London müsadirəsi
01-02-2022 23:21 / Bu xəbər 1086 dəfə oxundu
Ənnağı Hacıbəyli
Ta bineyi-qədimdən Londonun çirkli pulları yumaq şakəri var. Bədbəxt Rza şahdan başlamış xoşbəxt sovet balalarınadək pulunu ingilisə "usburd" olan adamların çoxu pullarını orada təmizə çıxarmaq istəyib.
İngilislər bic, yəni ağıllı millətdir. Əvvəlcə gəl-gəl deyirlər, bir müddətdən sonra araşdırıb görürlər ki, vay-vay-vay, sən demə, bu pullar çox çirklənibmiş, onları yuyub təmizə çıxarmaq gərəkdir.
Adama deyərlər, zalım oğlu, o aparatı sərhəddə qura bilməzsən?
Nə isə. Amma ingilislərin ağıllı olmaqları həm də ondan bilinir ki, adamın pulunun hamısını müsadirə eləmirlər. Eləsələr, dalı gəlməz. Həm də insaflı millətdirlər, pul sahibinə də bir şey saxlayırlar ki, alıdıqları villaların işıq pulunu ödəyə bilsinlər.
Londonda mülklərimiz çoxdur. Burada maaş və pensiyamız çox olmasa da, Allaha min şükür, Londonda villalarımızın sayı cəmi əcnəbilərinkindən artıqdır. Haçan ora getsək, küçədə qalmarıq.
Bir dənə bu Mehman Hüseynovun hesablaması olmasa.
Qardaş hesablayıb ki, üç min şəhid ailəsinə ayda 1 milyon 500 min manat müavinət verilir. Təkcə bir soydaşımızın halal pulunun bir hissəsinin müsadirəsində 13 milyon manat pul gedib İngiltərə büdcəsinə.
Mehman sual verir ki, bəs ayda cəmi iki min manat maaş alan deputatın bu qədər pulu hardandır?
Yadıma rəhmətlik Mirzə Cəlilin "İran fəhlələrinin pulu hara gedir?” adlı felyetonu düşdü.
Mirzə 1906-cı il oktyabrın 6-da yazırdı: "İrandan Rusiyaya keçib fəhləlik edən adamların ciblərində və dəsmallarının arasında olan pulları sayanda bəlli olur ki, onların qazancı 1 manat 95 qəpikdir. Ha illah eləyirdim, anlaya bilmirdim ki, bəs bu fəhlələrin qazancının çoxu hara gedir? Bir şey qanmadım və gəldim çıxdım Tiflisə.
Bir gün bir Allah bəndəsi mənə baxıb dedi: Molla Nəsrəddin, sən fikir eləyirsən ki, bu İran fəhlələrinin qazancı hara gedir? Gedək göstərim.
Allah bəndəsi məni Tiflisin bahalı Qudoviç küçəsinə aparıb bir yekə imarət göstərdi və dedi ki, bu imarət dövləti-aliyyeyi-İranın İstanbul səfiri-kəbiri Ərfəüddövlənindir. Bu imarət "taci-sərimizin” vətən və millət yolunda göstərdiyi xidmətin yadigarıdır və bu imarətdən savayı Borjomda və qeyri-yerlərdə dəxi əla mülkləri var. Bu mülkjlərin dəyəri 200 min manatdan çoxdur. Sonra bəradərim məndən soruşdu: 3-4 il konsulluq eləməklə nə cür iki yüz min manat cəm etmək olar?
Bir qədər fikirləşib dedim: əzizim, bu imarətlərə yox yerdən sahib olmaq üçün tək bircə vasitə var. Haman vasitəyə farsi kitablarında deyirlər: "Tətavili-yəd” və türki kitablarında deyirlər "zəlilik”.
Yoldaşım başa düşmədi".
İndi bizim Baş Prokurorluq da, deyəsən, bu "Tətavili-yəd”in nə olduğunu başa düşmür.
Jurnalistlər soruşur ki, Londonun "pul yuyan maşını"nda çirkdən təmizlənmiş pulların yuyulması məsələsini araşdırırsınızmı?
Baş Prokurorluğun sözçüsü cavab verir ki, bizə bu barədə rəsmi məlumat daxil olmayıb.
Axır vaxtlar kitab oxumuram. Əlli il oxuduqdan sonra anlamışam ki, kitab oxumaq dünyada ən axmaq məşğuliyyətdir. Çünki kitab oxumaq adamın başını və gözünü xarab eləyir.
Qabaqlar oxuduğum qanunlarda yazardılar ki, mətbuatda qanunsuz əməllər barədə çıxan məlumatlar hətta cinayət işi başlamaq üçün əsasdır. London müsadirəsi barədə isə yazılmayan yer yoxdur. Hətta rəsmi dövlət xəbər agentliyi də çaşıb o barədə yazmışdı.
Bəs prokurorluğa o rəsmi məlumat hardan daxil olmalıdır? Deyəsən, prokurorluğun xəbər girən bütün dəlmə-deşikləri elə qapadılıb ki, pis xəbərlər ora daxil olmaq şansını tam itirib. Amma mənim ağlıma daha bir fikir girib. Bəlkə, prokurorluqda "Tətavili-yəd” sözünün mənasını bilmirlər? Ola bilər. İndikilər farsi bilmədiyindən belə bir şey mümkündür.
Onda mən də vətəndaşlıq borcumu yerinə yetirib bu mübhəm ifadənin türkcəsini bura yazıram: möhtərəm prokurorlar, "Tətavili-yəd” dilimizdə "özgə malına əl uzatmaq” deməkdir.
Görün neynirsiniz...