"Meta" və "X" YAP üzvlərinin profillərini bloklayıb
10-06-2024 23:23 / Bu xəbər 846 dəfə oxundu
Yeni Azərbaycan Partiyası funksionerlərindən bir çoxunun "X” və "Meta” hesabları bağlanıb.
"Gununsesi.info”nun xəbərinə görə, buna səbəb kimi YAP fəallarının Yeni Kaledoniyadakı hadisələri qızışdırması göstərilib.
Azərbaycanla Fransa arasında gərginlik bu olaydan sonra daha da güclənib.
Fransa Daxili İşlər Nazirliyi Yeni Kaledoniyadakı iğtişaşlarda Azərbaycanın rolunun olduğunu bəyan etsə də rəsmi Bakı bunu təkzib edib.
YAP-ın sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov "Gununsesi.info”ya açıqlamasında bu barədə danışıb:
"Bununla bağlı bizim mövqeyimiz ifadə olunub. YAP-ı Fransadakı olaylarda iştirakçı kimi təqdim etmək yersizdir. Hər bir vətəndaşın azad düşüncəsi var. İnsanlar öz düşüncəsini sərbəst ifadə edə bilər. Bizim partiyadan da kimlərsə, bunu edirsə, o demək deyil ki, bu YAP-ın rəsmi təşəbbüsüdür, yaxud da göstərişidir. Bloklanan hesabların sahibləri də sıravi üzvlərdir. Əgər Fransa tərəfinin iddia etdiyi kimi YAP bu prosesdə iştirakçıdırsa, o zaman adıçəkilən sosial şəbəkələr Mərkəzi Aparatın rəhbərliyinin hesablarına məhdudiyyət qoyardı”.
"Arqument.az”a verilən məlumata görə, bloklanan əksər profillər hakimiyyətin nəzarətində olan trollardır, sadəcə, YAP rəsmiləri trollardan istifadə etdiklərini rəsmi etiraf etməmək üçün onları sıravi üzvlər kimi təqdim ediblər.