Media və intihar xəbərləri
22-02-2021 14:59 / Bu xəbər 2282 dəfə oxundu
Xalid Ağalı
İntihar olaylarını xəbərləyərkən medianın hansı sözlərdən, vurğulardan istifadə etməsi önəmlidir
Dünya Səhiyyə Təşkilatının bilgilərinə görə ("Suicide data”, 2018), planetimizdə hər il bir milyona yaxın insan intihar edir. Bu o deməkdir ki, hər 40 saniyədə bir nəfər özünü ödürməyə əl atır. Həm də son 15 ildə intiharların statistikasında artım tempi müşahidə edilir. ABŞ, Avropa Birliyinin bəzi ölkələrində, Türkiyədə artım tempi 0,30-1,5 faiz arasında dəyişir.
Azərbaycanda intiharların statistikası açıqlanmır. Ölkədəki intiharlar barəsində statistik bilgiləri natamam məzmunda bir neçə mənbədən almaq mümkündür. Məsələn, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin, hüquq-mühafizə qurumlarının açıqlamalarından bəzi statistik bilgilərə sahiblənmək mümkündür. Səhiyyə Nazirliyinin qurumunun bilgilərinə görə, onlara 2017-ci ildə 495, ondan əvvəlki il 327 intihardan ölüm halı bəlli olub. Ancaq hüquq- mühafizə qurumlarında həmin illərdə özü öldürmə həddinə çatdırmağa görə, 500-dən artıq cinayət işi açılıb.
Bilgi açıqlığı olmadığı üçün Azərbaycanla dünya ölkələri göstəriciləri arasında paralellər aparmaq, adambaşına düşən intihar sayına görə, gerçək durumun necə olduğunu ifadə etmək xeyli çətindir. Rəsmi bilgilər olmasa da, ümumilikdə son 30 ildə intharların azı 1-2 dəfə artdığı qeyd edilməlidir (Azərbaycan Psixiatrlar Assosiasiyasının prezidenti Nadir İsmayılovun müsahibəsi). İntiharların artımının müşahidə edildiyi ölkələrdə aparılan araşdırmalar göstərir ki, artım tendensiyasında medianın da xüsusi rolu var. Bu yazının məqsədi də media-intihar əlaqəsinə toxunmaqdır.
İntihar xəbərlərinin məzmunu intiharların artmasında təsirlidir
21-ci əsrdə medianın cəmiyyətlərin və fərdlərin üzərindəki təsiri görünməmiş dərəcədə artıb. Media cəmiyyəti bilgiləndirməklə yanaşı, həm də cəmiyyətin ayrı-ayrı məsələlərə yanaşmasının formalaşmasında çox təsirli vasitəyə çevrilib. İntihar məsələsində də medianın hansı dildən istifadə etməsi, necə xəbərləməsi fərdlərin yanaşmasına təsir göstərir. Media hüquqçu və ekspertlərinin daha qabarıq nəzərə çarpan rəyi bundan ibarətdir ki, media intihar hallarının sayının artmasında da çox təsirlidir. Media bu təsir gücünü daha çox intihar xəbərlərində yol göstərici nüanslara yol verməsi ilə əldə edir. İnsanlar intihar xəbərlərində təqdim edilən, həmin xəbərlərdə gizlənən xüsusiyyətlərdən təsirlənərək intihar davranışını təqlid edə bilirlər (Wasserman, I. Imitation and suicide. American Sociological Review). Bu baxımdan intiharın törədilmə forması, intihar edənin sosial durumu kimi nüanslar intihar olayı xəbərinin ictimaiyyətə hansı təsir göstərəcəyi baxımından çox önəmlidir.
Media hüquqçuları və etika ekspertləri intihar olayını xəbərləyən jurnalistlərin nələrə diqqət olmasını aydın ifadə etmək üçün intihar olaylarını 3 qrupda təsnifləndirirlər. Həmin təsnifatın 2 və 3-cü qrupuna aid olan intiharların necə xəbərlənməsi çox önəmlidir.
