Miqrantların Saxlanılması Mərkəzində 40 miqrant saxlanılır

Miqrantların Saxlanılması Mərkəzində 40 miqrant saxlanılır

13-12-2023 13:06 / Bu xəbər 1093 dəfə oxundu

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatı Dövlət Miqrasiya Xidmətinin Bakı şəhərində yerəşən Qanunsuz Miqrantların Saxlanılma Mərkəzində başçəkmə həyata keçirib. 

Bu barədə təşkilat açıqlama yayıb.

Bildirilir ki, 11 dekabr 2023-cü il tarixdə ”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatının sədr müavinləri Nasir Əliyev və Şakir Həşimov tərəfindən Dövlət Miqrasiya Xidmətinin Bakı şəhərində yerləşən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində başçəkmə həyata keçirilib. 

Başçəkmə BMT-nin "İşgəncələr və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan və ya cəza əleyhinə Konvensiya”sının və daxili qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilib. 

Məlumata görə, başçəkmənin həyata keçirilməsində məqsəd Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində əcnəbilər üçün yaradılan şərait və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, məcburi və könüllü qaydada saxlanılan şəxslərin hüquqlarının təmin olunması, sənədləşmənin aparılması və öyrənilməsi olub.

Mərkəzin sədr müavinləri DMX-nin Qanunsuz Miqrantların Saxlanma Mərkəzində yataqxana korpuslarına, yaşayış və tibb otaqlarına, müsahibə yerlərinə, kitabxanaya, ana-uşaq guşəsinə, idman meydançasına, yeməkxanaya, ərzaq anbarına, baş çəkiblər və qida rasionu ilə maraqlanıblar.

Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində 40 miqrant saxlanılır. 

Onlardan  2-si ailə, 4-ü azyaşlı olmaqla, əsasən Pakistan və Nigeriya vətəndaşlarından ibarətdir.

Qanunsuz miqrantlar normaya uyğun olaraq gündə 3 dəfə isti yeməklə təmin edilirlər. 

Qış fəslində həftədə 1 dəfə, yay fəslində 2 dəfə hamamla təmin edlirlər, hər həftə yataq dəstləri dəyişdirilir. 

Miqrantların ailələri ilə video görüntülü zənglə əlaqə saxlamaları üçün hər şərait yaradılıb və onlar gündəlik mətbuatı izləmək üçün qəzet və jurnallarla təmin olunurlar. 

Başçəkmə zamanı rəftar və davranış məsələlərinin araşdırılması ilə bağlı müəssisədə saxlanılan 20 miqrantlarla konfidensial qaydada görüş keçirilib və onlar saxlanma şəraitindən, o cümlədən pis rəftarla bağlı şikayət etməyiblər. 

Başçəkmə zamanı hər hansı bir nöqsan və qanun pozuntusu aşkar edilməyib. 

Yekunda DMX Miqrantların Qanunsuz Saxlanma Mərkəzin rəhbərliyi və məsul əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi işi ilə bağlı fikir mübadiləsi aparılıb.