Məhkəmədən sonra Qubad İbadoğlunun azadlığı tələb edilib

Məhkəmədən sonra Qubad İbadoğlunun azadlığı tələb edilib

04-11-2023 20:49 / Bu xəbər 963 dəfə oxundu

Noyabrın 3-də Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun həbsinin ev dustaqlığı ilə əvəzlənməsinin qəbul edilməməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti də təmin olunmayıb.

Bu barədə onun vəkili Zibeyda Sadıqova məlumat verib.

Onun sözlərinə görə, Q.İbadoğlunun səhhəti durmadan pisləşir: "Qanda insulinin miqdarı hər gün artır. Ürəyində də aortanın genişlənməsi var. Biz Nərimanov Rayon Məhkəməsinə ev dustaqlığı ilə bağlı müraciət etmişdik. Məhkəmə bizim arqumentlərimizi eşitmədi. Bu gün, noyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxaldı".

Məhkəmə prosesindən sonra ADR üzvləri partiya sədrinin həbsi ilə bağlı etiraz aksiyası keçirib. 

Onlar Qubad İbadoğluna azadlıq sözləri yazılmış plakatları əlində tutaraq "Azadlıq" şüarı səslənsiriblər. 

Aksiya iştirakçıları başqa siyasi məhbus sayılan şəxslərin də azadlığını tələb ediblər

Aksiya zamanı saxlanan olmayıb. Səslənən tələblərə rəsmi qurumlardan münasibət almaq cəhdi isə nəticə verməyib. Amma rəsmilər bir qayda olaraq ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. 

Onlar deyir ki, siyasi məhbus siyahılarında yer alanlar sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Müdafiə tərəfinin Qubad İbadoğlunun səhhətinin pisləşməsi ilə bağlı dediklərini də Penitensiar Xidmətidən dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

ADR sədri Q.İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin (CM) 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. 

Avqustun sonunda ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Hüquq-mühafizə orqanları Q.İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan ilahiyyatçı Fətullah Gülənin ( ittihamı qəbul etmir) tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. 

Q.İbadoğlu isə ittihamı qəbul etmir, məhkəmədə onu "saxta" adlandırıb.