Mirvari Qəhrəmanlı: "İstehsalatda baş verən ölümlərin günahı birmənalı olaraq işəgötürəndədir"

Mirvari Qəhrəmanlı:

05-06-2024 15:27 / Bu xəbər 740 dəfə oxundu

"Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda həlak olan 5 nəfərə görə hələ heç kim saxlanılmayıb

İyunun 3-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda 5 işçi iş vaxtı həlak olub.

 İlkin rəsmi açıqlamalarda qeyd olunub ki, onlar qaz sızması nəticəsində zəhərləniblər. Hadisə zamanı daha 2 nəfər zəhərlənib, onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisənin hansı şəraitdə baş verməsilə bağlı isə ətraflı məlumat verilmir.

İşçi hüquqları müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, hələ dəqiq bir şey demək olmaz, ancaq qaynaq aparatının oksigen balonu partlaya bilər.

"İçəridə nə cür sızma olub ki, bu, hiss olunmayıb? Bu, artıq cinayət işidir.

Dəfələrlə tənqid etmişik ki, Əmək Məcəlləsində işçilərlə bağlı olan tələblər yerinə yetirilmir. Yəni, işəgötürən işçilər üçün normal şərait yaratmır. İllərdir bu sahədə olan adam kimi deyirəm ki, əgər işçi iş yerində, iş başında ölürsə, burada birmənalı olaraq işəgötütən günahkardır. Çünki bizim ölkənin qanunları və qərarları tələb edir ki, işəgötürən işçi üçün normal iş şəraiti yaratmalıdır.

Ancaq keçmiş təcrübələr göstərir ki, bu dəfə də heç kim cəzalandırılmayacaq. Bu vaxta qədər baş verən bu cür hallarla bağlı bir nəfər də olsun işəgötürən məsuliyyət daşımayıb", - Mirvari Qəhrəmanlı bildirib.

Baş Prokurorluqda iş üzrə araşdırma aparılsa da, hələlik heç bir saxlanılan şəxs yoxdur.