Birinci növ intiharları "alturistik intiharlar” adlandırılır. Belə intiharlar əsasən müəyyən bir qrup fəaliyyətlərlərindən qaynaqlanan intiharlardır. Elə zənn edin ki, belə intiharlarda bir fərd özünü aid olduğu bir sosial qrup naminə fəda edir. Belə intiharlar olaylarının təqdimat şəkli medianın cəmiyyəti təsirləndirməsi baxımından ciddi önəm daşımaya bilir.
İkinci qrupa məşhur bir şəxsiyyətin nümunə götürülərək intihara əl atılması olayları daxildir. Bu tip intiharlara ən uyğun örnəyi 1994-cü ildə məşhur Nirvana qrupunun üzvlərindən Kurt Cobian-ın ABŞ-da intihar etməsi olayını göstərmək olar. Olay Sietldə baş vermişdi. Yerli media həmin hadisənin xəbərlənməsi zamanı olduqca ölçü-biçili davranmışdı. Media, jurnalist birlikləri, habelə polis gənclərin çox ünlü musiqiçinin intiharı olayından neqativ təsirlənə biləcəyini gözə alaraq, olayın xəbərlənməsinə xüsusi diqqət göstərmişdilər. Nəticəsi yaxşı olmuşdu - hadisədən sonrakı 3-6 ayda intihar olaylarının statistikası araşdırlmış, məlum olmuşdu ki, musiqiçinin intiharı statistikaya ciddi təsir etməyib. Sözügedən intihar olayı Avropa mediasında həftələr boyu əsas manşet olmuşdu. Ancaq media xəbəri görünür, ABŞ mediasındakından fərqli təqdim etmişdi. Polisin bilgilərinə görə, nəticədə hadisədən sonrakı aylarda onlarla gənc musiqiçini təqlid edərək intihara əl atmışdı (musiqiçi özünü tüfənglə vurmuşdu). İntihar edənlərin üzərlərindən "Cobain kimi yaşayıb, Cobain kimi ölmək” məzmunlu mətnlər tapılmışdı. Həmin intihar olaylarından birində musiqiçinin pərəstişkarı olan 3 gənc qarajda özlərini qazla boğmuşdular. Onlar yazmışdılar ki, əslində, Cobain kimi özlərini tüfənglə vurmaqla intihar etmək istəyərdilər, "ancaq Cobianın istifadə etdiyi tüfəng bizdə yoxdursa, mənası yoxdur, ona görə də bu yolu seçdik…” Bu tip intihar xəbərlərinin mediada necə təqdim edilməsi çox önəmlidir. Azərbaycan təcrübəsində yaxın keçmişdə belə intihar olayları xatırlanmır.
Media və intiharların təqlid edilməsi
Üçüncü növ intiharlar xəbərləmə zamanı medianın xüsusi diqqət göstərməsi tələb olunan olaylardır. Bu qrupa fərdin intihar etmiş biri ilə özünün durumu arasında ortaq bağları, xüsusiyyətləri tapa biləcəyi olaylar aid edilir. Hər hansı fərd intihar edən birisinin detallı hekayəsini mediadan oxuyur, onunla durumu arasında ortaq xüsusiyyətləri görür və bu, daha da çarəsizləşən fərdi intiharı təqlid etməyə sürükləyir. Belə intiharların ən klassik örnəklərindən biri Volfqanq Höte-nin "Gənc Verterin iztirabları” əsərinin yayımlanmasından (1770-80-ci illər) sonra yaşanmışdı. Bunu eksperlər "Verter effekti” də adlandırırlar. Həmin əsərdə romanın mavi gödəkcəli qəhrəmanı intihar edirdi. Əsərin yayılmasından sonra Almaniyada və digər Avropa ölkələrində mavi gödəkcə gənclərin sevimli geyiminə çevrilmişdi. Həm də mavi gödəkçəli gənclərin intihar olayları intiharların ümumi statistikasını 100 faiz artırmışdı. Durum o qədər ciddiləşmişdi ki, kitaba qanuni yasaq da gətirilmişdi. Yeniyetmələr, gənclər öz durumları ilə Hötenin romantik təsvir etdiyi Verterin durumu arasında ortaq bağlar tapır, ümidsizliyə qapılır, roman qəhrəmanının tapdığı çözüm yolunu - intiharı təqlid edirdilər.
