İlham Əliyev: “Ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi Vardanyanla yox…”

İlham Əliyev: “Ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi Vardanyanla yox…”

17-11-2022 17:49 / Bu xəbər 902 dəfə oxundu

"Bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır”

"Biz məlum beş prinsipdən ibarət sülh və bir növ çərçivəni təklif etdik. Məhz biz delimitasiya komissiyasını yaratmağı təklif etdik. Məhz biz münasibətlərin normallaşdırılması üçün əsasları müəyyən etməyə çalışdıq. Ermənistan bu prosesin ilkin mərhələsində çox tərəddüd edirdi. İndi isə onlar sülh haqqında danışırlar, lakin biz onların anlamında sülhün nə olduğunu anlamırıq”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirib.

Dövlət başçısı deyib ki, iki yol olmalıdır: Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması prosesi və həmçinin hüquqlar və təhlükəsizlik baxımından Azərbaycanda, Qarabağda erməni azlığına aid məsələlər: "Elə dünən ABŞ dövlət katibi Blinkenlə bu haqda bir daha danışdıq. Biz tam anlayırıq ki, iki yol olmalıdır və onlar bir-birinə qarışmalı deyil. Lakin Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu, bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə olduğunu anlayırıq. Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq və mümkün deyil. Biz buna razılıq verməyəcəyik. Buna görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır. Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır”.

İlham Əliyev Ermənistan rəhbərliyinin səmimi olmadığını söyləyib: "Biz də sülh arzulayırdıq, lakin torpaqlarımızı geri istəyirdik. Onlar isə torpaqları geri qaytarmadan sülh istəyirdilər. Fərq bunda idi”.

"Beləliklə, biz münaqişəni güc yolu ilə, daha sonra isə siyasi vasitələrlə həll etməli olduq. Mən bu gün onların sülh haqqında danışmasını bir növ manipulyasiya hesab edirəm. Çünki onlar həqiqətən sülh arzulayırdılarsa, bizim təklifimizə cavab verərdilər. Müharibə başa çatdıqdan dərhal sonra sülh sazişi üzərində danışıqlara başlamağı təklif edən biz olmuşuq. Bu dünya tarixində nadir hallardandır ki, ərazisi uzun illərdir işğal altında olan, ədaləti güc yolu ilə bərpa edən, düşməni məğlub edərək torpağından qovan ölkə sülh təklif etsin. Biz Ermənistan tərəfindən ərazilərimizin dağıdılması və viran qoyulması, azərbaycanlıların əzab-əziyyət çəkməsinə baxmayaraq, sülh təklif etdik”, – İlham Əliyev vurğulayıb.

"Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur. Artıq söylədiyim kimi, Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında, yəni, Azərbaycanın bu işdə yardımçı ola bilən hesab etdiyi həmin ölkələr və qurum arasında konsensus olmalıdır”, – deyə Əliyev bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 16-da parlamentdə hökumət saatında bildirib ki, Ermənistanın Azərbaycanla münasibətləri Qarabağ məsələsindən ayırmağa razılaşması heç də Yerevanın Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqlarından imtinası anlamına gəlmir: "Bu problemi həll ediriksə, əlbəttə, Ermənistan Azərbaycanla ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında çərçivə sülh sazişini imzalamağa hazırdır”.

Nikol Paşinyan Yerevanın status deyil, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təminatı məsələsi irəli sürməsinin səbəbini Rusiyanın mövqeyini qəbul etməsilə əlaqələndirib.