"Metropoliten"in vergi borcu 17 milyonu keçdi
02-11-2023 01:15 / Bu xəbər 1419 dəfə oxundu
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN- 1402871431) dövlət büdcəsinə böyük həcmdə vergi borcu var.
Hazırda (01.10.2023-cü il tarixinə) "Bakı Metropoliteni” QSC-nin dövlət büdcəsinə 17 milyon 256 min 705 manat 75 qəpik vergi borcu var.
Nizamnamə kapitalı 2 milyard 580 milyon 638 min 397 manat 20 qəpik olan QSC-nin vergi borcu son 1 il ərzində təxminən 4 milyon manat artıb.
Ötən ilin iyul ayında "Bakı Metropoliteni” QSC-nin dövlət büdcəsinə 13,1 milyon manat vergi borcu olub.
"Bakı Metropoliteni” son 2 ildir maliyyə hesabatını açıqlamır.
2023-cü ilin aprel ayında "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov mətbuata deyib ki, hesabatın yubanmasının səbəbi audit yoxlaması ilə bağlıdır.
QSC rəsmisinin bu açıqlamasından 7 ay ötsə də, maliyyə hesabatı hələ də açıqlanmayıb.
"Bakı Metropoliteni” sonuncu dəfə maliyyə hesabatını 2020-ci ildə açıqlayıb.
Hesabata görə, "Bakı Metropoliteni”nin 2020-ci ildəki xalis zərəri 83 milyon 542 min 500 manat 6 qəpik olub.
2019-cu ilin hesabatında isə "Bakı Metropoliteni”nin 55 milyon manat zərər etdiyi açıqlanıb.