Monopolist deputatın çıxışı etiraza səbəb oldu: "Xüsusi layihə hazırlanır"

Monopolist deputatın çıxışı etiraza səbəb oldu:

11-04-2023 12:08 / Bu xəbər 1031 dəfə oxundu

Vahid Əhmədov: "Dərmanların baha olması ciddi problemlərdən biridir”
 
"Bizdə belə bir məlumat var idi ki, hökumət dərman vasitələrinin qiymətləri ilə əlaqəli xüsusi layihə hazırlayır. Lakin uzun müddət keçməsinə baxmayaraq həmin layihə barədə hələ də heç bir məlumat yoxdur. Çünki dərmanların qiymətlərinin baha olması ciddi problemlərdən biridir".

Bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin aprelin 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputat həmkarının dediklərinə cavab olaraq bildirib ki, tək dərmanların qiyməti yox, eləcə də keyfiyyəti, əlçatanlığı və bu sahədə olan digər problemlərlə bağlı Səhiyyə Nazirliyi və hökumət birlikdə sənəd üzərində iş aparır:

"Sənədin hazırlanması ilə bağlı işlər artıq başa çatmaq üzrədir. Güman edirəm ki, yaxın vaxtlarda belə sənədi görəcəyik. Bununla da dərman vasitələri ilə bağlı mövcud olan problemlərin həlli nəzərdə tutulur”.

Deputat Qənirə Paşayeva deyib ki, Azərbaycana dərman vasitələrinin idxal prosedurunun sadələşdirilməsinə ehtiyac var.

O bildirib ki, bu sahədə inhisarçılığa son qoyulmalıdır.

Milli Məclisin Səhiyyə komitəsinin bir neçə gün öncə keçirilən iclasında deputat Kəmaləddin Qafarovun "Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur” fikri ilə bağlı müzakirələr davam edir.

Azərbaycanda dərman monopoliyanın əsas fiqurları kimi isə deputat Cavanşir Feyziyev və həmkarı Kəmaləddin Qafarovun adı daha çox hallanıb, çünki hər ikisi faktiki dərman monopolisti kimi tanınır. 

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da Kəmaləddin Qafarovun çıxışını tənqid edib.
 
O deyib ki, deputat Kəmaləddin Qafarov dərmanların Azərbaycanda Türkiyədən daha ucuz olduğunu deməklə, əlbəttə, kökündən səhv edir: "O, əhalini aldadır. Çünki özü fəal dərman biznesi ilə məşğul olur".

Onun sözlərinə görə, Azərbaycanda dərmanlar bir çox ölkələrdən dəfələrlə bahadır, keyfiyyəti də aşağıdır, çünki insanların xəstəliyinə təsir etmir: "İnsanlar apteklərdə növbədədirlər. Səbəbi nədir? Birincisi, insanlar ciddi xəstədirlər, görünür, bu, qidadan da qaynaqlanır. İkincisi, dərmanlar keyfiyyətsizdir”. 

Günel 
Arqument.az