Meditasiya: həyatının ipinin qaçdığı yeri yamamaq...

Meditasiya: həyatının ipinin qaçdığı yeri yamamaq...

18-08-2024 00:44 / Bu xəbər 30 dəfə oxundu

Şəfəq

Sosial şəbəkələrdə tez-tez parklarda, dəniz kənarlarında meditasiya ilə məşğul olan insanların maraqlı, ağappaq, gur işıqları olan paylaşımları qarşıma çıxır. Hər dəfə o kadrlara, şəkillərə təəccüblə baxıram. Başdan ayağa ağ rəngli paltarlar, saçlarında qəribə-qəribə quş lələkləri, biləklərində, topuqlarında müxtəlif daşlar, rəngli iplər nədənsə heç təbii görünmür...

Bu meditasiyalarda, sadhu-terapiyalarda ağlayan, isterika keçirib özündən gedən qızları görəndə lap özümdən çıxıram. Aralarında tanıdığım insanlar da var. Hər dəfə söhbətimiz düşəndə, zarafatla: "Bunları özləri yığıb gətirirlər", - deyirəm. 

Məni inandırmağa çalışırlar ki, yox, elə deyil, gəl öz gözlərinlə gör, auranı duy və s. Kimə deyirsən, öldürsələr də, inanmaram, adama qəribə baxırlar. Onsuz da bizdə belədir: nəyə inanmasan, deyirlər, gəl gözünlə gör, onda inanacaqsan. Gedirik görürük, amma nə kəramətdirsə, yenə də inanmırıq. Bu gözümüzlə gördüyümüzdür, yaxşı, bəs onda görə bilmədiklərimizin taleyi necə olacaq?..

Rəfiqəmlə aramızda gedən bir həftəlik mübarizədən sora, sonuncu bəhanəmə də çarə tapılır. Yoqa xalçamın olmadığına gülüb: "Səccadəni götürüb gələrsən", - deyir. Razılaşıram. Demişdim, inanmasaq da, gedib görmək fərzdir. Həm də indiki dövrün dəblərindəndir: öz içinə enmək, şüuraltınla danışmaq, barışmaq və yenidən danışmaq - həyatını dəyişmək. 

Nə məlumdur, bir də gördün sənin həyatın da dəyişdi. Budur, başımı başlara qoşub həyatımı dəyişmək üçün "Gənclik" parkına yola düşürəm. Yol boyunca dünyanın dərdini-kədərini düşünüb bir-bir yoluna qoyuram ki, ora çatanda fikrimi heç nə qarışdırmasın. 

Günün elə vaxtına gəlib düşürük ki, heç ağacların altında da kölgə yoxdu. Ora-bura atılmış su şüşələri, qurumuş otlar, bizdən bir az aralıda süfrə açıb bərkdən qışqıra-qışqıra danışıb gülən adamlar. İndidən deyinmək üçün yetərincə səbəbim var. Oradan uzaqlaşıb parkın içində xeyli var-gəl edəndən sonra özümüzə kölgəlik bir yer tapıb otururuq və "kouçumuz” söhbətinə başlayır...
 
"Dişil enerji”dən "Qalaksi" Federasiyasına...

Meditasiyanın tarixindən, terapiyalardan, metodlardan, "dişil enerji”dən danışıb keçir Qalaksi  Federasiyasına. İndiyədək heç bir mənbədə bu federasiyaya rast gəlmədiyim üçün pərt oluram. Nəhayət, uzun danışıqlardan sonra "əsas masa”ya keçib meditasiyamıza başlayırıq.

"Kouç"umuzun təlimi ilə ayağa durub gözlərimizi bağlayır, əllərimizi günəşə açırıq. Bir neçə dəfə dərindən nəfəs-alıb verməyimizi istəyir, sonra isə nəfəsimizi alıb saxlaya bildiyimiz qədər saxlamağımızı. Bu anda uşaq vaxtı evdə oynadığımız "nəfəs tutma" yarışında hamıya qələbə çaldığımı xatırlayıram. Burada da ən çox mən dözməli idim. Amma heç də gözlədiyimiz kimi olmadı, dizlərim əsməyə başladı, yan-yörəmə dönüb "oyun yoldaşlarım"a nəzər saldım, gözlərim qaraldı, başım gicəlləndi, dünya başıma fırlandı.

Bəli, bəs necə olmalı idi? Səhərdən bəri aclıq bir yandan, başıma-gözümə döyən günəş bir yandan, bu tərəfdən də nəfəs tutma yarışı? Bütün bunların aydınlanma prosesi olduğuna inanmaq istərdim, bu tezlikdə. Amma təəsssüf ki, indi xəyal qurmağın yeri deyildi, uduzmuşdum. Utandığımdan səccadəmin üstünə çırpıldım. 

Arxaya dönüb məndən qabaq başqa birinin dizlərini qucaqlayıb oturduğunu görəndə ürəyimə təskinlik gəldi. Deməli, hamıya uduzmamışam, heç olmasa bir nəfərin üzərində üstünlüyünü qoruyub saxlamaq, daha az adama məğlub olmaq da bir şeydir. Olsun, əvvəlki vəziyyəti, mənə və hamıya uduzmuş dostumu göz önünə gətirəndə insan buna da şükür edir. Nə yaxşı ki, bizə aza qane olmağı vaxtında öyrədiblər. Şükür, min şükür...

Yarış tamamilə bitib, mənimsə hələ də ürəyim bulanır. İlk dəfədir ki, özümü təbiətə, günəşə, torpağa bu qədər yad hiss edirəm. Kor-peşman oturub gözləyirəm ki, dostlarımız öz təşəkkürlərini bildirib qurtarsınlar, sonra görək başımıza nə gəlir. Söz gəlib çatır tək təsəllim olan, qələbə çaldığım dostuma... 

Onun da başı gicəllənib, dizlərinin "bağı çözülüb". Özü də eynən belə deyir. Amma nə təzyiqi düşüb, nə də başına gün döyüb. Bu dizlərini bərk-bərk qucaqlayan dostumuz gözünün yaşını silə-silə min dillə hamımıza təşəkkür edir, ürəyində daşıdığı yüklərdən azad olduğunu deyir. 

Bircə anlıq olsa da, mən də özümü buna inandırmaq istəyirəm ki, günəş başıma yox, ürəyimə salıb şüalarını, mənim də içimdə işıqlar yanıb. 

Nə olar ki? Amma kimə deyirsən? Kimdir buna inanan?

Onlar öz təəssüratlarından, həyat hekayələrindən, travmalarından danışır, mən isə içimdə özümü niyə burada olduğuma görə sorğulayıram. Əslində, bu sorğum mahiyyət etibarilə deyingənlikdən o tərəfə keçmir. Amma hardansa dostumun elədiyi bir zarafatı qəfil xatırlayıram: bir dəfə piyada zolağından qarşı tərəfə keçmək üçün boş yolda svetaforu gözlədiyimə gülüb: "Ancaq böyük səhvləri olan adamlar kiçik şeylərə bu qədər diqqət edir", - demişdi. 

Bir iki saniyəlik lal sükutdan sonra bir-birimizə baxıb gülə-gülə təkəmseyrək maşınların arasından keçib getmişdik. Uşaqlıq illərimiz mədrəsələrdə, məscidlərdə keçdiyi üçün zarafatla da olsa, yanımızdakıları moizə etmək tərgidə bilmədiyimiz adətdir...

Amma indi qəti inanıram ki, bura yığışanlar həyatının müxtəlif yerlərində problemi olan adamlardı. Problemlərin əksəriyyəti də məişətlə, başqaları ilə bağlıdır. Hamı bura həyatındakı böyük yarıqlara kiçik yamaqlar tikmək üçün toplaşıb. Amma sökülmüş başmaqları orasına-burasına təsadüfi ilməklər atmaqla bərpa etmək olmaz. Ona görə də ipin qaçdığı yeri tapmaq, ora ilmək atmaq lazımdır.