Məhkəmə Azərbaycanda saxlanılan iranlı fəalla bağlı qərar verdi
12-01-2024 16:47 / Bu xəbər 874 dəfə oxundu
Ev dustaqlığı polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəzləndi
Füzuli Rayon Məhkəməsi siyasi sığınacaq üçün Azərbaycana qaçıb gələn iranlı siyasi fəal Puya Purhemməti barəsində seçilmiş ev dustaqlığını dəyişib.
Bu barədə fəalın vəkili Şəhla Hümmətova "Arqument.az"a məlumat verib.
O deyib ki, məhkəmə Puya Purhemməti barəsində seçilmiş ev dustaqlığını polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəzləyib.
Oktyabrın 12-də Azərbaycan sərhədini qanunsuz keçmək istəyən və Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən saxlanılan İran vətəndaşı Puya Hüseyn oğlu Purhimməti dekabrın 11-də ev dustaqlığına buraxılmışdı.
Oktyabrın 12-də Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədirliyi ilə keçirilən prosesdə DSX-nın qaldırdığı vəsatətə əsasən, Purhemməti barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdi.
Ona qarşı Azərbaycan CM-in 318.1-ci maddəsi ilə (dövlət sərhədini qanunsuz keçmə) ittiham irəli sürülüb və cinayət işi açılıb.
Purhemməti məhkəmədə siyasi təzyiqlərə görə İrandan qaçdığını, Azərbaycandan sığınacaq istədiyini demişdi.
O, sərhədi keçərkən ağ bayraq qaldırdığını və rəsmi qurumlara təslim olduğunu bildirmişdi.
Puya Pirhemməti İrandakı siyasi fəallardan sayılır.
O deyib ki, indiyə qədər İranda etirazlarda fəal iştirak edib.
Ötən ilin payızında keçirilən etiraz aksiyalarında da fəal iştirak edən 9 sentyabr 1987-ci il doğumlu Puya Təbrizdəki aksiyaların əsas təşkilatçılarından biri kimi təqib olunub.