Başqa bir örnək - 1996-cı ildə İngiltərənin populyar tv-lərindən birində göstərilən filmdə artıq dozada dərman qəbul etməklə intihar səhnəsi intiharların sayını artırmışdı. Statistik göstəricilərə görə, həmin filmin yayılmasından sonrakı 3 ayda həmin yolla intihar halları 100 faiz artmışdı. İrlandiya İntihar Araşdırmaları Assosiasiyasının (The Irish Association of Suicidology) araşdırmasında da vurğulanır ki, başqalarını təqlid etməklə intihar etmək təsdiqini tapmış fenomendir.
Məktəbli və "kredit” intiharları
Beləliklə, media başqalarını təqlid etməklə intihara əl atılması durumlarında fərdlərə ən ciddi təsir göstərə bilən faktorlardandır. Belə intiharların yaxın Azərbaycan təcrübəsində onlarla örnəyi var. Həmin örnəklərə diqqət yetirmədən öncə qeyd edək ki, rəsmi mənbələrdə belə halların statistikası, onların önlənməsi ilə bağlı rəsmi çalışmalarla bağlı heç bir bilgi yoxdur.
2010-cu ildən bəri olan dövrdəki məktəbli intiharları barəsində internet üzərindən axtarışda onlarla olayla qarşılaşırıq. Bakıdakı son məktəbli itiharı olayı xəbərləri də daxil olmaqla, media xəbərlərinin demək olar ki, hamısında intihar zamanı hansı üsuldan istifadə edilməsi xəbərin başlığındaca ifadə edilir. Belə intiharların əksəriyyətində məktəblilər özlərini asmaq üsulundan istifadə ediblər. Xəbərlərdə həm də intihar edənlərin həyat hekayəsi detallı, bir çox halda isə romantikcə ifadəsini tapır. Yazılarda onların hansı problemlərlə üzləşdiyi, ailə durumu, məktəbə uyğunlaşmadakı problemləri kimi məsələlərə geniş yer verilir. Həmin dövrü əhatə edən intihar xəbərlərinin digər cəhəti sanki intihara haqq qazandırılması ilə bağlı məzmundur. Xəbərlərdə bu sahə eksperlətirinin fikirlərinə yer verilmir, başqa çıxış yollarından bəhs edilmir, adətən hüquq-mühafizə qurumları nümayəndələrinin, intihar edənlərin yaxınlarının, qonşularının düşüncələri ifadə edilir. Onların fikirləri də əsasən intihar olayının səbəblərini tam çılpaqlığı ilə açıqlamaq üzərində qurulur, xəbərdən çıxan əsas nəticə də bu olur ki, "başqa yolu qalmamışdı”...
Üçüncü qrup intiharlara aid edilən digər intihar olayları Azərbaycanda milli valyutanın devalvasiyasından sonra yaşanan kredit böhranı dövrünə təsadüf edir. İnternet üzərindən axtarış zamanı məlum olur ki, həmin zaman kəsimində azı yüzdən artıq intihar olayı baş verib. Həmin dövrdə "Kreditə görə intihar etdi” başlıqlı xəbərlərin sayı yüzlərlədir. Həmin xəbərələrdə də məktəbli intiharlarında olduğu kimi intiharın səbəbi elə xəbər başlığındaca ifadə edilir, ekspertlərin fikirlərinə yer verilmir, düşüncələrinə yer verilən şəxslərsə, intihar edənin başqa yolunun qalmadığını ifadə edirlər.
İntihar olaylarını xəbərləyərkən medianın hansı sözlərdən, vurğulardan istifadə etməsi, xəbəri təqdimetmə üsulu, xəbərin qoyulduğu yer (qəzetdə, sayda, tv-radioda) çox önəmlidir. İntihar olayının detallı, romantik cümlələrlə təqdim edilməsi, ona adi olay kimi yanaşılması, xəbərlərin cəzbedici yerlərdə yerləşdirilməsi, başlıqda intihar sözündən, intiharın üsulundan istifadə edilməsi, intihar edənin şəkillərinin yayılması, onun davranışının cəsurca təqdim edilməsi, sıxıntılı şəxsin alternativ çıxış yollarının göstərilməməsi, belə durumlarda yardım edə biləcək qurumların nişan verilməməsi, ekspert rəylərinin olmaması - xəbərlərdəki bütün bu nüanslar intihar risqli qrupu rahatlıqla təsirləndirə bilir.
Məsələn, yeni yerləşdiyi məktəbə uyğunlaşmaqda problem yaşayanlar eyni problem üzündən intihar etdiyi deyilən məktəblinin romantik təqdim edilən hekayəsindən, kredit borcunun ağırlığının sıxdığı borclu eyni sıxıntıdan özünü asmaqla qurtulan birisinin "başqa yolu qalmamışdı” formasında təqdimatından təsirlənə, intiharı təqlid etmək yolu tuta bilir.
Media, jurnalistlər nələrə diqqət etməli?
İntiharları yox etmək mümkün deyil, onu cilovlamaq mümükündür. İntiharlar hər zaman medianın gündəmində qalmağa da davam edəcək, çünki xəbər dəyəri var. İntiharların cilovlanmasında medianın üzərinə düşən vəzifələr var, xəbərləmə zamanı bəzi etik ölçülərə əməl etmək intihar risqli qrupları neqativ deyil, pozitiv təsirləndirə bilər. Bu ölçülər dəyişməz deyil, davamlı yenilənir, inkişaf etdirilir. Dünya Səhiyyə Təşkilatının media hüquqçu və etika ekspertlərinin də qatılımı ilə təqdim etdiyi tövsiyələr bu baxımdan çox önəmlidir. Həmin tövsiyələr kifayət qədər aydın, hər bir medianın, jurnalistin əməl edə biləcəyi məzmundadır.
- Xəbərlərdə intihar edənin qərar verməsində rol oynamış psixisosial səbəblərə aydınlıq gətirilməli, ən altda psixoloji xəstəlik varsa, bunlar mütləq vurgulanmalıdır. Media intihara yol açan depresssiya və ya başqa ruhi pozgunluqların müalicəsinin mümkün olmasını vurğulamalı, necə yardım almağın da yolunu göstərməlidir.
- İntihar heç bir halda çarəsiz birinin cəsur davranışı kimi təqdim edilməməlidir. Bu xəbərlər medianın ən cəlbedici yerində yer almamalı, intihar üsulunun detallarına toxunulmamalıdır;
- İntihar olayı romantikcə təqdim edilməməli, heç bir durum üçün çıxış yolu kimi göstərilməməlidir;
- İntihar cəhdi nəticəsində meydana gələn fiziki problemlər, xəsarətlər digərlərinə daşındırıcı təsir edəcək məzmunda xəbərlərdə ifadə edilməlidir;
- Xəbərlərin dili çox vacibdir - romantik ifadələrdən qaçmaq lazımdır;
- Xəbərlərdə intihar edənin problemlərinin çözülməsində başqa daha təsirli vasitələrin olduğu vurğulanmalıdır;
- İntihar edəni xüsusi bir statusda təqdim etmək olmaz. İntihar etmənin ad-san qazanmaq üçün istifadə ediləcək yol olması mesajı verilməməlidir;
- Xəbərlərdə həm də sıxıntısı olanlara yardımçı qurumlar haqda bilgi vermək lazımdır;
- Xəbər qısa, fotosuz, intihar üsulu bildirilmədən yayılmalıdır. Bir intihar olayının təkrar-təkrar xəbərlənməsi intihar riskli qruplar üçün neqativ təsir gücü daşıyır.
Meydan.Tv
16 aprel 2019