Merkel Əliyevlə görüşdə insan haqları məsələsini də müzakirə edib

Merkel Əliyevlə görüşdə insan haqları məsələsini də müzakirə edib

25-08-2018 16:28 / Bu xəbər 1563 dəfə oxundu

Almaniya Kansleri Angela Merkel Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə ölkədə insan haqlarının vəziyyətini də müzakirə edib. 

Bu barədə azadliq.info məlumat yayıb.

Məlumata görə, belə bir müzakirənin olacağını xanım Merkel nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşündə bildirib.

İlham Əliyevlə birlikdə geniş tərkibli görüşdə Merkel müzakirə edəcəkləri məsələlərdən danışarkən "Biz yəqin ki, bəzi kritik məqamlara da toxunacağıq. Bu da insan hüquqları və humanitar vəziyyətdir” deyə bildirib.

Almaniyanın DPA agentliyinin məlumatına görə, Merkelin bu sözləri qarşılığında İlham Əliyev bu məsələlər ətrafında dialoqa hazır olduqlarını bildirib.

Görüşdə əvvəlcə İlham Əliyev danışıb. O bu səfərin çox uğurlu olacağına və Almaniya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Angela Merkel də bu səfərin iki ölkə arasında münasibətlərə yeni təkan verəcəyinə inandığını deyib.

"Biz həm də mədəniyyət sahəsində əlaqələrimizi də genişləndirə bilərik. Azərbaycanda ilk alman koloniyasının yaradılmasından 200 il keçir. Bəzi insanların bu barədə heç məlumatı yoxdur.

Biz iqtisadi əlaqələrimizi genişləndirə bilərik. Azərbaycan bu regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır.

Biz yəqin ki, bəzi kritik məqamlara da toxunacağıq. Bu da insan hüquqları və humanitar vəziyyətdir. Biz həm də bu regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir və biz Almaniya tərəfindən onun həllinə dəstək olmaq istərdik”, – deyə Merkel bildirib.

Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşdən sonra İlham Əliyevlə Angela Merkel birgə mətbuat konfransı keçiriblər.

***

Angela Merkel Bakıda Şəhidlər Xiyabanını – Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş insanların məzarlarını ziyarət edib. O, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

***

Angela Merkel Bakıda İlham Əliyevlə birlikdə bir qrup iş adamı ilə də görüş keçirib. Görüş H.Əliyev Mərkəzində təşkil olunub.

***

Almaniya Kanslerinin Azərbaycana səfəri başa çatıb.

Arqument.Az