Meydan.Tv-nin səhifəsi qaytarıldı

Meydan.Tv-nin səhifəsi qaytarıldı

30-01-2018 02:22 / Bu xəbər 2525 dəfə oxundu

Səhifənin bütün paylaşımları silinib 

Azərbaycanın müstəqil və böyük media orqanlarından olan Meydan.Tv-nin yanvarın 29-da  Bakı vaxtilə səhər saat 10 radələrində haker hücumuna məruz qalan Feysbuk səhifəsi bərpa edilib. 

Arqument.Az xəbər verir ki, bu barədə media qurumun təsisçilərindən olan Həbib Müntəzir məlumat yayıb. 

O bildirib ki, hakerlər Meydan TV-nin bütün paylaşımlarını siliblər. haker hücumu nəticəsində səhifə 100 min izləyici itirib. 

Saytın əməkdaşları sosial şəbəkələrdə bildiriblər ki, artıq səhifədə yeni paylaşımlar edilir və Meydan.Tv əvvəlki yazıları da bərpa etməyə çalışır. 

Həbib Müntəzir isə saytda fəaliyyətini davam etdirdiyini qeyd edib: "Meydan Tv səhifəsi qayıtdı. Bütün paylaşımları siliblər, üstəlik 100.000 izləyicini də. Yenidən toparlanıb, qaldığımız yerdən davam edəcəyik. Azərbaycanda insanları məlumatlandırmaq, bacardığımız qədər həqiqətləri çatdırmaq vəzifəmizdir. Mən Meydandayam, sosial media meneceri kimi olmasam da".