““Millətimiz pisdir!” Niyə?!” - II yazı
18-09-2024 14:56 / Bu xəbər 1730 dəfə oxundu
Çingiz Sultansoy
II hissə
Ən başlıcası isə aşağıdakıdır:
DOLAYI ETNOSİD
Dolayı etnosid – aborigenlərdə kollektiv natamamlıq kompleksi yaratmaq, etnik (milli) xəcalət, öz etnik qrupuna (xalqına) mənsubiyyətdən utanmaq və peşimançılıq hissləri aşılamaq məqsədi güdür.
Bu cür psixoloji məhdudiyyətlər nəticədə həyat qabiliyyətinin zəifləməsinə gətirib çıxarır.
Son məqsəd - həmin etnik qrupun hakim xalqın tərkibində assimilyasiya edilməsi, əridilməsidir.
Əziz oxucum! Uzaq Latın Amerikasında zavallı hinduların başına gətirilən bu müsibətlərlə bizim başımıza gətirilənlər arasında qorxunc oxşarlığı görürsənmi?!. Bu qorxunc, bu dəhşətli oxşarlıq sənin ürəyini didib-dağıdan sualların cavabını verirmi, indiyəcən sirrli qalan bir çox həqiqəti aşkarlayırmı?
İndi başa düşdünmü, niyə biz millətimizə pis deyirik, özümüz-özümüzü bəyənmirik, bir-birimizin ətini yeməyə hazırıq? İndi anladınmı, niyə tarix boyu cəsarət, şücaət və qəhrəmanlıq rəmzi olan türklərin Azərbaycan qolu özlərini qorxaq, namərd, əliəyri sanır və olur?
İndi bildinmi, niyə dünya dünya poeziyasına Nizami və Füzuli, Nəsimi və Mirzə Şəfi Vazehi, musiqisinə Üzeyir Hacıbəyov, Qara Qarayev və Vaqif Mustafazadəni, rənggarlığına Kəmaləddin Behzad və Sultan Məhəmmədi, astronomiya və riyaziyyatına Nəsirəddin Tusini, memarlığına Məhəmməd Əli, Əsir Əli və Əbubəkr Əcəmini, fəlsəfəsinə Fəzlüllah Nəimi və Seyid Yəhya Bakuvini, inqilabçılığına Səttarxanı, hərbinə və dövlət quruculuğuna Ağqoyunlu Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah Əfşar və Məmməd Əmin Rəsulzadəni, partizan hərəkatına Babək və Mehdi Hüseynzadəni, diplomatiyasına Şirvanşah İbrahim və Sara Xatun kimi görkəmli şəxsiyyətlər bəxş edən xalq indi keyfiyyətli avtomat düzəldəcəyinə və torpağını erməni təcavüzündən müdafiə edəcəyinə şübhə edir?
İndi bildinmi, niyə İqor Belyayev «Literaturnaya qazeta»nın səhifələrində «Azərbaycanlı olmaq ayıb deyil» deyə kinayə edir?
Mosoni Venesuelada hindu tayfalarına qarşı dolayı etnosidin hansı üsullarla həyata keçirildiyini göstərmir, daha doğrusu, bu üsullar istinad olunan mənbədə - «Ежегодный сборник «Расы и народы», Институт этнографии АН СССР, № 14, 1984» göstərilməmişdir. Əslində bu üsulların çeşidlərini, təsnifatını SSRİ-də dərc olunan açıq mənbələrdə axtarmağın mənası yoxdur. Çox güman ki, bu sayaq üsullar üzərində keçmiş SSRİ Müdafiə Nazirliyinin və ya Dövlət Təhlükəsizliyi Komitəsinin (КГБ) məxfi institutları işləyib. Ancaq elə məlum olan faktlar, hələlik sübutu olmasa da, təkzibolunmaz mühakimə yürütməyə əsas verir:
Azərbaycan xalqına qarşı «dolayı etnosid» adlandırılan əməliyyat aparılıb və çox ehtimal, SSRİ dağılandan sonra da aparılır. Hər halda, gətirdiyim misal bu istiqamətdə informasion tədbirlərin aparıldığına şübhə qoymur.
