Müsavat bələdiyyə seçkilərinə görə hakimiyyətdən izahat tələb edir
05-11-2024 01:26 / Bu xəbər 414 dəfə oxundu
Müsavat Partiyası Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçirilməsi barədə bu günə qədər qərarın verilməməsini ciddi qanun pozuntusu kimi qiymətləndirib.
Bu barədə noyabrın 4-də Müsavat Partiyasının Divanında qərar qəbul olunub.
İclasda qeyd olunub ki, mövcud bələdiyyələrin səlahiyyətləri bu ilin dekabr ayının 23-də başa çatır.
Seçki Məcəlləsinə əsasən növbəti bələdiyyə seçkiləri ən geci oktyabr ayının 24-dək təyin edilməli idi.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, Müsavat Partiyası Azərbaycan hakimiyyətindən qanunlara əməl olunmasını, vətəndaşların seçki hüququnun kobud şəkildə pozulması ilə bağlı izahat verilməsini tələb edib.
Müsavat Partiyası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi ilə bağlı Çərçivə Konvensiyasına üzv olan ölkələrin illik iqlim konfransının (COP29)
Azərbaycanda keçirilməsini dünyada və ölkədə mövcud olan ekoloji problemlərin həllində irəliləyişə nail olmaq üçün bir şans kimi kimi qiymətləndirib.
Eyni zamanda təəssüflə qeyd edib ki, bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi indiki məqamda ölkədə ekologiya fəalları da daxil olmaqla, cəzaçəkmə müəssisələrində çoxlu sayda siyasi məhbus var.
Yerli hüquq-müdafiə təşkilatları onların sayının 300-dən artıq olduğunu bildirir.
Müsavat Partiyası günahsız insanların həbs və təqib olunmalarını yolverilməz sayır, Azərbaycan hakimiyyətindən həm də dövlətin maraqlarını nəzərə alaraq COP29 ərəfəsində bütün siyasi məhbusların azad olunmasını tələb edir.
Moldovada və Gürcüstanda keçirilən seçkilər mövzusunda fikir mübadiləsi aparılıb.
Moldovada Avropaya İnteqrasiya tərəfdarlarının qələbəsi müsbət hal kimi qiymətləndirilib.
Bununla yanaşı, bildirilib ki, noyabrın 4-də Bakı Apelyasiya Məhkəməsi Müsavat rəhbərliyinin "Qafqazinfo” saytının partiyaya böhtan atması ilə bağlı apelyasiya şikayətini təmin etməyib.
Saytın rəhbərliyi bu dəfə də məhkəmə prosesinə qatılmayıb. Bununla da yazdıqları ittihamların əsassız olduğunu etiraf etmiş olublar.
Açıqlamada bildirilir ki, məhkəmə orqanları Müsavat rəhbərliyinin şikayətini təmin etməməklə bu böhtanların arxasında hakimiyyətin durduğunu təsdiqləyib.