Məhkəmə Anar Bayramovun qərarını ləğv edib - Şadlinskaya işdən niyə çıxarılıb?

Məhkəmə Anar Bayramovun qərarını ləğv edib - Şadlinskaya işdən niyə çıxarılıb?

01-03-2024 16:06 / Bu xəbər 660 dəfə oxundu

Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tabeliyində fəaliyyət göstərən Mərdəkan Reablitasiya Pansionatının əməkdaşı Gülmira Şadlinskaya müqaviləsi bitməmiş işdən çıxarılıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Gülmira Şadlinskaya rəhbərliyin bu qərarını qanunsuz hesab edərək məhkəməyə müraciət edib. 

O, Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb. Məhkəmə Gülmira Şadlinskayanın iddiasını təmin edib. 

Qaraşı tərəf apellyasiya şikayəti versə də, birinci instansiya məhkəməsinin qərarı dəyişməyib. Yəni, Agentliyin şikayəti təmin olunmayıb. İş hazırda Ali Məhkəmədədir. Kassasiya şikayətini agentlik verib. 

Gülmira Şadlinskayanın iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır. 

Qaynarinfo məlumatla bağlı Gülmira Şadlinskayanın özü ilə əlaqə saxlayıb. 

O, məlumatı təsdiqləyib. 

Bildirib ki, 2018-ci ildən Mərdəkan Reablitasiya Pansionatında müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı işləyib. 
 
"Müqaviləm bitməmiş işdən çıxarılmışam. Bu baxımdan, məhkəməyə müraciət etmişəm. Binəqədi Rayon Məhkəməsi iddiamı təmin edib. Apellyasiya Məhkəməsi də rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. İndi Ali Məhkəmənin qərarını gözləyirəm", - deyə Gülmira Şadlinskaya əlavə edib. 

Onun sözlərinə görə, 2017-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda Həmkarlar Təşkilatının sədri vəzifəsində işləyib: "Ordan işdən çıxdıqdan sonra Mərdəkan Reablitasiya Pansionatında işə başlamışam. İşdən çıxarılmağım üçün ciddi əsas yoxdur. Elə bu səbəbdəndir ki, iddiam təmin edilib".

Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyindən məsələ ilə bağlı açıqlama almaq mümkün olmayıb. 

Agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. 

Agentliyin İdarə Heyətinin sədri Anar Bayramovdur. O, 2021-ci ildə bu vəzifəyə təyin edilib. Gülmira Şadlinskaya məhz Anar Bayramovun qərarı ilə işdən çıxarılıb.