduğunu qeyd edir. 

"Ölkədə seleksiyaçı alimlər tərəfindən quraqlığa, istiliyə və digər ekstremal faktorlara davamlı kənd təsərrüfatı bitkilərinin sortlarının yaradılması istiqamətində işlər aparılır. Regionlarda iqlim şəraitindən asılı olaraq taxıl sortlarının əkininə, eləcə də   fermerlərlə resursqoruyucu və dəqiq əkin sistemi ilə bağlı  maarifləndirici görüşlər keçirilir, tövsiyyələr verilir. Ən əsası dəmyə əkin sahələrində  torpağın nəmliyini və bioloji fəallığını bərpa etmək məqsədilə növbəli əkin sistemində qara herikin tətbiqini vacib sayırıq. Suvarılan ərazilərdə isə külək eroziyası, quraqlıq, şoranlaşma kimi mənfi faktorların qarşısını almaq üçün həmin ərazilərdə qoruyucu meşə zolaqlarının salınmasına çalışırıq", - deyə qurumun mətbuat xidmətindən məlumat verilir. 

Nazirlik  dünya təcrübəsindən yararlanaraq  heyvandarlıq istiqamətində isə  regionlarda bioenerji stansiyalarının qurulması istiqamətində layihələr hazırladığını da əlavə edir: "Həmin layihələrin gerçəkləşməsinə ehtiyac var. Kənd təsərrüfatı sektorunda peyindən alınan metan qazının istifadəsinə özəl fermer təsərrüfatlarının cəlb edilməsinə çalışırıq. Bitki (pambıq, buğda və arpa) və heyvan mənşəli  tullantılarının xəritəsini hazırlayırıq. Kənd təsərrüfatı sektorunda atmosferə atılan metan qazının miqdarının hesablanması və ətraf mühütə atılan zərərli qazların, bitki qalıqlarının utilizasiyası  istiqamətində dünya təcrübəsi öyrənilir". 

Kəndlilər riskləri necə azalda bilər? 

Hava şəraiti ilə əlaqədar ot və yem ehtiyatının azlığı son on ildə heyvan sayına təsir edərək, ən aşağı həddə düşüb. 

Kənd Təsərrüfatı Nazirliyi bu ilin 9 ayı ərzində 424 min 500 ton diri çəkidə ət istehsalını ötən illə müqayisədə 3.2 % artımla hesablasa da mütəxəssislər bunu ölkəyə gətirilən xarici heyvan sayı ilə əlaqələndirir. 

Ümumilikdə 9 milyon başdan yuxarı heyvan sayı var ki, iribuynuzlu heyvanlarda 4.3%, xırdabuynuzlu heyvanların sayında 8.9% azalma var. Bu isə iqlim dəyişikliyi fonunda getdikcə heyvandarlığa mənfi təsir göstərə bilər. Bitkiçilikdə də vəziyyət ildən-ilə dəyişir. 

Ötən illə müqayisədə dənli bitkilərdən tutmuş bostan bitkilərinə qədər sahələrdə məhsuldarlıq hektarına 2-3, bəzən 5-6 % azalma müşahidə olunur. 

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli bildirir ki, qlobal iqlim dəyişikliyi fonunda ərzaq qıtlığı böyük təhlükədir. Digər qonşu və bəzi avropa  ölkələrilə müqayisədə  ərazisi dəfələrlə böyük Azərbaycan  iqlim dəyişikliyinə uyğunlaşma üzrə Dövlət proqramı hazırlamalıdır. 

Kəndlilər isə xərclərinin artmaması  və münasib yollarla iqlim dəyişikliyinə hazır olmalıdır. İndiyə qədər hazırlıq işlərinin görülməməsi onlara çətin durum yaradır:  

"İqlim dəyişikliyinin qarşısını kəndli ala bilməz. Ancaq adaptasiya olunub riskləri azalda bilər. Birincisi, sudan israfçılığa yol verilməməlidir, hökumət sudan səmərəli istifadə etmək üçün müasir suvarma sisteminin tətbiqində təşəbbüskar olmalıdır. Dövlət müəyyən maliyyə resursu ayırmalı ki, fermerlər, kəndlilər damcı və yağışyağdırma suvarma sistemindən yararlanıb öz sahələrində də tətbiqinə nail olsunlar. Bitkiçilikdə quraqlığadavamlı yüksək məhsuldar bitki sortlarından istifadə edilməlidir. Şoranlaşan, deqradasiyaya uğrayan torpaqlar münbütləşdirilməli və əkin sahələrinin ətrafında qoruyucu meşə zolağının salınması məsləhətdir. İsti hava şəraitində heyvanlar qapalı şəraitdə saxlanılmalı, kölgəliklər yaradılmalıdır, günün sərin vaxtında isə örüşə çıxarılması önəmlidir. Heyvanların çimizdirilməsinə diqqət edilməlidir. Dövlət yağış, çay sularının yığımını təşkil etməli və su anbarları yaradılmalıdır. Dağlıq və dağətəyi ərazilərdə kolluqlar, ot örtüyü salınmalı və ağac əkilməlidir. Su itkisinin qarşısını almaq üçün suyun nəqli metal borular vasitəsilə təşkil edilməlidir. Örüş və təbii biçənək ərazilərin suvarılması qaçılmazdır".

Günel İsayeva

"Bu məqalə İsveçrə İnkişaf Agentliyi tərəfindən dəstəklənən "Azərbaycan: vətəndaşların qlobal istiləşmə ilə mübarizəyə necə töhfə verə biləcəyi barədə məlumatlılığın artırılması" layihəsi çərçivəsində hazırlanıb. Layihənin icraçısı Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondudur".