Məmurun qardaşının şirkəti məhkəməyə verildi - Milyonluq qalmaqal

Məmurun qardaşının şirkəti məhkəməyə verildi - Milyonluq qalmaqal

20-04-2023 23:53 / Bu xəbər 1131 dəfə oxundu

"Şərq Bazarı” kompleksinin bərpası və yenidəqurma işlərində subpodratçı olan "MECC” MMC podratçı şirkət "6-cı mərtəbə” MMC-ni məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, "MECC” MMC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır. 

İşin mahiyyəti podrat müqavilələri üzrə mübahisələrdən ibarətdir. 

"MECC” MMC "6-ci mərtəbə” şirkətinin ona borclu olduğunu iddia edir. 

Bir müddət əvvəl şirkətin direktor köməkçisi Salman Salmanzadə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, "6-cı mərtəbə” MMC-nin onlara 1 milyon 400 min manatdan artıq borcu var. 

Salman Salmanzadənin sözlərinə görə, dəfələrlər "6-cı mərtəbə”nin rəhbərliyinə müraciət edilsə də, nəticəsi olmayıb. 

"Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işlərində subpodratçı olan "MV Group” MMC və "İdea Yapı” MMC də "6-cı mərtəbə” MMC-nin onlara borclu olduğunu bildirir. Onlar da məhkəməyə müraciət etməyə hazırlaşır. 

"6-cı mərtəbə” MMC 9 may 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. MMC-nin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. 

Şirkətin prezidenti isə Atəş Təhməzovdur. 

O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır.