Müsavat Narışkinin bəyanatını Azərbaycanın daxili işlərinə müdaxilə sayır
08-10-2024 01:04 / Bu xəbər 584 dəfə oxundu
Oktyabrın 70də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətinin məlumatına görə, iclasda Müsavat sədri İsa Qəmbərin və məclis sədri Arif Hacılının Portuqaliyanın Lissabon şəhərində Avropa Liberal Demokrat Partiyasının (ALDE) konqresində iştirakı və keçirilən görüşlər yüsək qiymətləndirilib.
Daha sonra ölkədəki ictimai siyasi vəziyyət müzakirə olunub.
Siyasi mühacir Vidadi İsgəndərlinın Fransada qətlə yetirilməsinin cəmiyyətdə ciddi narahatlıq doğurduğu bildirilib, Fransanın müvafiq qurumlarına qətlin obyektiv araşdırılaraq cinayətkarların tapılmasına çağırış edilib.
Müsavat Partiyası Divanının üzvləri sabiq deputat Nazim Bəydəmirlinin əsassız olaraq 8 il azadlıqdan məhrum edilməsini pisləyiblər. Eyni zamanda, İstintaq Təcridxanasında gənc fəal və jurnalist Ülvi Həsənliyə təzyiq göstərilməsi tənqid edilib.
Müsavat Həsənli və "Abzas Media"ya qarşı cinayət işinin digər fiqurantlarının, "Toplum TV"nin əməkdaşlarının və digər jurnalistlərin ilkin həbs müddətinin uzadılmasını tənqid edib.
Bir qrup ABŞ konqresmeninin Entoni Blinkenə müraciəti və Azərbaycan parlamentinin buna reaksiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, konqresmenlərin müraciətində Azərbaycanda siyasi məhbuslarla bağlı müddəa əsaslı olsa da, Ermənistan-Azərbaycan münasibətləri haqda bəzi əsassız iddialar yer alıb.
Rusiya Xarici Kəşviyyat Xidmətinin direktoru Sergey Narışkinin Bakıya rəsmi səfəri çərçivəsində, onun bir sıra iddiaları, o cümlədən "sistemdənkənar müxalifətə" qarşı Rusiya və Azərbaycan hakimiyyətlərinin birgə mübarizə aparacağı barədə açıqlaması Müsavatın qəzəbinə səbəb olub.
Bu iddia Azərbaycanın daxili işlərinə qanunsuz müdaxilə kimi qiymətləndirilib.
Müsavat Azərbaycan hakimiyyətindən ölkədə siyasi məhbusları azad etməyi və insan haqlarının təmin olunması ilə bağlı öhdəliklərə əməl olunmasını tələb edir.
Müsavat həmçinin Azərbaycana qarşı əsassız ittihamlara rəvac verməmək üçün regionda normallaşma prosesini və Ermənistanla sülh sazişinin imzalanmasını sürətləndirməyə çağırır.
Divan Müstəqilliyin Bərpası Günündə - oktyabrın 18-də saat 12:00-da milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin məzarının ziyarət edilməsi barədə qərar qəbul edib.