Mirşahin Ağayevin qardaşı yenə dələduzluq ittihamı ilə müttəhimlər kürsüsündə
31-10-2024 12:51 / Bu xəbər 583 dəfə oxundu
O, Gülüstan Dadaşovaya qarşı dələduzluqda ittiham olunur
"Real TV”-nin rəhbəri Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayev yaxın günlərdə təqsirləndirilən şəxs statusunda yenidən məhkəmə qarşısına çıxarılacaq.
O, əvvəlki kimi, bu dəfə də dələduzluq ittihamıyla müttəhimlər kürsüsündə əyləşəcək.
İxtisasca həkim olan Mirəddin Ağayev bir neçə il öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 nəfərə qarşı 86 min manatlıq dələduzluq ittihamı ilə 3 il azadlıqdan məhrum edilmişdi.
O, müxtəlif adamları polisə, "ASAN Xidmət”ə və s. yerlərə işə düzəltmək adı ilə aldadıb, onların pullarını ələ keçirməkdə təqsirli bilinib.
Məhkəmədə ifadə verən zərərçəkənlər, o cümlədən Məmmədmirzə Tağıyev dindirilərkən bildirmişdi ki, Mirəddin Ağayev qardaşı Mirşahin Ağayevin adından da istifadə edirdi, onun yaxşı əlaqələrinin olduğunu deyirdi: "Pulları da qardaşının adından istifadə edib aldı. Məndən 10 min aldı…”.
Bu dəfə isə Mirəddin Ağayev Nəsimi Rayon Məhkəməsində mühakimə edilir.
O, Gülüstan Dadaşovaya qarşı dələduzluqda ittiham olunur.
Mirəddin Ağayevə qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Bu maddənin sanksiyasında 4 min manatdan 7 min manatadək cərimə və ya 3 ilədək azadlığın məhdudlaşdırılması, yaxud da 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub(Meydan TV).