Ümid verməyən gələcək

Ümid verməyən gələcək

22-07-2022 01:23 / Bu xəbər 970 dəfə oxundu

Mehman Əliyev
"Turan" İnformasiya Agentliyinin direktoru

İqtisadi azadlıq azad olmamaqdan yaxşıdır

İqtisadi azadlıq azad olmamaqdan yaxşıdırAzərbaycan Milli Mətbuat Günü – 22 iyul ərəfəsində Dövlət Statistika Komitəsi KİV-lərin 2021-ci il ərzində reklam gəlirlərini açıqlayıb.

2021-ci ildə bütün növ reklam məhsul və xidmətlərinin satışı üzrə gəlirlər 98,9 mln. manat (58,2 mln. dollar) təşkil edib, bu da əvvəlki illə müqayisədə 24,9% çoxdur.

Ümumilikdə kütləvi informasiya vasitələri 2021-ci il ərzində reklam yayımından 14,8 mln. manat (8,7 mln. dollar) əldə edib.

Ümumi reklam həcmində kütləvi medianın xüsusi çəkisi 15% təşkil edib. Bir halda ki, ABŞ-da ümumi reklam bazarında medianın payı 90%-dən çoxdur.

Azərbaycanda media reklamının böyük hissəsi teleradio şirkətlərinin payına düşüb. Onlar 13,3 mln. manat və ya 2020-ci ildəkindən 25,9% çox qazanıblar. Media reklamında televiziyanın payı 97%-ə çatıb, bir halda ki, məsələn, Fransada reklamın 70%-dən çoxu onlayn medianın payına düşüb. İnkişaf etmiş demokratiyalarda bu, bir tendensiyadır.

Müxtəlif bildirişlərdə, çap və audiovizual məhsullarda reklam gəlirləri ümumilikdə 1 mln. 323 min manat və ya 602 min dollar (+29,4%) təşkil edib. Bu strukturda onlayn KİV-lərin və çap KİV-lərinin ayrı-ayrılıqda nə qədər qazandığı məlum deyil. 

2019-cu ildən etibarən Dövlət Statistika Komitəsinin hesabatı elə hazırlanır ki, çap KİV-ləri, onlayn KİV-lər üzrə reklam həcmini müəyyən etmək çətindir. Televiziya və radio teleradio sütununda birləşdirilib, telekommunikasiya vasitələri isə poçt köçürmələri, yazılı bildirişlərlə dövri nəşr, çap məhsulları və audiovizual məhsullarla birləşdirilib.

Bu yanaşma hər bir KİV sahəsinin vəziyyətini təhlil etməyə imkan vermir. Dövlət Statistika Komitəsinin (DSK) hərəkətləri faktiki olaraq Azərbaycanın media reklam bazarının 23 ildən çoxdur sabit ağır olaraq qalan həqiqi vəziyyəti haqqında mənzərəni təhrif edir.

Reklam informasiyası istehsalçıları il ərzində 32 mln. manat (+5,7%), onun yerləşdirilməsi ilə məşğul olan şirkətlər 31,7 mln. manat (+2,5 dəfə) gəlir əldə ediblər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci il ərzində reklam sahəsində istehsal və digər fəaliyyətlərlə bağlı xərclər 87 mln. manat - əvvəlki illə müqayisədə 12,2% çox təşkil edib.

Media reklamın ÜDM-də rekord dərəcədə aşağı payı

2021-ci ildə Azərbaycanda ÜDM real qiymətlərlə 92,86 mlrd. manat (54,6 mlrd.  dollar) təşkil edib. ÜDM-də media reklamın payı 0,015% təşkil edib, beynəlxalq norma isə ÜDM-in 1%-dir. Məsələn, ABŞ-da bu göstərici ÜDM-in 1,7%-ni (media reklam 398 mlrd. dollar, ÜDM 22,996 trln.), Fransada 1%-ni (media reklam 29,3 mlrd., ÜDM 2937 mlrd.), Böyük Britaniyada 1%-ni (media reklam 35 mlrd., ÜDM 3187 mlrd.) təşkil edib.

Əsrin əvvəllərindən 2015-ci ilə qədər Azərbaycanın mediareklam bazarının ÜDM-ə nisbətdə həcmi, neft gəlirlərinin artması sayəsində ÜDM-in 10 dəfədən çox yüksəlməsinə baxmayaraq, stabil olaraq 0,1% civarında dəyişirdi. Sonradan aradakı fərq həddindən artıq artıb – bu nisbət 0,015% civarındadır. Bu nisbət media reklam bazarına dövlət nəzarətinin və dövlətin KİV-in iqtisadi azadlığı üçün şərait yaratmaq istəməməsinin önəmli sübutudur.

Əslində yerli media reklam bazarı 14,8 mln. manat deyil, 920 mln. manat təşkil etməli idi. Amma bu, dəqiq qeyri-mümkündür. Bu haqda aşağıda bəhs ediləcək.

Mediareklam bazarının tənəzzülünün səbəbləri

Azərbaycanda mediareklam bazarının həcminin ÜDM-ə nisbətində beynəlxalq normaya çatmaq bir sıra səbəblərdən – həm iqtisadi, həm də siyasi səbəblərdən qeyri-mümkündür.