2002-ci ilin əlavəsi
Belə informasion tədbirlətin indiyəcən həyata keçirilməsinə daha bir əyani misal: cəmi iki-üç il öncə, Çeçen müharibəsi vaxtı Rusiya telekanallarından biri çeçen gəncinin müsahibəsini göstərdi.
Cəbhədə vuruşan və ya hələ vuruşmaq istəyən, dəqiq yadımda deyil, gənc verilən suala cavablayaraq ötkəmliklə demişdi: "Vuruşmalıyam, vuruşmaya bilmərəm. Mən Azərbaycanlı deyiləm ki?!."
Yaralı yerimizə toxunan bu həqarətli sözlərin çeçen gəncinin ürəyindən gəldiyinə və tapşırıq almış rusiya media müxbiri tərəfindən xüsusi dedirdilmədiyinə yalnız sadəlövh, danışdığımız mətləbdən xəbərsiz adamlarlar inanar.
Bəs düşdüyümüz bu vəziyyətdən necə çıxmalı? Milli natamamlıq kompleksindən qurtulumağın, sağalmağın yolunu necə tapaq?
МNК-nın aradan qaldırılmasının birinci mərhələsi
Bu, hər hansı adi, məişət natamamlıq kompleksinin müalicəsində olduğu kimi, əvvəlcə natamamlıq kompleksini doğuran amillərin aradan qaldırılmasından ibarətdir.
Doğrudan da, «İlan vuran ala çatıdan qorxar» atalar sözüylə təsvir edilən «ilan kompleksi» olan adamı ala çatı qorxusundan qutarmaq üçün ən əvvəl onu NK doğuran amildən - ilanlardan və ilan çalmaq təhlükəsindən uzaqlaşdırmaq lazımdır. Təbii ki, «ilan kompleksi» olan adamı təkrar-təkrar ilan çalsa, onun ala çatı qorxusu çətin ki yox ola, əksinə, güclənəcək. Başqa bir misal, «Ağzı elə yanıb ki, suyu üfürə-üfürə içir» məsəliylə təsvir olunan adamın suyu üfürə-üfürə içmək vərdişini tərgitməsi, başqa sözlə, «isti çay» və ya «qaynar su” kompleksindən sağalması üçün həmin adamın ağzını yenə qəfil yandırması ehtimalını heçə endirmək lazımdır.
Deməli, milli natamamlıq kompleksinin müalicəsi, ən əvvəl, MNK-nı doğuran amillərin aradan qaldırılmasından ibarətdir. Bəs sadalanan bir çətən amili – açıq və gizli tədbirləri aradan qaldırmaq mümkündürmü? Məsələ orasındadır ki, bu səbəblərin bir qismi artıq aradan qalxıb, qalanı qalxmaq üzrədir.
ARADAN QALXAN VƏ QALXMAQDA OLAN, GÜCÜNÜ İTİRƏN SƏBƏBLƏR VƏ TƏDBİRLƏR
OBYEKTİV SƏBƏBLƏR
1. Oyuncaq Azərbaycan SSR dağılıb, azad və demokratik Azərbacan Respublikası qurulması uğrunda fəal, uğurlu mübarizə gedir.
2. Şərq və qərb mədəniyyətləri arasında marjinal mövqenin mənfi təsiri kommuniust rejiminin, ideologiyasının dağılması ilə əhəmiyyətli dərəcədə azalır.
3. Azərbaycan xalqının əxlaqına, adət-ənənələrinə zidd olan quruluş, həyat tərzi, ideologiya, qanunçuluq dağılıb gedir.
SUBYEKTİV SƏBƏBLƏR
1. Kommunist rejimi dağılıb, indiki postkommunist rejiminin millətə zidd siyasətinin bir çox amilləri əhəmiyyətli dərəcədə zəifləyib.
2. Rusiyanın ayrı-seçkilik siyasəti davam edir, lakin gizli daxili siyasət kateqoriyasından açıq xarici siyasət kateqoriyasına keçmişdir, qərəzli olması aydın görünür və dərk edilir. Nəticədə Azərbaycana vurulan siyasi, iqtisadi, maddi zərər azalmasa da azərbaycanlı şüuruna, psixologiyasına mənfi təsiri çox azalmışdır.
3. Cənubi Azərbaycan mövzularına, mədəniyyətimizin türk və islam mədəniyyətləri kontekstində öyrənilməsinə yasaqlar götürülüb, bu istiqamətdə tədqiqatlar aparılır və güclü təbliğat gedir. Maarifçilik və təbliğatda tək demokratik qüvvələr deyil, artıq post kommunist mətbuat, radio və TV də iştirak edir. Azərbaycanlılara sırınmış "kiçik xalq” rolunun həqiqətə uyğun olmadığını xalqın əksəriyyəti dərk edir, ona görə bu rol ilə təhtəlşüurda, psixologiyada və s. yaşayan böyük xalq anlamı arasında ziddiyyətlər yumşalıb, kiçilməyə və yox olmağa doğru meyl edir.
4. Azərbaycan ədəbiyyatında və ictimai fikrində pozulan təbii tarazlıq yasaqların götürülməsi nəticəsində bərpa olunur, vəziyyət normallaşmağa doğru gedir.
5. Ermənilərin siyasətdə, dövlət idarəçiliyi, kinematoqrafiya, jurnalistika və b. sahələrdə bizdən artıq qazandığı uğurların əsl səbəbləri (ayrıseçkili rus siyasətinin nəticəsi kimi) və deməli mütləq yox, nisbi mahiyyəti çoxlarına aydın olub. İndi bu uğurlar ermənilərin bizdən ağıllı, qabiliyyətli olmasının nəticəsi kimi qəbul edilmir. (Ermənilərin idman uğurlarının səbəblərinin araşdırılması ayrıca söhbətin mövzusudur).
Milli özünüdərkin aşınmasını, MNK -nı doğuran tədbirlər də gücünü gözgörəsi itirir.
AŞKAR TƏDBİRLƏR
1. "Türk” adına yasaq götürülüb. Bu ad dövlət səviyyəsində bərpa olunmasa da, Azərbaycan türkləri içərisində, cüzi istisnalarla, hamıya məlumdur və iftixar mənbəyidir.
2. Tarixin saxtalaşdırılmış və "ağ” səhifələri demokratik mətbuatın səyi ilə aradan qaldırılır. Son zamanlar bu işə hətta postkommunist rəsmi mətbuat, radio və TV da qoşulub.
3. Bu bənd "subyektiv səbəb”lərin 1-ci və 4-cü bəndləri ilə sıx bağlıdır. Mədəniyyətdə, ədəbiyyatda, publisistikada gedən proseslər normal vəziyyətə doğru aparır. Lakin MNK doğuran tədbirlərin, məsələn, irsi əlaqələri qırmış repressiyaların izi hələ uzun zaman bilinəcək.
4. Latın əlifbasına qayıdış dövlət səviyyəsində həll olunub, əlifba islahatı üçün müəyyən addımlar atılıb.
5. Azərbaycan dilinin dövlət dili statusu kağızda yox, real qəbul edilib. Azərbaycanlılar arasında uşaqlarına rusdilli təhsil vermək meyli zəifləyib, Azərbaycan dilində təhsil almaq meyli xeyli güclənib. Rusdillu təhsil məktəblərində, əhali arasında Azərbaycan dilini öyrənməyə maraq artıb, lakin dərsliklər və proqramlar zamanın tələbindən çox geri qalır.
6. Xarici mətbuatda, xüsusən rus mətbuatında Azərbaycandakı "islam fundamentalizmi” haqqında ittihamlarla yanaşı, obyektiv materiallar da dərc olunur. Azərbaycanın özündə İslam dininə heç bir yasaq yoxdur.
Ardı var