Manatın 2 il sabit qalmasının xeyri və ziyanı…

Manatın 2 il sabit qalmasının xeyri və ziyanı…

12-05-2019 17:35 / Bu xəbər 1377 dəfə oxundu

Başa vurmaqda olduğumuz həftə ( 6 may-12 may) Türkiyə lirəsinin məzənnəsində yenidən ciddi dəyişiklik baş verdi. 

1 dollar 6,2 lirəyə qədər yüksəldi. 

Yalnız Türkiyə Mərkəzi Bankının bəzi tədbirlərindən sonra həftə sonu yenidən 1 dollar 5,9 lirəyə bərabər oldu. 

Son bir ildə Türkiyə lirəsi 50 faizdən çox dəyər itirib.

Azərbaycan manatında isə artıq, 2 ilə yaxındır dəyişiklik yoxdur. 1 dollar 1 manat 70 qəpikdir.

İqtisadçı Rövşən Ağayev Azərbaycan valyuta bazarında vəziyyətin çoxsadə və aydın olduğunu qeyd edərək bildirib ki, bunu görmək o qədər də çətinlik yaratmır:

Rövşən Ağayev

"Manatın birbaşa neft amilindən asılı olduğunu bilirik”

"Çünki manatın birbaşa neft amilindən asılı olduğunu bilirik. Məsələn, Gürcüstanda yerli valyutanın məzənnəsi iki amildən asılıdır: turizm və əmtəə ixraacatı gəlirlərindən. Azərbaycan manatının məzənnəsi isə neft amilindən asılıdır. Neftin qiymətinə baxıb yaxın perspektiv üçün manatı nə gözlədiyini proqnozlaşdırmaq olar. Uzaq perspektiv üçün çox çətindir. Çünki neft bazarının özünü də proqnozlaşdırmaq çətindir”.

Rövşən Ağayev hesab edir ki, yaxın aylara qədər neftin indiki qiyməti ( neftin bir bareli 70 dollardan bir qədər yüksəkdir-red), yaxud 25 dollara qədər enməsi belə, bu ildə manata təhlükə yaratmayacaq:

" Bəli, İran ətrafında ciddi hadisələr ola bilər ki, neftin qiymətinə təsir edər. Amma bu, nəzəri yanaşmadır, bütün hallarda bu il üçün problem görünmür”

"Böyük layihələr yoxdur ki...”

Başqa bir iqtisadçı Əli Əlirzayev də bu il manatın məzənnəsində dəyişiklik olmayacağını düşünür: "Çünki iqtisadiyyat tənzimlənir, böyük layihələr yoxdur ki, pullar ora yönəldilsin və dollar da çoxdur. Həm də bu il üçün əmək haqları, pensiyalar da artdı, bundan sonra gözlənilmir. Bu baxımdan manatla dollar arasında nisbət o qədər də dəyişməyib”.

Əli Əlirzayev

​Manatın məzənnəsinin 2 il dəyişməməsinə gəldikdə, Ə.Əlirzayev deyib ki, əgər daxili bazar qorunursa, alıcılıq qabiliyyəti tənzimlənirsə, milli pul qiymətdən düşmürsə, manatın məzənnəsinin enməsindən qorxmaq lazım deyil: "Ona görə gəlirlərin artmasına, istehsalın inkişafına çalışmaq lazımdır, sosial müdafiə güclənməlidir. Bunlar həll olunandan sonra proses özünü tənzimləyəcək. Daha çox əhalinin alıcılıq qabiliyyətinə təsir etməməsinə çalışmaq lazımdır. Əgər iş adamı dollarla məhsulu alıb gətirib baha qiymətə satışa qoyursa, hökumət bahalığın əhaliyə təsir etməməsi üçün addımlar atmalıdır”.

Rövşən Ağayevin sözlərinə görə, üç qonşu ölkədə - Rusiya, İran və Türkiyədə baş verən iqtisadi hadisələrin Azərbaycan manatına təsiri neft qədər deyil: "Hətta neftin manatın məzənnəsinə təsiri həmin ölkələrdə gedən iqtisadi proseslərdən daha çoxdur. Azərbaycan valyutası üçün əsas həlledici amil neft amilidir”.

İndiki məzənnənin 2 ildən çoxdur davam etməsinin mənfi və müsbət tərəflərinə gəlincə, iqtisadçı bildirib ki, Mərkəzi Bankın statistikasına nəzər saldıqda, manatın effektiv məzənnəsi bahalanır:

"Bunun əsas səbəblərindən biri odur ki, milli valyutanın nominal məzənnəsi dəyişmir. Yəni qonşu ölkələrdə üzən məzənnə rejimi var, manat isə sabit qalır. Nəticədə həmin ölkələrin məhsulları bizim məhsullara nisbətdə idxal etmək daha sərfəli olur. Bu kontekstdən baxdıqda, əlbəttə manatın indiki şəkildə sabit qalması yaxşı hal deyil, nəzəri olaraq belədir. Amma vəziyyətə başqa tərəfdən yanaşaq, bu gün Azərbaycanın ixrac potensialı yoxdur, hökumət nə qədər öyünsə də, neft istisna olmaqla dünya bazarına böyük həcmdə çıxarılacaq məhsul yoxdur. Əgər ixrac potensialı böyük olsaydı, o halda manatın məzənnəsinin sabit qalması ixrac üçün böyük problem yarada bilərdi. Ümumiyyətlə, istənilən ölkənin idxaldan yüksək asılılığı varsa, ixrac potensialı yoxdursa, orda valyutanın sabitliyi biznes adamları, ev təsərrüfatları və sıravi insanlar üçün daha sərfəli olur”.

"Dollarla gedib Türkiyədən bir palto alırdıqsa, indi ikisini alacağıq”

Ə.Əlirzayev də hesab etmir ki, Türkiyə lirəsinin ucuzlaşması Azərbahycan manatının məzənnəsinə təsir edəcək: "Çünki ticari əlaqələr dollar vasitəsilə həyata keçirilir. Bu bizim üçün xeyirdir, çünki dollarla gedib Türkiyədən bir palto alırdıqsa, indi ikisini alacayıq. Əslində, mübadilə baxımından onlara ziyandır. Türkiyə hökuməti çalışmalıdır ki, lirənin məzənnəsi enməsin. Biz neft ölkəsi olduğumuzdan elə təsiri olmayacaq...”.///azadliq.org