Meriya Müsavatın piketinə icazə vermədi
31-10-2017 11:22 / Bu xəbər 1825 dəfə oxundu
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının piketlə bağlı müraciətini cavablayıb.
BHİŞ müraciətə baxıb və Müsavat Partiyasının noyabrın 3-ü, saat 15:00-da BŞİH inzibati binası qarşısında piket keçirilməsinə razılıq verməyib.
"Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında planlaşdırdığınız piketin keçirilməsi məqsədəuyğun hesab edilmir. Ümumiyyətlə, Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında 200 metr radius çərçivəsində toplantıların keçirilməsi məhdudlaşdırılır”, - deyə bildirilib.
Müsavat Partiyası BŞİH-in bu qərarını qanunsuz sayaraq yenidən piket üçün müraciət göndərib.
Bu, BŞİH-in Müsavat Partiyasına verdiyi ilk "yox” cavabı deyil. Partiyanın oktyabrın 21-də yürüş keçirmək barədə müraciətinə də "yox” deyilmişdi.
İcra Hakimiyyəti buna Bakı şəhərində nəqliyyatın sayının artmasını, aksiyanın nəqliyyatın və piyadaların hərəkətinə mane olacağı ehtimalını əsas gətirmişdi.
Müsavat Partiyası hesab edir ki, icra hakimiyyətinin belə cavabı sərbəst toplaşmaq azadlığının formalarından biri olan yürüş və nümayişlərin birdəfəlik qadağan olunması kimi qiymətləndirilməlidir.
"Bu, ölkə Konstitusiyasının və "Sərbəst Toplaşmaq Azadlığı Haqqında Qanun”un kobud şəkildə pozulmasıdır. Bu qərar eləcə də, ölkə başçısı İlham Əliyevin bugünlərdə mötəbər bir tədbirdə söylədiyi "Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunur” fikrinin əsassız olduğunu təsdiqidir.
Müxtəlif idman yarışları və digər tədbirlər keçirilərkən nəqliyyatın hərəkətinə günlərlə tətbiq edilən məhdudiyyətlər də sübut edir ki, yürüş qadağası ilə hakimiyyət paytaxt sakinlərinin deyil, özünün antidemokratik maraqlarından çıxış edir, rəqiblərinin siyasi fəaliyyət imkanlarını məhdudlaşdırmaq siyasətini davam etdirir”, – partiyanın açıqlamasında deyilirdi.
Bu yaxınlarda Avropa Birliyi Şurasından gələn qonaqları qəbul edən prezident İlham Əliyev aksiyalar məsələsinə toxunmuşdu.
O deyib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilir. Sadəcə, xalq belə aksiyaları dəstəkləmir.












