Məhkəmə “Hurriyyet TV” internet kanalına girişi məhdudlaşdırır
13-09-2023 23:00 / Bu xəbər 888 dəfə oxundu
Baş Prokurorluğun müraciəti təmin edilib
Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzova "Hürriyyət” qəzetinin "Youtube”dakı eyni adlı kanalına girişin məhdudlaşdırılması barədə qərar çıxarıb.
Bu qərar Baş Prokurorluğun müraciəti əsasında çıxarılıb.
Baş Prokurorluq isə Müdafiə Nazirliyinin xahişilə "Hurriyyet TV” kanalını bağlatdırmaq üçün iddiaçı qismində çıxış etməyə razılıq verib.
Məhkəmədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də maraqlı şəxs qismində çıxış edib.
Baş Prokurorluğun ərizəsində iddia olunub ki, "Hurriyyet TV” "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun tələblərini pozub, orada yayılması qadağan edilən məlumat və fikirlər səsləndirilir.
Xüsusən efirdə ekspert qismində çıxış edən ehtiyatda olan polkovnik Elnur Məmmədovun Azərbaycan Ordusu, Müdafiə Nazirliyinin rəhbər şəxsləri haqqında həqiqətə uyğun olmayan məlumatlar səsləndirdiyi, ordunun nüfuzuna zərbə vurduğu iddia olunur.
Baş Prokurorluq bundan əvvəl iyulun 24-də "Hürriyyət”in baş redaktoru Vüqar Məmmədov və polkovnik Elnur Məmmədovun həbs olunması üçün məhkəməyə müraciət etmişdi.
Həmin müraciət əsasında onların hər ikisinə Nərimanov Rayon Məhkəməsinin qərarıyla 30 sutka inzibati həbs cəzası verilmişdi.
Onlar İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, yaxud qarşısının alınmaması) maddəsilə ittiham olunurdu.
Elnur Məmmədov çıxışlarında Müdafiə Nazirliyi sistemində yeyintilər, qohumbazlıq və s. məsələlərdən bəhs edirdi.
O, müdafiə naziri Zakir Həsənovu da ittiham edirdi.