Metyu Miller: “Bakı və Yerevan arasında danışıqlarda irəliləyiş əldə olunub”
17-07-2024 01:06 / Bu xəbər 626 dəfə oxundu
Dövlət Departamentinin sözçüsü detalları açıqlamayıb
ABŞ ötən həftə Vaşinqtonda keçirilən son görüş zamanı Bakı və Yerevan arasında danışıqlarda irəliləyişin əldə olunduğunu bildirib.
Bu barədə iyulun 15-də "Turan”ın Vaşinqton müxbiri məlumat verib.
"Biz irəliləyişə nail olduq. Detalları açıqlamayacağam. Hələlik saziş yoxdur, ancaq buna nail olana qədər sakitləşməyəcəyik”, – Dövlət Departamentinin mətbuat katibi Metyu Miller NATO sammiti çərçivəsində Dövlət katibi Entoni Blinkenin azərbaycanlı və erməni həmkarları ilə görüşünün nəticələrilə bağlı sualları cavablandırarkən bildirib.
"Görüşün açılışında Dövlət katibinin hər iki tərəfin uzun yol qət edərək irəliləyiş əldə etdiyini söylədiyini eşitdiniz. Odur ki, biz onları təşviq etməyə davam edirik”,– Miller deyib.
Blinken nazirlər Bayramov və Mirzoyana deyib ki, ABŞ regionda sabitlik və təhlükəsizlik üçün çox şey ifadə edən sazişin tərəflərinə kömək etməyə çalışacaq.
"Biz düşünürük ki, sövdələşmə mümkündür, lakin hər iki tərəf çətin seçim etməli və çətin kompromislərə getməlidir. Biz onları bu son fikir ayrılıqlarını həll etməyə və sazişə nail olmağa çağıracağıq”,– Miller deyib.
Ötən ay Ermənistan bildirib ki, bir ay ərzində Bakı ilə sülh sazişini imzalamağa hazırdır.
Ötən həftə Prezident İlham Əliyev də bildirib ki, sazişin mətni bir neçə ay ərzində razılaşdırıla bilər.
İyulun 10-da Vaşinqtonda ABŞ-nin Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş keçirilib. Görüş NATO75 Sammiti çərçivəsində baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin yekunlaşdırılması istiqamətində irəliləyiş əldə olunub.
2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib.
2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb.
Ondan sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam etdirilir.
Bu danışıqlarda həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir.