"“KTV-1”dən imtina edəcəyik" - Hüquqşünas

08-10-2018 19:42 / Bu xəbər 2715 dəfə oxundu

Son günlər sosial şəbəkələrdə internet provayderlərlə bağlı müzakirələr gedir. Xeyli sayda istifadəçi provayderlərdən narazılıq edir. 

Artıq iki həftədir ki, internetin sürəti və davamlılığı ilə bağlı problemlərin olduğu qeyd olunur. Narazılar əsasən "KTV-1”in adını hallandırırlar.
 
İstifadəçilərdən hüquqşünas Zaur Qurbanlı bildirib ki, sürət çox zəifləyib: "Eyni zamanda dalğa da azalıb. Məsələn, modem olan otaqdan başqa otaqlarda dalğa yaxşı tutumur. Ev böyük də deyil, cəmi 3 otaqlıdır, amma, sadəcə, bir otaqda dalğa var. Əvvəllər də problem olurdu, lakin bu qədər deyildi. Son 1-2 həfdədir ki, internet istifadəsiz vəziyyətdədir”.

O əlavə edib ki, bir neçə günə vəziyyət düzəlməsə, başqa provayderə keçməyi sınayacaq.
 
Jurnalist Kamran Mahmudov da eyni problemlərlə rastlaşdığını deyir.
 
Onun sözlərinə görə, son günlər "KTV-1” abunəçisi kimi internetdən əziyyət çəkir: "Dəfələrlə əlaqə saxlamağa çalışsaq da, mümkün olmayıb. "Qaynar xətt”ə və onlayn müraciətlərə də çox gec və təyinatına uyğun olmayan cavablar verirlər”.

"Buna baxmayaraq, baş ofislə əlaqə yarada bildim. Onlara dedim ki, ödəniş vaxtı tamam olan kimi internet kəsilir, bəs necə olur ki, günlərdir, biz pul ödədiyimiz halda internetdən əziyyət çəkirik. Bəs bunun kompensasiyasını kim ödəyəcək? Sualıma doğru-düzgün cavab verə bilmədilər. Onlara bildirdim ki, bu ayın sonuna qədər gözləyəcəyəm, amma ay sonuna kimi problem düzəlməsə, mən başqa provayderlə müqavilə bağlayacağam və siz neçə illik müştərinizi itirmiş olacaqsınız. Görünür, bu da onları narahat etmir, çünki hələ də problem həllini tapmayıb. Bundan belə anlaşılır ki, Azərbaycanda bir çox sahədə olduğu kimi internet sahəsində də özbaşınalıqdır. Onlar öz istədikləri kimi fəaliyyət göstərirlər və buna görə cavabdehlik, məsuliyyət daşımırlar”, - bildirib. 
 
İnternet üzrə ekspert Vahid Qasımov deyir ki, Azərbaycanda yağışın yağması belə fövqəladə hal hesab olunur, bu da kabel xətlərinə təsir edir: "Bizim kabellərin xüsusi kanalları yoxdur, hamısı kanalizasiya xətləri ilə gedir. Kanalizasiya xətlərinə su dolduğuna görə kabellərin də müqavimətləri artır və içəridən keçən data zəifləyir. Telekommunukasiya strukturu bərbad vəziyyətdə olduğundan bunlar normal haldır. Bir balaca külək və yağışın sonrasında belə halların olması təəccüblü deyil". 
 
"KTV-1”-dən verilən məlumata görə texniki problemlər tezliklə həllini tapacaq.
 
Gülzar N. Məmmədli