Ülvi Həsənli ilə Sevinc Vaqifqızının həbs müddəti daha üç ay uzadıldı
13-06-2024 01:41 / Bu xəbər 967 dəfə oxundu
"Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti daha 3 ay uzadılıb.
Bu barədə Sevinc Vaqifqızının vəkili Elçin Sadıqov məlumat verib
O bildirib ki, iyunun 12-də Xətai rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının həbs müddətlərinin uzadılması ilə bağlı təqdimatına baxılıb və təmin edilib.
Vəkil deyib ki, Sevinc Vaqifqızı məhkəmədə bildirib ki, o, təcridxanada digər saxlanılan qadınların təhqirə və zorakılığa məruz qalmaları ilə bağlı halları ictimailəşdirdiyi üçün ailəsilə telefon danışıqlarına qadağa qoyulub.
Baş redaktor Azərbaycanın insan haqları üzrə müvəkkilinin (ombudsman) təcridxanaya gəlməsini tələb edib.
Bununla bağlı hələlik Azərbaycan Ədliyyə Nazirliyin Penitensiar xidmətindən şərh almaq mümkün olmayıb.
"Amerikanın Səsi" bununla bağlı Ombudsman Aparatına sorğu göndərilib.
Ülvi Həsənlinin vəkili Fəxrəddin Mehdiyev isə Amerikanın Səsinə deyib ki, müdafiə elədiyi şəxs barədə həbs müddətinin uzadılması qanunsuzdur və bu cinayət işi üzrə maddi əsaslar mövcud deyil.
Onun sözlərinə görə, məhkəmədə Ülvi Həsənli həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bir daha qeyd edib.
Vəkillər apellyasiya şikayəti verəcəklər.
Penitensiar Xidmət isə qeyd edir ki, bu iddialar tam əsassızdır.
"Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, həssas kontingentə aid olan qadınların nəinki son günlər, eləcə də son 1 il ərzində rejim qaydalarının pozuntusuna görə cərimə otağına keçirilmə faktları qeydə alınmayıb”, - Penitensiar Xidmət bildirir.
Qeyd olunur ki, Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərin şəxsi təhlükəsizlikləri təmin edilir.
"Hüquq və qanuni mənafeləri qorunur, işçi heyəti və həbsdə saxlanılan digər şəxslər tərəfindən onlara qarşı təzyiqlərə, işgəncələrə və qeyri-insani rəftara yol verilməyib. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən aparılmış qəfil yoxlamalar və monitorinq zamanı da bu kimi hallar qeydə alınmayıb”, – deyə sorğuya cavabda qeyd olunub.
"Abzas Media"nın verdiyi məlumata görə, iyunun 12-də Xətai Rayon Məhkəməsində Sevinc Vaqifqızı və Ülvi Həsənli ilə birlikdə "Abzas Media işi” üzrə saxlanılan Məhəmməd Kekalovun da həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Məhkəmə bu qərarı istintaq orqanının təqdimatı əsasında verib.
Kekalovun həbs müddəti martın 15-də də 3 ay uzadılmışdı.
"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilir.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub.
Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb.
İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.