Ülvi Həsənlinin sistemli şəkildə qeyri-insani rəftara məruz qaldığı bildirilir

Ülvi Həsənlinin sistemli şəkildə qeyri-insani rəftara məruz qaldığı bildirilir

04-10-2024 20:49 / Bu xəbər 645 dəfə oxundu

Rübabə Quliyeva: "Təcridxananın rəisi Elnur İsmayılov və işçiləri tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalırıq”

"AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənlinin saxlandığı Bakı İstintaq Təcridxanasında dustaqlara qarşı işgəncə hallarını ictimailəşdirəndən sonra sistemli şəkildə qeyri-insani rəftara məruz qaldığı bildirilir. 

Bu barədə məlumat verən həyat yoldaşı Rübabə Quliyeva hesab edir ki, ona qarşı baş verənlər birbaşa təcridxananın rəisi Elnur İsmayılovun göstərişi ilə həyata keçirilir.

Rübabə Quliyeva həyat yoldaşına qarşı qeyri-insani rəftarları sadalayarkən bildirir ki, sentyabrın 7-də Ülvi Həsənli məhkəməyə aparılanda "AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızını (Abbasova) görüb.

"Onlar salamlaşmaq istəyəndə Nail adlı konvoy Sevincin və digər türmə işçilərinin gözünün qabağında Ülvini vəhşicəsinə divara çırpıb və kürəyindən vurub. Sentyabrın 13-də şüşə arxasından görüşdə Ülvi mənə zərbədən kürəyindəki göyərmiş hissəni göstərdi, kürəyində ağrıların olduğunu dedi. Sonradan vəkilləri ilə görüş zamanı onlara da göstərib. Vəkillərin bununla bağlı aidiyyati yerlərə şikayət etmələrinə baxmayaraq, Nail adlı həmin şəxs barəsində heç bir tədbir görülməyib”, – Rübabə Quliyeva bildirib.

Həyat yoldaşının sözlərinə görə, bütün yayın isti günlərində Ülvi Həsənlinin olduğu kameradakı nəfəslik belə, işgəncə məqsədilə həmişə bağlı saxlanılıb.

Rübabə Quliyeva vurğulayıb ki, istintaq təcridxanasında dustaqlara qarşı işgəncələri ictimailəşdirdiyinə görə Ülvi Həsənliyə qarşı pis rəftar təkcə onun özü ilə məhdudlaşmır. 

Onun sözlərinə görə, bu təzyiqlər ailə üzvlərindən də yan keçmir: "Ayda bir dəfə Ülvinin qızıyla olan görüşünü sentyabrın 20-də qeyri-insani rəftarla burnumuzdan gətirdilər, görüşə icazə vermədilər. Ayda bir dəfə mən və 2 yaşlı qızım atasıyla görüş zamanı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov və işçiləri tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalırıq. Elnur İsmayılov istirahətə gediyinə görə həmin gün Ülvi qızı ilə görüşə bilmədi”.

Rübabə Quliyeva əlavə edib ki, sentyabrın 27-də şüşə arxasından növbəti görüş zamanı kiçik qeyd kitabçası əlindən alınıb. Ona görüşdən sonra kitabçanın qaytarılacağı deyilsə də, qaytarılmayıb: "Kim, hara aparmışdı və içində nə axtarırdılar, bilmədim. Buna etiraz edəndə nəzarətçilər dedi ki, təzə qaydadır, bundan sonra bloknot gətirə bilməzsən. Bloknota Ülvinin istədiyi kitabları qeyd edirəm. Görüşlərin şüşə arxasından olmasına baxmayaraq, hər dəfə alt paltarıma qədər yoxlanılıram. Hələ də nə axtardıqlarını başa düşmürəm”.

Təxminən ayyarım öncə Rübabə Quliyeva mətbuata açıqlamasında bildirmişdi ki, Ülvi Həsənli Bakı İstintaq Təcridxanasında dustaqlara qarşı işgəncə hallarını ictimailəşdirəndən sonra ölümlə təhdid olunur. Dəfələrlə məhkum edilmiş Səyavuş adlı şəxs onu təxribata çəkməyə çalışır, dayandığı yerdə hücum edir, hətta bir neçə dəfə cibindən ülgüc çıxararaq, Ülvi Həsənlini kəsməklə hədələyib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi isə Ülvi Həsənlinin həyatına təhlükə olması haqda deyilənləri təkzib etmişdi.

Korrupsiya araşdırmalarıyla tanınan "AbzasMedia” işi üzrə həbslər ötən il noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra "AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, "AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.