Birincisi, informasiyanın idarə edilməsində və cəmiyyətin yanlış istiqamətləndirilməsində maraqlı olan hakimiyyət üçün böyük və azad reklam bazarına malik olmaq sərfəli deyil, belə ki, bu, ötən əsrin 90-cı illərində olduğu kimi, maliyyə, deməli həm də yaradıcılıq baxımından müstəqil KİV-lərin formalaşması təhlükəsi yaradır.

İkincisi, energetikadan asılı olan iqtisadiyyat reklamın beynəlxalq standartlara qədər inkişafını stimullaşdırmaq iqtidarında deyil. 2005-ci ildən 2021-ci ilə qədər ÜDM-də enerji resurslarının payı 67%-dən cəmi 37,8%-ə qədər azalıb və iqtisadiyyatın neftdən asılılığı yüksək olaraq qalmaqdadır. İxracat strukturunda enerji resurslarının payına 88% düşür. 

2021-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 26,419 mlrd. manat təşkil edib. Bunun 13,5 mlrd. manatını (8,2 mlrd. dollar) və ya 51,1%-ni neft sektoru təşkil edib. Bu məbləğin əsas hissəsini – 11,4 mlrd. manatını Azərbaycan Dövlət Neft Fondundan transfertlər təşkil edib. Bu, qeyri-neft sektorunda cəmləşmiş real reklamverənlərin potensialının az olmasından xəbər verir. Əsas reklam təchizatçısı - kiçik və orta biznes (KOB) ÜDM-də 10%-lik yer tutur. Hökumət 2030-cu ilə qədər iqtisadiyyatın inkişafı proqramını açıqlayıb.

KOB-un payını 35%-ə çatdırmağı vəd edib, amma indiyədək proqram qəbul edilməyib. Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə KOB-un payına 70%, bəzi ölkələrdə isə hətta 90% düşür. İnkişaf etmiş ölkələrdə məhz kiçik və orta biznes iqtisadiyyatın dayağı və reklamın hərəkətverici qüvvəsidir.

Üçüncüsü, avtoritar dövlət olaraq Azərbaycan azad iqtisadiyyatın, azad ticarətin və azad rəqabətin inkişafında maraqlı deyil, bu, obyektiv səbəblərdən rejim üçün təhdiddir. İqtisadi azadlıq mütləq şəxsiyyət azadlığına, söz azadlığına və nəhayət, siyasi azadlığa gətirib çıxaracaq. Təsadüfi deyil ki, Azərbaycanda KİV-lərin azadlığının boğulması onların iqtisadi əsaslarının, iqtisadi cəhətdən özünü təmin etmək imkanlarının məhv edilməsindən başlayıb.

Dördüncüsü, Azərbaycanın "boz” iqtisadiyyatı əksər potensial reklamverənləri maliyyə orqanlarının hədsiz diqqətini cəlb etməmək üçün öz bisnesini mümkün olduğu qədər gizli, yarımleqal vəziyyətdə aparmağa vadar edir.

Beşincisi, yuxarıda sadalanan səbəblərdən ölkədə reklam mədəniyyəti, demək olar ki, məhv edilib. Hətta reklama ehtiyacı olan biznes subyektləri belə onun gücündən xəbərsizdir və onu əlavə yük hesab edir.

KİV-in maliyyə cəhətdən asılılığı

Biz hökumətyönlü KİV-lərin leqal maliyyələşmə həcmini bilirik. Ötən il bu göstərici 58 mln. manat civarında idi, dövlət televiziyasının və ictimai TV-nin payına müvafiq olaraq 34 mln. və 17 mln. manat düşür. Amma hökumətyönlü KİV-lərin total üstünlüyünü, onların ştatlarını və qeyri-leqal əmək haqlarını nəzərə alaraq, on milyonlarla manat həcmində qeyri-leqal dotasiyalardan söhbət getdiyini demək olar.

2021-ci ildə dövlət büdcəsindən KİV-in maliyyələşdirilməsi (manatla AZN)

 

2022-ci ildə dövlət büdcəsindən KİV-in maliyyələşdirilməsi (manatla AZN)


Qeyd. 2022-ci il üçün dövlət büdcəsində Medianın İnkişafı Agentliyi ayrıca göstərilməyib. O, ümumilikdə 53 mln. manat ayrılan publik hüquqi şəxslər qrupuna (mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və digər fəaliyyət növləri) daxildir. Kimə nə qədər düşəcəyi məlum deyil.

Ümid verməyən gələcək

KİV-in 2022-2023-cü təqvim ili (22.07.2022-22.07.2023) Azərbaycanda söz azadlığının inkişafı üçün yaxşı heç nə vəd etmir. Mahiyyətcə mürtəce olan "Media haqqında" Qanunun və onun müddəalarının qəbulu prosesi hakimiyyətin KİV üzərində və təkcə mətbuat deyil, bütün informasiya cəmiyyəti üzərində dövlət nəzarətini gücləndirmək səylərinin əyani təsdiqidir. 

Dövlətin media məkanı üzərindəki kölgəsini genişləndirən qanun ifadə azadlığının dövlət tərəfindən tənzimlənməsi üçün geniş imkanlar açır, dövlətin müdaxiləsi – qeydiyyat, lisenziyalaşdırma, nəzarət, cəza tədbirləri ilə medianın iqtisadi azadlığını daha da məhdudlaşdırır.