KİV-də, Mətbuatda, MEDİA-da Həsənov erası
26-12-2021 22:48 / Bu xəbər 1306 dəfə oxundu
Rövşən Hacıbəyli
…Bitmir ki, bitmir
Azərbaycan mətbuatı həmişə başıbəlalı olub. "Dost” da onunla düşmən kimi davranıb. Həm də öz içindəki qurdlar yeyib onu. Bir çoxu da bura poliqon kimi baxıb, ancaq yaxşı yox, pis şeylər öyrədilən poliqon kimi. Müstəqillik qazanılandan sonra, yəni ötən əsrin sonlarından ümid qığılcımları yaranmışdı. Bir-birinin ardınca müstəqil mətbuat nümunələri media bazarına ayaq açırdı. Çox təəssüf, çoxu "media bazarı” sözünü yanlış anladı, alverçi təfəkkürlü mətbuat idarəçiləri ortaya çıxdı və müqəddəs adı gözdən saldılar. Alqı-satqı olan yerdə həmişə pullular – məmur oliqarxlar söz sahibi olur…
Ötən əsrin sonlarında "media kapitan”ı ifadəsi dəbdəydi. Səhv etmirəmsə, elə o vaxtlar yazmışdım: yefreytor ola bilməyənləri bu gün "kapitan” kimi gözə soxurlar, həm də "media kapitanı”. Qəzetdən, qəzetçilikdən xəbərsiz, təsadüfi adamlar irəli çəkilirdi. Bir neçə qəzet saxlamaq (sevgili saxlamaq kimi bir şey) dəbi yaranmışdı. Ancaq burada təyinat başqaydı. Məmurların kompromat savaşı, rəqibi vurmaq istəyi, qisasçılıq- bir sözlə, hər vasitəyə əl atılırdı. KİV sınaq meydanıydı, sanki orada kim nə istəsə, edə bilir, həm orada ağlagəlməz təcrübələr aparılır, həm də ora çox ciddi nəzarətdə saxlanılır. Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası nümunəsində bütün bunlara şahid olduq. Aparılan siyasət sayəsində KİV (qəzetçilik) bir sinif kimi ləğv edildi, eyni zamanda o işə nəzarət edənlər şəxsi biznesdə xeyli uğur qazandılar. KİV-ə "prezident yanında” dəstəyin nəticəsi, əslində, elə belə də olmalıydı. XXI əsrimizdə həmin siyasət yenə davam edir. Növbəti rəhbəri dənizçilikdən gətiriblər, onun orada rütbəsinin nə olduğunu bilmirik, ancaq indi o, "MEDİA kapitanı” rolundadır. Böyük bir gəminin – MEDİA gəmisinin sükanı onun əlindədir. Həmin gəmi artıq xeyli vaxtdır fırtınalı dənizdədir, dalğalar onu qayalara da çırpır, kimsəsiz adalara da atır. Bəlkə belə bir situasiyaya görə kapitan bu sükanın arxasında yerini yeni qanunla – daha doğrusu, müxtəlif qanunlardan (yerli və xarici) toplanmış maddələr yığınıyla möhkəmlətmək istəyir. Ancaq mütəxəssis rəylərinə görə, belə bir mürtəce qanun xilas yolu deyil. Hüquq təhsilli kapitan düşünməlidir, onu da nəzərə almalıdır ki, Prezident Administrasiyasından notarial qaydada təsdiqlənib Milli Məclisə gələn qanunları təyinatlı deputatlar çox asanlıqla, bəzən hətta müzakirəsiz belə qəbul edir. Yəni bu addım ziyana da işləyə bilər. Həm də məşhur məsəldə olduğu kimi, qarşıda gözü çıxmış qardaş nümunəsi var…
Çox böyük iddiayla yaradılan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru, Əhməd müəllimin sələfi Vüqar Səfərli düz 11 il "prezident yanında”kı KİV-in kapitanı oldu. Ondan qalan mirasla bağlı Əhməd İsmayılov hər kəsdən artıq məlumatlı olmalıdır; varis kimi. Bizim bildiyimiz odur ki, Vüqar Səfərlinin mətbuatın başında olduğu illərin "zəhmətinin” qiymətini bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri verdi: 11 illik zəhmətə cəmi 6-ca ay əskik – 10 il 6 ay…
Bu gün çoxu 880 illik yubileyi qeyd edilən Nizamini uzaq XI əsrdə padşahın (prezidentin) yanında olduğuna görə qınayır, lap çəkinmədən tənqid də edir, baxmayaraq ki, indi özləri qəzetlərini prezidentin yanında ola-ola buraxır; həm də prezidentin şəninə poemalar olmasa da, mədhiyyələr yaza-yaza. Ümumiyyətlə, "prezident yanında” yaradılan qurumlar nədənsə talesiz olur. KİV Fond ilə bərabər, QHT Şurası, Elmin İnkişafı Fondu… buna nümunədir. Hər 3 quruma (eləcə də "prezident yanında” olan başqa qurumlara) dövlət büdcəsindən – vətəndaşın cibindən yetərincə böyük vəsait ayrılır. Ancaq indi nə oxunulası qəzet, nə güvəniləsi müstəqil QHT, nə elm, nə də onun inkişafı var…
Başlığa aldanmayın, heç nə və heç kim əbədi deyil, KİV və Mətbuat kimi,günün birində MEDİA da arxivə göndəriləcək. Onda hər kəs axtarışda olacaq, bir-birindən soraqlayacaq: Əhməd hardadır?!.
Yazı Meydan TV-dən götürülüb.