Məzahir Pənahov seçkilərlə bağlı jurnalistlərə çağırış edib
08-08-2024 19:23 / Bu xəbər 750 dəfə oxundu
"Harada mənfi hal görsələr, MSK-nın müdaxiləsini gözləmək lazım deyil”
Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində 1030 nəfərin deputatlığa namizədliyinin qeydə alındığı bildirilir.
Bu barədə avqustun 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə deyib.
Məzahir Pənahov gözlənilən seçkilərdə milyonlarla insan iştirak etdiyindən xoşagəlməz hallardan heç kimin sığortalanmadığını vurğulayıb.
O, jurnalistlərin seçkini obyektiv işıqlandırmalı olduğunu bildirib: "Harada mənfi hal görsələr, MSK-nın addımını, müdaxiləsini gözləmək lazım deyil. Medianın vəzifəsi hər birimizdən yüksəkdir. Onlar qərəzli informasiya ötürmək istəyənləri qabaqlamalı, prosesi şəffaf təqdim etməlidirlər. Media subyektləri öz auditoriyasını genişləndirmək üçün sensasion ştrixlərdən istifadə etməməlidirlər. Seçkidə xoşagəlməz halın qeydə alınmasından heç kim narahat olmasın. Bundan sığortalanmaq mümkün deyil. Sadəcə, baş verən hadisəyə yerindəcə, düzgün qiymət vermək lazımdır”.
MSK sədri: "Bəzi dövlətlər, qurumlar hansısa bir ölkədə öz iddialarını həyata keçirmək istəyirlər”, – söyləsə də, hansı dövlət və təşkilatları nəzərdə tutduğunu konkretləşdirməyib: "İndi hansısa dövlətə təsir mexanizmi keçmişdəki kimi qoşun çəkməklə aparılmır”.
Avqustun 9-da seçkiqabağı təşviqat rəsmən başlayacaq.
MSK bildirib ki, avqustun 31-də saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
Parlament seçkiyə gedir
2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Sentyabrın 1-də keçiriləcək seçkiləri partiyalardan yalnız AXCP boykot edir.