Medianın İnkişafı Agentliyi Azərbaycan XİN rolunda çıxış edir
13-08-2024 01:38 / Bu xəbər 567 dəfə oxundu
Medianın İnkişafı Agentliyi bir sıra KİV-lərin Azərbaycan haqqında məlumatlarını təkzib edən bəyanat yayıb.
"Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar”, - deyə agentliyin bəyanatında bildirilir.
Xüsusən, "Azərbaycan haqqında informasiya manipulyasiyası həyata keçirmiş” İran İnternational telekanalının, The Telegraph nəşrinin və Kan telekanalının adları çəkilir.
"İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya” təkzib olunur.
"Bildiririk ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyalarını ciddi şəkildə qınayırıq”, - deyə Agentlik qeyd edir.
Agentlik cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırır.(Turan)